Çap etmək   ⁞     ⁞   Azərbaycan Mədəniyyətinin Dostları Fondu

“Mif, millət, ədəbiyyat“ mövzusunda beynəlxalq yaradıcılıq elmi simpoziumu keçirilmişdir


AZƏRTAC xəbər verir ki, iyunun 23-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Mədəniyyətinin Dostları Fondunun və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə “Mif, millət, ədəbiyyat” mövzusunda beynəlxalq yaradıcılıq elmi simpoziumu keçirilmişdir.

Simpoziumu universitetin həyatında mühüm tədbir kimi qiymətləndirən BDU-nun rektoru AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Azərbaycan ilə Koreyanın coğrafi cəhətdən bir-birindən uzaqda yerləşmələrinə baxmayaraq, ölkələrimiz və xalqlarımızın mədəni, elmi və siyasi cəhətdən yaxın olduqlarını söyləmişdir. O, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsində elm adamlarının oynaya biləcəyi rolu qeyd etmiş, BDU-nun tarixi, beynəlxalq əlaqələri barədə məlumat vermişdir.

Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Lyu Kvanq Çol tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmişdir.

Koreya Respublikasının Prezidenti Ro Mu Hyunun ötən ay Azərbaycana səfərinin dost ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsində rolunu xüsusi vurğulayan diplomat, hazırda Azərbaycan-Koreya münasibətlərinin uğurla inkişaf etdiyini bildirmişdir.

Lyu Kvanq Çol, tezliklə Azərbaycanın Koreya Respublikasında səfirliyinin açılmasını və Prezident İlham Əliyevin bu ölkəyə səfərini səbirsizliklə gözlədiklərini söyləmişdir.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun vitse-prezidenti, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz xanım Paşayeva qonaqları salamlamış, tədbirin Azərbaycan ilə Koreya xalqları arasında əlaqələrin inkişafındakı əhəmiyyətini qeyd etmişdir. Professor Nərgiz Paşayeva bu simpozumun təkcə elm adamları, ziyalılar üçün deyil, hər kəs üçün maraq doğurduğunu bildirmiş, mifologiya elmi barədə məlumat vermişdir.

Coğrafi-siyasi mövqeyinə və zəngin təbii sərvətlərinə görə Azərbaycanın dünyada əhəmiyyətinin artdığını vurğulayan Koreya Yaradıcılıq Akademik Cəmiyyətinin sədri Kim Su-Bok, xalqımızın qədim və çoxçalarlı mədəniyyətə sahib olduğunu demişdir.

Simpoziumda “Koreya romanı: dünya mədəniyyəti ilə tanışolma yolu”, “Miflər məsələsinə dair”, “Müasir Koreya nəsrində hekayələr”, “Yazılı bədii ədəbiyyatda mif, alleqoriya və tarix”, “Koreya-Azərbaycan tarixi əlaqələrinə bir baxış”, “Azərbaycanın qayaüstü şəkillərində mif və əfsanələr” və digər mövzularda koreyalı və azərbaycanlı alimlərin məruzələri dinlənilmişdir. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.


AZƏRTAC
2006, 23 iyun