Ölkənin birinci ledisi
Azərbaycan cəmiyyəti ilk dəfə məhz Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın simasında ictimaiyyətlə münasibət yaradan insanlarla qarşılıqlı təmas quran Prezident ailəsinin şahidi olmuşdur.
"Birinci ledi" anlayışı dünyanın əksər sivil dövlətlərində eyni məzmunda qəbul edilir - bu, dövlətin birinci xanımının, dövlət başçısının ömür-gün yoldaşının siyasi statusudur. Bir çox hallarda həmin statusu daşıyan şəxsə ictimai maraq daha çox Prezidentə olan ictimai maraqla bağlı olsa da, ayrı-ayrı məqamlarda həmin maraq birinci ledinin öz siyasi fəaliyyətindən, onun ictimai-siyasi proseslərdə iştirakından və fəallıq dərəcəsindən qaynaqlanır. Mehriban xanım Əliyevaya Azərbaycanda və xaricdə olan böyük marağı ilk növbədə onun ictimai, o cümlədən xeyriyyəçilik fəaliyyətinin adekvat dəyərləndirilməsi kimi xarakterizə etmək lazımdır.
2005-ci ilin əvvəllərində, Qadınların IV Beynəlxalq Konfransının 10 illiyinə həsr olunmuş BMT-nin 49-cu xüsusi sessiyası çərçivəsində, Qadın Liderlər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Sosiologiya Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə "İlin qadını" elan edilmişdir.
2246 respondentin iştirakı ilə keçirilən rəy sorğusu sərbəst surətdə seçilmiş bölgələrdə üç metodikaya əsaslanaraq - anket sorğusu, mətbuat vasitəsi və ekspertlərin rəyləri üzrə keçirilmişdi. Anketdə mədəniyyət, publisistika, ictimai-siyasi, elm, təhsil, idman və başqa sahələrdə fərqlənmiş 35 qadının adı yer almışdır. İştirakçıların sayı bölgələr üzrə belə idi: Bakı - 415 nəfər, Əli Bayramlı - 150 nəfər, Gəncə- 103 nəfər, Ucar - 99 nəfər, Qazax -100 nəfər, Cəlilabad - 100 nəfər, Sumqayıt - 100 nəfər, Dəvəçi - 100 nəfər, Şamaxı - 100 nəfər, Naxçıvan - 89 nəfər, Yevlax - 102 nəfər, Tərtər - 100 nəfər, Qax - 102 nəfər. Respondentlərin 51 faizini qadınlar, 49 faizini kişilər təşkil etmişdi.
Əksər hissəsi - 41,1 faizi 35-49 yaş qrupuna aid olan sorğu iştirakçılarının 52,8 faizi işləyənlər, 18,5 faizi təhsil alanlar, 8,9 faizi təqaüdçülər, 12,4 faizi evdar qadınlar, 7,4 faizi isə işsizlərdən ibarət idi.
Sorğunun nəticələrinə görə, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci ledisi Mehriban xanım Əliyeva 74,4 faiz səs toplayaraq Azərbaycan qadınlarına xas yüksək əxlaqi və mədəni keyfiyyətlərinə, xeyriyyəçilik fəaliyyətinə, eləcə də ictimai-siyasi proseslərdə fəal iştirakına görə birinci yeri tutaraq "İlin qadını" elan edildi.
Bunu hər şeydən əvvəl Mehriban xanımın ictimai-siyasi fəallığının nəticəsi kimi dəyərləndirmək lazımdır. Eyni zamanda, bu fakt Azərbaycanda dövlət-cəmiyyət münasibətlərində yeni ştrixlərin üzə çıxmasının göstəricisidir. Bunu milli mentalitetimizdə yeni dəyərlərin formalaşması kimi də gözdən keçirmək olar və lazımdır.
Ədalət xatirinə bildirməliyik ki, ölkə ictimaiyyəti Mehriban xanımı hələ birinci ledi statusu əldə etməmişdən əvvəl tanımağa, hörmət və ehtiram bəsləməyə başlamışdı. Onun adı 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun təsis edilməsindən sonra daha çox duyulmuşdur. Fondun Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq aləmdə təbliğində, eləcə də xeyriyyəçilik sahəsində gördüyü işlər xanım Əliyevanı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanıtmışdır. Məlumat üçün bildirək ki, sözü gedən qurum 1996-cı ildən "Azərbaycan - irs" jurnalının nəşrinə başlamışdır və üç dildə - Azərbaycan, rus və ingilis dillərində nəşr edilən bu jurnal milli mədəniyyətimizin dünya miqyasında təbliği sahəsində önəmli işlər görmüş və görməkdə davam edir. Muğamın beynəlxalq arenada tanınmasında və YUNESKO tərəfindən dünya mədəni irsinin inciləri sırasına daxil edilməsində fondun Prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri olmuşdur.
