Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu məktəblərin tikintisini davam etdirir


ŞƏKİ

Şəki Şəhər Təhsil Şöbəsindən bildirmişlər ki, Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının ikinci mərhələsi çərçivəsində bu il Şəki şəhərində hər biri 240 yerlik 3 yeni məktəb binası tikiləcəkdir.

Hazırda 1000 nəfərdən çox şagirdin təhsil aldığı şəhər 10 nömrəli orta məktəbi üçün 240 yerlik tədris korpusunun tikintisi sürətlə davam etdirilir. Müasir standartlara uyğun inşa edilən üçmərtəbəli yeni tədris korpusunda 12 sinif otağı, habelə emalatxana, yeməkxana və kompyuter otaqları olacaq, bina istilik sistemi ilə təchiz ediləcəkdir.

Yeni tədris korpusunun tikintisinin avqustun 10-dək başa çatdırılması nəzərdə tutulmuşdur.

ŞƏMKİR

Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramının 2-ci mərhələsi çərçivəsində bu il Şəmkir rayonunda Zəyəm-Cırdaxan 2 nömrəli orta məktəbi üçün 240 şagird yeri olan yeni bina tikiləcəkdir.

Ötən il proqram çərçivəsində rayonun Füzuli qəsəbə, Tatarlı kənd orta məktəbləri üçün 240, Plankənd 2 nömrəli və Mehrili kənd orta məktəbləri üçün isə 100 şagird yeri olan binalar inşa olunmuşdur.


Xalq qəzeti.- 2006.- 4 iyul .- № 146.- S. 5.