Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Gimnastika 5 il ərzində “Olimpiya dünyası”nın səhifələrində


Qəzetimiz idmanın bu növünün təbliğinə görə Azərbaycan Gimnastika Federasiyasının və Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomlarına layiq görülüb.

Nəşrə başladığı gündən öz qarşısına Azərbaycan idmanını, Olimpiya hərəkatı və ideyalarını təbliğ etmək məqsədini qoyan "Olimpiya dünyası" bu işini uğurla davam etdirməkdədir. Qəzetimiz ölkəmizdə bütün idman növlərinin vəziyyətini, bu sahədə baş verən ən son yenilikləri, paytaxtımızın ev sahibliyi etdiyi irimiqyaslı beynəlxalq yarışları daima diqqət mərkəzində saxlayır. İnkişaf tarixinə tez-tez nəzər saldığımız, keçdiyi mərhələləri diqqətlə izlədiyimiz belə növlərdən biri də gimnastikadır. Maraqlıdır ki, ölkəmizdə gimnastikanın dirçəliş dövrü "Olimpiya dünyası"nın idman nəşrləri arasında böyük nüfuz qazanması ilə bir vaxta təsadüf edir. Belə ki, nəşrimizin işıq üzü görməsindən bir il sonra - 2002-ci ilin oktyabrında Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident seçildi və bu sahədə böyük irəliləyiş bas verdi. Federasiyanın səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə gimnastikası öz inkişaf dövrünü yaşayır. Bədii gimnastikanın kütləviləşməsi, bu sahəyə maraq göstərən gənclərin sayının günbəgün artması müvafiq beynəlxalq təşkilatların diqqətindən yayınmır. "Olimpiya dünyası" da mütəmadi olaraq öz səhifələrində gimnastika sahəsində həyata keçirilən yeniliklərə, qazanılan nailiyyətlərə xüsusi yer ayırır, bütün maraqlı məlumatları operativ şəkildə çoxsaylı oxucularına çatdırır. Bunun nəticəsidir ki, bədii gimnastika yarışlarına öz səhifələrində daim geniş yer ayıran "Olimpiya dünyası" qəzeti 2004-cü il dekabrın 19-da Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika idman növlərinin təbliğindəki xidmətlərinə görə" diplomu və mükafatı ilə təltif olunmuşdur. 2005-ci il dekabrın 3-9-da Heydər Əliyev adına İdman-Konsert Komplekstində keçirilən Bədii gimnastika üzrə 27-ci dünya çempionatının ətraflı işıqlandırdığına görə isə "Olimpiya dünyası" daha mötəbər mükafata - Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomuna layiq görülmüşdür.

Maraqlı olacağını nəzərə alaraq, "Olimpiya dünyası"nın 3 illik yubiley ərəfəsində ölkə gimnastikasında son 5 il ərzində müşahidə olunmuş ən maraqlı hadisələri paytaxtımızın ev sahibliyi etdiyi mötəbər turnirləri, həmçinin ölkəmizə səfər etmiş nüfuzlu qonaqların fikirlərini oxucularımızın diqqətinə çatdırırıq.

“Çox şadam ki, milli federasiyaya belə ciddi və tələbkar, qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsinə nail olan bir prezident başçılıq edir"

2003-cü il aprelin 25-də Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyev MOK-un inzibati binasında Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Bruno Qrandi, baş katibi Norberbert Buşe, baş katibin müavini Andre Qaysbuhler və Bədii Gimnastika üzrə Texniki Komitəsinin rəhbəri xanım Eqle Ambruzzinidən ibarət nümayəndə heyətini qəbul etdi. Qəbul zamanı qarşılıqlı əməkdaşlıq və gələcəkdə görüləcək işlər barəsində fikir mübadiləsi aparan qonaqlar daha sonra paytaxtımızın müasir tələblərə cavab verən idman komplekslərinə baş çəkərək, ölkəmizdə gimnastikanın vəziyyəti ilə maraqlandılar. Gimnastikamızın vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə ölkəmizə gələn Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi bu sahədə görülən işlərdən və ümumilikdə səfərin yekunlarından məmnun qaldığını vurğuladı. FİG prezidenti Bruno Qrandi Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirdi: "Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti ilə yaxından tanış oldum. Qısa müddət ərzində bu sahədə görülmüş işlər məni heyran etdi. Çox şadam ki, milli federasiyaya belə ciddi və tələbkar, qarşıya qoyulan məqsədlərin uğurla həyata keçirilməsinə nail olan bir prezident başçılıq edir. Deyə bilərəm ki, federasiya fəaliyyətini bu cür davam etdirərsə, qarşıya qoyulmuş məqsədlərin öhdəsindən layiqincə gələcək". (№ 17 (74).

