Xoşməramlı səfirin nəcib təşəbbüsləri
Qadınların cəmiyyətdəki rolu yüksəkdir. Tarixdən məlumdur ki, müxtəlif dövrlərdə qadınlar içərisindən görkəmli hökmdarlar, sərkərdələr, qəhrəmanlar çıxmışdır. Müasir dövrdə qadınlar diplomatiya, memarlıq, elm, mədəniyyət və digər sahələrdə uğurla çalışırlar.
Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan qadınları da ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onların arasından görkəmli dövlət, elm-mədəniyyət və ictimai-siyasi xadimlər, əmək qəhrəmanları yetişmişdir. Qaniçən II Daranı məhv etmiş Masagetlərin hökmdarı Tomrisi, Bərdədə Makedoniyalı İskəndəri qarşılamış hökmdar Nüşabə xanımı, görkəmli və qüdrətli Azərbaycan hökmdarı I Şah İsmayıl Xətaini dünyaya gətirmiş, əsil kişi qeyrətli Aləm Şah Bəyimi, Qarabağın ən ağıllı, nəcib və ən ziyalı xanımı Xurşid Banu Natəvanı, Ağqoyunlu dövlətinin banisi və qüdrətli hökmdarı Uzun Həsənin anası, görkəmli diplomat Sara xatunu, Qubanı düşməndən müdafiə etmiş Tuti Bikəni, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan kimi dövlət başçılarını böyütmüş Mömünə Xatun, Türkan Xatın və Ağabəyim Ağanı, rübailəri, lirik şerləri insanları valeh edən Məhsəti Gəncəvini, Heyran xanımı və başqa görkəmli xanımlarımızı misal göstərmək olar.
Sovet dönəmində qadınlarımız kişilərlə bir çox sahələrdə çiyin-çiyinə çalışmış, cəbhədə qəhrəmanlıqla vuruşmuşlar. Onları xalqımız həmişə minnətdarlıqla yad edir. 30-cu illər repressiyasının qurbanları arasında kişilərlə bərabər çox ləyaqətli qadınlarımızı Ayna Sultanova, Tahirə Tahirova və başqa qadınlarımızın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Böyük Vətən müharibəsində təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayper Ziba Qəniyevanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa qadınlarımızın qəhrəmanlığı dillər əzbəri olub. Təsərrüfatda çalışan qadınlarımızdan iki dəfə Sosialist Əməyi Qəhrəmanı Sürəyya Kərimova və Bəsti Bağırova, Şamama Həsənova, Sevil Qazıyeva və onlarca digər qadınlarımızın xatirəsini böyük məmnuniyyətlə yad edirik.
Elm və mədəniyyət sahəsində çalışan qadınlarımızdan akademik və Beynəlxalq mükafat laureatı həkim Zərifə xanım Əliyevanın və akademik Zəhra Quliyevanın, rəssam Vəcihə Səmədovanın, Sara Manafovanın, Maral Rəhmanzadənin, Şövkət Ələkbərovanın və başqalarının adı beynəlxalq aləmdə yaxşı tanınır.
Dahi şairlərimiz həmişə qadın adını uca tutmuş, ona böyük hörmətlə yanaşıblar. Nizaminin, Füzulinin, S.Vurğunun, M.Müşfiqin və digərlərinin əsərlərində qadınlarımız ən yüksək duyğularla tərənnüm olunub.
Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və onların fəaliyyəti genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda yaxşı tanınır. Beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər.
Buna Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya BMT-nin təhsil, elm və mədəniyyət üzrə dövlətlərarası təşkilatı olan YUNESKO-nun xoşməramlı səfiri fəxri adının verilməsi ən bariz misaldır. Belə bir mötəbər beynəlxalq təşkilatda Azərbaycan xanımının təmsil olunması fərəhləndirici hal olmaqla yanaşı, həm də ciddi diplomatik uğurdur. Bu uğurun qazanılmasında Mehriban xanımın şəxsi keyfiyyətləri böyük rol oynamışdır.
