Heydər Əliyev Fondu hesabına regionlarda məktəb binaları tikintisi sürətlə davam edir
SƏLYAN
Ümummilli liderimiz Heydər Əliyev Fondunun hesabına Salyan rayonunun Pambıqkənd və Peyk kəndlərində yeni məktəb binaları inşa olunur.
Pambıqkənd və Peyk kəndlərindəki orta məktəblər keçən əsrin 20-30-cu illərində tikilmiş kolxoz idarə heyətinin inzibati binasında və yaşayış evlərində yerləşirdi. İstismar müddəti çoxdan başa çatmış bu binalar uçub-dağılmış, yararsız hala düşmüşdü. Kənd camaatının arzusunu nəzərə alaraq Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu kəndlərdə yeni məktəb binasının tikilməsini ön plana çəkmişdir. İndi hər iki kənddə ucaldılan yeni məktəbin tikintisində son tamamlama İşləri görülür. Müasir tipli məktəbin işıqlı, geniş sinif otaqları, idman zalı, istilik sistemi var. Təhsil müəssisələri Heydər Əliyev Fondunun hesabına yeni yazı lövhələri, partalar, kompüter dəsti və digər lazımi avadanlıqla təchiz olunacaqdır.
ŞAMUX
Füzuli kəndi Samuxun ən iri, ən qədim yaşayış məntəqələrindən biridir. Buradakı orta məktəbin də tarixi böyükdür. Bu yerlərin ilk təhsil ocaqlarından biri sayılır. Di gəl ki, şəraiti çox pis idi, uyğunlaşdırılmamış binada, yöndəmsiz otaqlarda yerləşirdi. Yalnız bu günlərdə kənd məktəbinin həyatında yeni səhifə açılır. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun hesabına yaşıllıqlar qoynunda müasir quruluşlu məktəb binası tikilir. Bu xeyirxah iş "Şəms-95" İnşaat firmasına həvalə olunub.
Burada tikinti işləri ilə maraqlandıq. İş icraçısı Asif İsmayılov deyir ki, 200 yerlik məktəb üçün 14 otaq tikilir. İkinövbəli iş təşkil olunub. İyirmidən artıq usta, fəhlə çalışır. Bənna Polad Əsgərov, betonçu Habil Aslanov, suvaqçı Fariz Əsədullayev, qaynaqçı Yasin Məmmədov, fəhlələrdən Razi Əliyev, Aftandil Verdiyev və başqaları xüsusi həvəslə işləyirlər. Kifayət qədər material gətirilib. Hər iş qabaqcadan tərtib olunmuş cədvəl üzrə gedir. Binanın üstü qırmızı kirəmitlə örtüləcək. İstilik problemi də həll olunur, hər otaqda məxsusi divar sobası düzəldilir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsinə uyğun olaraq Alıuşağı kəndində və Qarayeri qəsəbəsində də yeni məktəb binaları ucaldılır.
Rayon təhsil şöbəsinin müdiri Hidayət Əhmədov deyir ki, Heydər Əliyev Fondunun hesabına tikilən obyektlərdən əlavə - Yenikənd məktəbinin binası yenidən qurulur. Bir neçə məktəbdə də daxili imkanlar hesabına təmir, bərpa işləri görülür. Ən fərəhli cəhət budur ki, fondun hesabına tikilən hər üç məktəb müasir tədris avadanlığı ilə təmin olunacaqdır. Digər məktəblər üçün isə təqribən min ədəd stol, stul, habelə yüzə qədər yazı lövhəsi alınıb, Birinci - onbirinci siniflər üçün 42 min ədəd pulsuz dərslik gətirilib. Məktəb kitabxanaları latın qrafikası ilə 15 min ədəd bədii ədəbiyyatla təmin olunub. Bir sözlə, yeni dərs ilini yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşırıq.
Füzuli kəndində inşaatçılara qayğı məqsədilə qollu-budaqlı çinarın kölgəsində xeyriyyəçilərin hesabına çayxana-yeməkxana açılıb. Nahar fasiləsidir. Fəhlələr, ustalar iki bir, üç bir oturub çay içir, çörək yeyir, istirahət edirlər.
Elə burada inşaatçılar, valideynlər və müəllimlərlə görüşdük. Hamı dövlətin xalqa qayğısından, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xeyirxahlığından, alicənablığından minnətdarlıqla danışır. Kəndin adlı-sanlı yetirməsi Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Sədaqət Verdiyeva da burada idi. Onun səmimi, mehriban söhbəti əslində bütün samuxluların fikrini ifadə edirdi:
- Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı ağ günə çıxartdı. Ulu öndərin siyasi varisi İlham Əliyev onun yolunu uğurla davam etdirir. Elə bizim rayonu, bizim kəndi götürək, Hər yerdə, hər sahədə abadlıq-quruculuq işləri gedir, Təhsilə, məktəbə olan qayğı isə hamının ürəyindən xəbər verir. Sağ olsun ölkəmizin birinci ledisi Mehriban xanım Əliyevanı. Ölkənin ən müxtəlif guşələrində ehtiyacı olanlara əl tutur, kömək edir. Hamı onun xeyirxahlığından, qayğıkeşliyindən danışır.
Ölkəmizin birinci xanımı bizim rayona da xüsusi qayğı göstərir. Heydər Əliyev Fondu hesabına tikilən bu məktəblərin hər biri ulu öndərə əbədi abidədir.
Hər yerdə işlər sürətlə gedir. Şübhə yoxdur ki, hər üç məktəb sentyabr ayının 15-nə kimi istifadəyə veriləcək.
Əhməd İsayev
Azərbaycan.- 2005.- 18 avqust.- № 190.- S. 5.