2003-cü il Dünya kubokunun “A” kateqoriyalı mərhələsinin paytaxtımızda keçirilməsi qərara alındı

Dünya idman ailəsinə sürətlə inteqrasiya edən Azərbaycanın müxtəlif beynəlxalq turnirlərin, dünya və qitə çempionatlarının keçirildiyi məkana çevrilməsi beynəlxalq idman qurumlarının diqqətindən yayınmır. Elə bunun nəticəsidir ki, Azərbaycan Gimnastika Federasiyasının, səmərəli fəaliyyətini qısa müddət ərzində həyata keçirdiyi islahatları lazımınca qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyası özünün 74-cü konqresində növbəti Dünya kubokunun “A” kateqoriyalı mərhələsinin paytaxtımızda keçirilməsini qərara aldı. (№ 28 (85). "Olimpiya dünyası" da, öz növbəsində, adıçəkilən mötəbər yarışa hazırlıq mərhələsini, bununla əlaqədar paytaxtımıza gələn qonaqları, Dünya kubokunda iştirak edəcək idmançıları diqqət mərkəzində saxlayaraq, bir sıra maraqlı materiallar hazırladı. Bunlardan biri də Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənovdan aldığımız müsahibə oldu. Belə bir mötəbər yarışın paytaxtımızda keçirilməsini yüksək qiymətləndirən Altay Həsənov "Olimpiya dünyası"na bunları bildirdi: "Paytaxtımızda keçiriləcək Dünya kubokunun “A” kateqoriyalı mərhələ yarışı çox nüfuzlu bir turnirdir. Yarışın ən yüksək səviyyədə təşkili üçün bütün qüvvələr səfərbər olunub. Bir sözlə, yarışın maraqlı və baxımlı olması naminə əlimizdən gələni əsirgəməmişik. Ümid edirik ki, Milli Olimpiya Komitəsinin, Gənclər İdman və Turizm Nazirliyinin yaxından köməyi sayəsində Dünya kubokunun mərhələ yarışının keçirildiyi günlərdə ölkəmizdə, sözün əsil mənasında, idman bayramının şahidi olacağıq. Bu isə, öz növbəsində, gələcəkdə ölkəmizdə keçiriləcək gimnastika üzrə növbəti, daha nüfuzlu turnirlərə stimul verəcək". (№ 30 (87).

"Yarışa dünya çempionatı səviyyəsində hazırlıq işləri aparılmışdı"