Xatırladaq ki, Mehriban xanım Əliyevanın başçılıq etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu 1995-ci ildə onun öz təşəbbüsü ilə yaradılmışdır. YUNESKO-nun Parisdəki iqamətgahında keçirilən təntənəli yığıncaqda qurumun baş direktoru cənab Koişiro Matsuura Mehriban xanımın xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzindədir. Təqdirə və hörmətə layiq bir haldır ki, Fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına xidmət etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi tam təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi aləminə qovuşması üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan uşaqların bu prosesə cəlb edilməsi xüsusilə diqqətəlayiq haldır".
Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri təyin olunması ümumilikdə bütün Azərbaycan xalqına, milli mədəniyyətimizə, folklorumuza, tariximizə, dilimizə, incəsənətimizə verilən böyük qiymətdir. Bu həm də Azərbaycanın beynəlxalq birliyə inteqrasiya prosesini sürətləndirib.
Həmin tarixi görüşdə Mehriban Əliyeva demişdir: "Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarsız incilərini qoruyub saxlayaraq dünya mədəniyyəti nümunələrini qəbul edə bilmişik. Bu gün biz müxtəlif xalqların mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyil. Bu proseslərin arxasında öz xeyirxahlığı, öyrənib-öyrətmək bacarığı ilə seçilən mədəniyyətlər arasında körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli dayanır".
Mehriban Əliyevanın YUNESKO-nun rəhbəri ilə görüşündə, Bakıda "Qafqaz Xalq Ənənələri Evinin" yaradılması ilə bağlı təşəbbüslə çıxış etməsi və sözügedən təşkilatı bu layihədə əməkdaşlığa dəvət etməsi də Azərbaycanın birinci xanımının işgüzarlığından və diplomatik bacarığından xəbər verir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım jurnalistlərlə müsahibəsində demişdir: "Heydər Əliyev Fondu kimsəsiz və ağır vəziyyətdə yaşayan uşaqlara yardım proqramı həyata keçirir. Yeni il ərəfəsində mən 4 məktəbdə, iki uşaq evində və iki internatda olmuşam. Azərbaycandakı bütün belə məktəblərə gedəcək, onların vəziyyəti, şəraiti ilə tanış olacağam, sonra ümumi bir proqram hazırlanacaq və onlara yardım göstəriləcəkdir, buna mən söz vermişəm və sözümün üstündə də duracağam".
Mehriban xanım Əliyevanın gərgin və çoxşaxəli fəaliyyətində idmanın inkişafına da xüsusi qayğı göstərilir. O, respublika Bədii Gimnastika Federasiyasının prezidenti kimi Bakıda keçirilmiş, dünyanın 41 ölkəsinin gimnastlarının iştirak etdiyi turnirin müvəffəqiyyətlə başa çatmasında böyük rol oynamışdır.
Heydər Əliyev Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində ötən il oktyabrın 12-də Fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Əzizbəyov rayonunda yerləşən bir sıra internat məktəblərində olmuşdur. O, internat məktəblərində aparılan təmir işləri ilə maraqlanmış, uşaqlarla söhbət etmiş, görülən işlərdən razı qalmışdır.
Heydər Əliyev Fondu uzunmüddətli layihələrlə yanaşı, cəmiyyətimizin aztəminatlı vətəndaşlarına, valideynlərdən məhrum olan uşaqlara, qaçqın və köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara çox böyük qayğı göstərir.
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli-mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə dünya çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı xanım Mehriban Əliyevanı "2005-ci ilin adamı" elan etmişlər.
Bütün bu faktlar bir daha onu göstərir ki, qadınlarımız ölkəmiz üçün layiqli vətəndaşlar yetişdirməklə bərabər, həm də respublikamızın hərtərəfli tərəqqisinə öz töhfələrini verirlər.
Hacı Hacıyev,
tarix elmləri doktoru, professor
Respublika.- 2006.- 7 mart.- № 50.- S. 5.