Avqustun 9-10-da paytaxtımızda bütün idman ictimaiyyətinin səbirsizliklə gözlədiyi - Bədii gimnastika üzrə Dünya kubokunun mərhələ yarışı keçirildi. Azərbaycan idmanının təbliğinə xidmət edən "Olimpiya dünyası" beynəlxalq idman aləminin diqqət mərkəzində olan bu yarışın gedişini təfsilatı ilə işıqlandırdı. Qəzetimiz yarışların startından bir neçə gün əvvəl - 2003-cü il 5-11 avqust tarixli sayında Azərbaycanda gimnastikanın tarixini, yaranma və inkişaf illərini, habelə Dünya kubokuna hazırlıq mərhələsini əhatə edən 4 səhifəlik xüsusi buraxılışını çoxsaylı oxucularına təqdim etdi. Həmin buraxılışımızda son illər ərzində gimnastlarımızın qazandığı nailiyyətlər, paytaxtımızda keçiriləcək Dünya kuboku ilə əlaqədar Bakıya gələcək fəxri qonaqlar, həmçinin yarışda iştirak edəcək gimnastlar barədə də ətraflı məlumatlar dərc olundu. "Olimpiya dünyası"nın 2003-cü il 12-18 avqust tarixli sayında isə yarışın təntənəli açılış mərasiminə və paytaxtımıza səfər edən rəsmi qonaqların fikirlərinə xüsusi yer ayrıldı. Yarışların gedişinə nəzarət etmək üçün ölkəmizə gəlmiş Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin rəhbəri xanım Eqle Ambruzzini Təşkilat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi: "Fərəhlə deyə bilərəm ki, biz öz qərarımızda yanılmamışıq. Bu gün başa çatan yarışın yüksək səviyyədə təşkili bunu deməyə tam əsas verir. Burada həm yarışın, həm də məşqlərin keçirilməsi üçün gimnastlara gözəl şərait yaradılmışdı. Bir sözlə, təşkilati baxımdan hər şey mükəmməl idi. Yarışa dünya çempionatı səviyyəsində hazırlıq işləri aparılmışdı. Təşkilat Komitəsi bütün məsələlərə ən incə detallarına qədər diqqət yetirib. Hər halda Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası üzərinə götürdüyü bu böyük məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldi. Mən federasiyanın fəaliyyətini yüksək qiymətləndirirəm. Ümidvaram ki, ölkəniz gələcək yarışlara da uğurla ev sahibliyi edəcək".

Qəzetimizin həmin sayının 4-cü və 5-ci səhifələrində oxucularımıza yarışların gedişini və yekun nəticələrini, 6-cı səhifədə isə tanınmış gimnastların həyəcanlı yarış təəssüratlarını təqdim etdik. Maraqlı müsahiblərimizin birində dünya gimnastikasının ulduzlarından sayılan 4 qat dünya, 5 qat qitə çempionu, Sidney Olimpiadasının bürünc mükafatçısı Alina Kabayeva yarışların təşkilindən razı qaldığını bildirdi: "Bakıya gəlməyimə çox şadam. Şəhəriniz olduqca gözəldir. İnsanlarınız da şərqlilərə məxsus istiqanlılıq, mehribanlıq var. Yarışların təşkili də çox xoşuma gəldi. İdman zalı xüsusi ilə gözəl bəzədilmişdi. Bir sözlə, Dünya kubokunun bu mərhələsi adına layiq, dünya səviyyəsində təşkil edilmişdi".

"Mən əminəm ki, Bakı Dünya kubokunun bu mərhələsini də uğurla, yüksək səviyyədə təşkil edəcək"

Yuxarıda qeyd olunan mötəbər yarışı yüksək səviyyədə təşkil etməyə nail olan ölkəmiz beynəlxalq idman qurumlarının etimadını doğrultdu. Nəticədə 2004-cü il aprelin 23-25-də paytaxtımız növbəti dəfə bədii gimnastika üzrə Dünya kubokunun “A” kateqoriyalı mərhələsinə ev sahibliyi etmək hüququnu qazandı. 3 gün ərzində Heydər Əliyev adına İdman-Konsert Kompleksi dünyanın ən güclü bədii gimnastlarının ixtiyarına verildi. "Olimpiya dünyası" hər zaman olduğu kimi, bu dəfə də oxucularına yarışla əlaqədar aparılan son hazırlıq işləri ilə bağlı əvvəlcədən ətraflı məlumatlar verdi. Yarışın Təşkilat Komitəsinin sədr müavini Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov bu barədə qəzetimizin əməkdaşlarına müsahibəsində bunları qeyd etmişdir: "Azərbaycanda gimnastikanın inkişafı istiqamətində xüsusi ilə son iki il ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib. Bədii gimnastika üzrə Dünya kuboku mərhələlərinin ölkəmizdə keçirilməsi də məhz bu sahənin inkişafına və kütləviləşməsinə xidmət edir. Yarışın ən yüksək səviyyədə təşkili və keçirilməsi üçün bütün qüvvələr səfərbər olunub". (№ 31 (141).

"Olimpiya dünyası"nın 2004-cü il 23-26 aprel tarixli sayında isə oxucularımız yarışlarla bağlı ölkəmizə səfər edən Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin rəhbəri Eqle Ambruzzindən aldığımız müsahibə ilə tanış oldular. "2003-cü ildə Bədii gimnastika üzrə Bakıda yüksək səviyyədə keçirilən Dünya kuboku mərhələsindən sonra yenidən Azərbaycanda olmaq bütün gimnastika ictimaiyyəti, o cümlədən mənim üçün çox xoşdur. Ümid edirəm ki, bu yarışda da bütün bacarıqlarını göstərən gimnastlar öz füsunkar çıxışları ilə yarışın bütün izləyicilərini ovsunlayacaqlar. Mən əminəm ki, Bakı Dünya kubokunun bu mərhələsini də uğurla, yüksək səviyyədə təşkil edəcək", - deyə xanım Ambruzzini müsahibəsində qeyd etmişdi.

"Olimpiya dünyası" aprelin 23-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə keçən təntənəli açılış mərasimini də ətraflı işıqlandırdı (№ 32(142). Bu yarışda Azərbaycan idmançıları ilə yanaşı, dünyanın daha 22 ölkəsinin 47 gimnastı iştirak edirdi. Ölkəmiz burada 5 gimnastla təmsil olunurdu. Komandamızın lideri, Afina Olimpiadasına lisenziya qazanmış Dinarə Gimatova, Anna Qurbanova, Vəfa Hüseynova, Dina Qorina və Valeriya Yeqay iştirakçılar sırasında idilər. Sevindirici haldır ki, Beynəlxalq Gimnastika Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın gedişi televiziya ilə dünya ölkələrinə də yayımlandı. "Olimpiya dünyası" gənclər, idman və turizm naziri Əbülfəs Qarayevin, Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti xanım Eqle Ambruzzininin çıxışlarını, o cümlədən ölkəmizdə qonaq olan xarici mütəxəssislərin, beynəlxalq qurum rəsmilərinin, həmçinin tanınmış gimnastların müsahibələrini ətraflı şəkildə oxucularına çatdırdı. Təmsilçilərimizdən Dinarə Gimatovanın mükafata layiq görülənlər sırasında yer alması bizi bir daha da sevindirdi. (№ 32 (142).

"Yarışların yüksək səviyyədə keçirilməsi üçün paytaxtınızda hərtərəfli şərait yaradılıb"

Mayın 13-15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində bədii gimnastika üzrə daha bir mötəbər turnir - Azərbaycan Gimnastika Federasiyası kuboku (AGF) uğrunda yarışlar keçirildi. Dünya kubokunun mərhələ yarışı statusu qazanan turnirdə idmançılar fərdi və qrup halında mübarizə apardılar. Öz ənənəsinə sadiq qalan "Olimpiya dünyası" yarışdan bir neçə gün əvvəl xüsusi operativ heyət yaradaraq, gimnastlarımızın hazırlıqları ilə bağlı maraqlı materiallar hazırladı. Əməkdaşlarımız bu məqsədlə yığma komandanın baş məşqçisi Valentina Ukleinadan da müsahibə aldılar. Mütəxəssis bunları bildirdi: "İdmançılarımız bir neçə beynəlxalq yarışda iştirak edərək, müəyyən müsbət nəticələrə nail olublar. Təcrübə qazanmaq baxımından onların belə yüksək səviyyəli yarışlarda iştirak etməsi vacibdir. Bir məşqçi kimi deyə bilərəm ki, gimnastlarımızın çıxışında həm texniki, həm də təcrübi nöqteyi-nəzərdən müəyyən irəliləyişlər var. İdmançılarımızın nailiyyətləri beynəlxalq dərəcəli mütəxəssislərin də diqqətindən yayınmır. Gimnastlarımız AGF kubokuna hazırdırlar." (№ 31(239).

"Olimpiya dünyası"nın həmin nömrəsinin 5-ci səhifəsində yarışda ölkəmizi təmsil edən gimnastların indiyədək qazandıqları nailiyyətlər ətraflı qeyd edildi. Qəzetimizin 17-20 may tarixli sayında isə yarışın yekun nəticələri, tanınmış gimnastlardan və xarici mütəxəssislərdən alınmış eksklüziv müsahibələrə 3 səhifə həsr olundu. Müsahiblərimiz arasında Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitəsinin baş katibi Andre Qaysbuhler də var idi. O, ölkəmiz və yarışın təşkilatçılıq işləri ilə bağlı bunları dedi: "Artıq üçüncü dəfədir ki, Bakıda oluram və burada özümü evimdəki kimi hiss edirəm. Yarışların yüksək səviyyədə keçirilməsi üçün paytaxtınızda hərtərəfli şərait yaradılıb. Məşqçilər və gimnastların heç bir problemi olmadı. Artıq bir neçə dəfədir ki, ölkəniz belə mötəbər yarışlara ev sahibliyi edir. Təşkilatçılığın səviyyəsi ildən-ilə daha da yaxşılaşır. Bundan artığını fikirləşmək mümkün deyil. Beynəlxalq Gimnastika Federasiyası adından Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevaya belə gözəl səviyyədə təşkil olunmuş tədbirə görə minnətdarlığımızı bildiririk".

Öz ecazkar çıxışı ilə azarkeşləri heyran edən ip və topla hərəkətlərdə yarışların qalibi, lentlə hərəkətlərdə isə bürünc medal qazanmış Rusiya təmsilçisi Olqa Kapranova da təəssüratlarını "Olimpiya dünyası" ilə bölüşdü: "Bakıda olmağımdan fərəh hissi duyuram. Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan Gimnastika Federasiyası gimnastlar üçün hər cür şərait yaratmışdı. Burada bizi olduqca səmimi qarşıladılar. Azərbaycanlıların mehribanlığı və qonaqpərvərliyi barədə eşitsəm də, indi buna tam əmin oldum".

Mehriban Əliyeva: "Bu gün ötən üç ili təhlil edərək demək olar - ilk qələbəmiz ondan ibarət olmuşdur ki, qısa müddət ərzində biz Azərbaycan gimnastikasına münasibəti istər ölkə daxilində, istərsə də dünyada köklü surətdə dəyişdirə bildik".

Qəzetimizin 2005-ci il 1-3 oktyabr tarixli nömrəsində Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin rəhbəri Şahin Kazımzadənin federasiyanın prezidenti Mehriban xanım Əliyevadan aldığı müsahibə dərc olunmuşdur. Müsahibədə qurumun prezidenti oktyabrın 3-də Bakıda keçiriləcək 27-ci dünya çempionatı və özünün federasiyaya rəhbər seçilməsinin 3 ili ilə əlaqədar bir sıra suallara cavab vermişdir. Mehriban xanım Əliyeva müsahibəsində bildirmişdir: "Bu gün ötən üç ili təhlil edərək demək olar - ilk qələbəmiz ondan ibarət olmuşdur ki, qısa müddət ərzində biz Azərbaycan gimnastikasına münasibəti istər ölkə daxilində, istərsə də dünyada köklü surətdə dəyişdirə bildik. Yalnız kağız üstündə mövcud olan birləşmiş federasiya daim fəaliyyət göstərən səlahiyyətli və səmərəli qərargaha çevrilmişdir. Federasiya idman gimnastikasının və bədii gimnastikanın, akrobatikanın, tamblinqin inkişafı, onların geniş yayılması və gündəlik idman həyatına tətbiqi sahəsində bütün işlərə başçılıq edərək gimnastikamızın gələcəyinin təmin olunmasında bizə kömək edən lazımi xətti müəyyənləşdirə bildik. Yalnız ölkənin daxilində vəziyyət dəyişdikdən sonra burada yüksək səviyyəli beynəlxalq yarışların keçirilməsi barədə məsələlər qaldırmaq mümkün idi".

"Azərbaycan istənilən miqyaslı dünya çempionatına ev sahibliyi etməyə qadirdir"

Əməkdaşlarımız "Olimpiya dünyası"nın 2005-ci il 1-3 oktyabr tarixli sayından etibarən paytaxtımızda keçiriləcək dünya çempionatı ilə bağlı materialları hazırlamağa başladılar. Qeyd edilən nömrədə yarışda iştirak edəcək fərdi və qrup hərəkətləri üzrə yığmamızın hazırlıq səviyyəsi barədə iki səhifəlik ətraflı məlumat dərc olundu. 2005-ci il oktyabrın 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində Bədii gimnastika üzrə 27-ci dünya çempionatının təntənəli açılış mərasimi oldu. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının Prezidenti xanım Vayra Vike-Freyberqa iştirak etmişdilər. "Olimpiya dünyası" öz səhifələrində bu mərasimi hərtərəfli işıqlandıraraq, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qrandinin çıxışına xüsusi yer ayırmışdı. Qəzetimiz 11-14 oktyabr tarixli nömrəsində yarışlara və yekun nəticələrə 4 səhifə həsr etmişdi. Həmin sayın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin FİG-in prezidenti Bruno Qrandini qəbul etməsi geniş işıqlandırılmışdı.

Əməkdaşlarımız mükafatlandırma mərasimində iştirak edən mütləq dünya çempionu Olqa Kapranova, gümüş medalın sahibi Anna Bessonova, bürünc medal qazanmış İrina Çaşina, həmçinin onların məşqçiləri və digər xarici mütəxəssislərdən müsahibələr aldılar. Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Eqle Ambruzzi yüksək təşkilatçılıqdan razı qaldığını bu dəfə də gizlətmədi: "Bildiyiniz kimi dünya çempionatı Olimpiya oyunları üçün təsdiq edilmiş yeni qaydalara əsasən keçirilir. Bununla əlaqədar həm Təşkilat Komitəsinin, həm də Texniki Komitənin işi bir qədər mürəkkəbləşmişdi. Ancaq bu qurumlar çətinliklərin öhdəsindən bacarıqla gəldilər. Ölkənizdə təşkil olunan dünya çempionatı olduqca yüksək səviyyədə keçdi. Texniki Komitə bu yolda var qüvvəsini əsirgəmədi".

FİG-in prezidenti cənab Bruno Qrandi də, öz növbəsində, yarışların təşkilindən razı qaldığını bildirdi: "Azərbaycanda olmağımdan böyük məmnunluq hissi duyuram. Ölkəniz bu yarışlara uzun müddət idi ki, hazırlaşırdı. Çempionat ifadə oluna bilməyəcək dərəcədə yüksək səviyyədə keçdi. Olimpiya oyunlarından sonra yarışların belə yüksək səviyyədə təşkilinə ancaq burada rast gəldim. Bir həftə davam edən yarışlar uğurla başa çatdı. Azərbaycan istənilən miqyaslı dünya çempionatına ev sahibliyi etməyə qadirdir. Burada şahidi olduğum yüksək dərəcədə təşkilatçılıq fikrimdə yanılmadığımı bir daha təsdiq etdi".

Paytaxtımızın ev sahibliyi etdiyi bu çempionatda Olqa Kapranova bir neçə dəfə fəxri kürsüdə yer aldı. Həmin gün mütləq dünya çempionu olan rusiyalı idmançının sevincinin həddi-hüdudu yox idi. Olqa xüsusi olaraq, qəzetimizin oxucuları üçün çempionatdakı çıxışından söhbət açdı: "Nə baş verdiyini hələ dərk edə bilmirəm. Sanki yuxu görürəm. Ancaq onu bilirəm ki, çox xoşbəxtəm. Qələbə qazandığıma görə çox sevinirəm. Məşqçilərim İrina Viner və Vera Şatalinaya öz minnətdarlığımı bildirirəm. Bu uğur həm də onların məhsuldar əməyinin bəhrəsidir. 7 yaşımdan gimnastika ilə məşğul oluram. Ölkənizdə qazandığım uğur on il ərzində əldə etdiyim ən böyük nailiyyətdir. Sözün düzü, Azərbaycana gələndə bu qədər medal qazanacağımı heç ağlıma belə gətirmirdim".

Qəzetimizin əməkdaşları yarışlardan sonra Heydər Əliyev adına İdman-Konsert Kompleksinin foyesində təşkil edilən "Longines" prize for eleqance"ın 14-cü mükafatçılarının təqdimetmə mərasimində də iştirak etdilər. Münsiflər heyətinin qərarına əsasən, "Longines" prize for eleqance" İrina Çaşinaya nəsib oldu. Nəşrimiz "Longines" şirkətinin prezidenti cənab Valter Fon Könel, Olimpiya çempionu Alina Kabayeva, kinorejissor Eldar Quliyev, ANS şirkətlər qurupunun prezidenti Vahid Mustafayev, dünya çempionu Olqa Kapranovanın iştirak etdiyi tədbiri geniş işıqlandırdı. Xatırladaq ki, rusiyalı Olqa Kapranova və Qazaxıstan gimnastı Aliyə Yusupova ilə yanaşı, təmsilçimiz Dinarə Gimatova da dünya şöhrətli İsveçrə saat şirkəti "Longines"in zəriflik elçisi sırasında olub (№ 75 (283).

Sevindirici haldır ki, öz səhifələrində 27-ci dünya çempionatım ətraflı işıqlandırdığına görə "Olimpiya dünyası" Beynəlxalq Gimnastika Federasiyasının xüsusi diplomuna layiq görülüb.

Gimnastika sahəsindəki irəliləyişlər xarici mütəxəssislərin də diqqət mərkəzindədir

Ölkəmizin qısa müddət ərzində Bədii gimnastika sahəsində əldə etdiyi nailiyyətlər xarici mütəxəssislərin də diqqətindən yayınmır. 2005-ci ilin dekabrında Yaponiyanın Hyoqo prefekturasının qrup hərəkətləri üzrə komandasının yığmamızla birgə təlim-məşq keçirmək məqsədi ilə paytaxtımıza gəlişi buna əyani sübutdur. "Olimpiya dünyası" oxucularına bu haqda geniş məlumat vermək üçün beynəlxalq dərəcəli hakim Rika Yamamato ilə görüşüb onun fikirlərini öyrənmişdir: "Yaponiya və Azərbaycan gimnastika federasiyaları arasında möhkəm dostluq əlaqələri var. Bu ilin oktyabr ayında ölkənizin ev sahibliyi etdiyi bədii gimnastika üzrə dünya çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Məşqçilər və idmançılar üçün hər cür şərait yaradılmışdı. Elə həmin vaxt ölkənizdə təlim-məşqlər keçirmək barəsində qərar qəbul etdik. Buranı seçməyimizin bir səbəbi də Azərbaycanda hava şəraitinin mülayim olmasıdır", - deyə qonaq bildirmişdi. (№ 95(303).

Alina Kabayeva uzun fasilədən sonra ilk qələbəsini paytaxtımızda qazandı

Qəzetimizin 2006-cı il 22-25 avqust tarixli sayında Azərbaycanda Rusiya ili çərçivəsində Azərbaycan və Rusiya yığmaları arasında keçirilən yoldaşlıq görüşü ətraflı işıqlandırıldı.

Yarışların açılış mərasimi zamanı Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin vitse-prezidenti, Rusiyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi İrina Vinerin Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənova Rusiya Gimnastika Federasiyası adından xatirə hədiyyəsini təqdim etməsi tədbirin ən maraqlı məqamlarından oldu. Bütün bunları ətraflı şəkildə işıqlandıran qəzetimizin əməkdaşları uzun fasilədən sonra ilk dəfə xalça üzərinə çıxan və qələbə sevinci yaşayan məşhur rusiyalı gimnast Alina Kabayevadan müsahibə almağı da unutmadılar. Olimpiya çempionu ölkəmiz barədə bunları dedi: "Azərbaycan mənim üçün doğmadır. Ölkənizdə tez-tez oluram. Xalqınızın qonaqpərvərliyi və istiqanlı olması mənim çox xoşuma gəlir. Hər dəfə bura gələndə sanki istirahət edirəm. Səfər vaxtı bir məqam diqqətimdən yayınmadı. Belə ki, paytaxtınızda baş vermiş böyük dəyişikliklərin şahidi oldum. Bakı, həqiqətən də, ilbəil gözəlləşir".


Olimpiya dünyası.- 2006.- 28-30 oktyabr.- № 79.- S. 3.