Birinci ledinin ictimai fəaliyyətinin önəmli bir istiqamətini də onun idman sahəsində gördüyü işlər təşkil edir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edən Mehriban xanım həmin vəzifədə özünü bacarıqlı təşkilatçı kimi tanıdıb. Qısa müddətdə bu zərif idman növü ölkəmizdə geniş yayılmağa başlayıb, Azərbaycan gimnastları beynəlxalq miqyasda uğurlara imza atıblar. Dünya kuboku yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi, eləcə də bu ilin oktyabrında sözügedən idman növü üzrə Dünya çempionatının ölkəmizdə keçirilməsinə dair qərar qəbul olunması Mehriban xanımın Prezidenti olduğu federasiyanın beynəlxalq, nüfuzundan xəbər verir.
Birinci ledinin ictimai fəaliyyətinin ən dəyərli və xalqın təqdirlə qarşıladığı istiqamətini onun başçılıq etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi geniş sosial proqramlar təşkil edir. Əgər indiyə qədər onun fəaliyyəti ölkə həyatının ayrı-ayrı sahələrini, o cümlədən mədəniyyət. və idman sahələrini əhatə edirdisə, Azərbaycan cəmiyyətinin ən çox qayğıya ehtiyac duyan hissəsinin - kimsəsiz, ağır xəstə, əlil və fiziki qüsurlu uşaqlara, eləcə də məcburi köçkünlərin övladlarına qayğı göstərməsi bu gün hər kəs tərəfindən ürəkdən alqışlanan bir iş kimi, diqqət mərkəzindədir. Deyilənlərə 132 yeni orta məktəbin tikintisini, İnternat məktəblərini, uşaq evlərinin təmirini və onların ən modern avadanlıqlarla təmin edilməsini də əlavə etmək yerinə düşərdi. İyulun 18-də Yaxt-klubda Mehriban xanım Əliyevaya layiq görüldüyü "İlin qadını" mükafatının təqdimetmə mərasimi olmuşdur, ölkəmizin tanınmış ziyalılarının, siyasi xadimlərinin, Milli Məclis deputatlarının, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçilərinin iştirakı ilə keçən bu tədbirdə Mehriban Əliyeva rəy sorğusunda iştirak edən bütün respondentlərə, ekspertlərə, eləcə də mərasim iştirakçılarına səmimi razılığını ifadə etdikdən sonra ölkəmizin taleyüklü problemlərinin həllinə yardımçı olmaqdan qürur duyduğunu söyləmiş, bundan sonra da rəhbərlik etdiyi ictimai qurumlar vasitəsilə doğma Azərbaycanımızın tərəqqisi naminə bütün qüvvə və bacarığını əsirgəməyəcəyini bildirmişdir.
Bu səmimi sözlərin doğruluğuna növbəti dəfə şahid olmaq üçün çox gözləmək lazım gəlmədi və 4 gün sonra xalqımız Mehriban xanımın vətən və millət naminə ortaya qoyduğu növbəti fədakarlıqla tanış olmaq imkanı qazandı. İyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirildi.
Məlumat üçün bildirək ki, araşdırmalara əsasən, Azərbaycanda internetdən istifadə edənlərin sayı 400-450 min nəfər civarındadır və hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Bu saytların 15-i bölgələrimiz barədə, 17-si Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və erməni terrorizmi barədə, 26-sı diasporla bağlıdır. Şübhəsiz ki, bu, çox azdır, ölkəmizi, xalqımızı hərtərəfli və ən yüksək səviyyədə təmsil edə bilən sayta çox böyük ehtiyac hiss edilirdi.
"Azərbaycan" internet portalının yaradılması da məhz bu ehtiyacdan qaynaqlanmışdır. Və bu layihənin məhz Mehriban xanım Əliyeva kimi vətənpərvərin təşəbbüsü və rəhbərliyi ilə yaradılması qanunauyğun haldır. Bundan sonra dünyanın hər bir yerindən sözügedən sayta qoşulmaq və onun "Xəbərlər", "Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati-ərazi vahidləri" və "Xəritələr" bölmələri ilə tanış olmaqla, istənilən şəxs, xalqımız və dövlətimiz barədə ən etibarlı və obyektiv məlumat ala biləcəkdir. Portal Azərbaycanın beynəlxalq aləmdə təbliğinə, ölkəmiz haqqında dolğun və gerçək təsəvvür yaradılmasına öz misilsiz töhfəsini verəcəkdir. Təqdimat mərasimində iştirak edən, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə gerçəkləşdirilmiş bu layihəni çox önəmli layihə kimi xarakterizə edən Prezident İlham Əliyev portalın gələcəkdə daim yeniləşəcəyinə və diqqət mərkəzində qalacağına əminliyini ifadə edərək demişdir: "Bu gün "Azərbaycan" portalının nümayişi bizim hamımızı çox sevindirir. Çox gözəl portaldır və burada Azərbaycan haqqında çox dəqiq və müfəssəl məlumat öz əksini tapıbdır. Azərbaycan haqqında məlumatlar internetdə, müxtəlif saytlarda mövcuddur, amma ilk dəfədir ki, bütün məlumat bir portalda cəmləşibdir."
Bütün bu deyilənlər bir daha sübut edir ki, ölkənin birinci ledisinə olan diqqət və ehtiramın arxasında xoş niyyətlərə əsaslanan real işlər dayanır.
Maarifə Hacıyeva,
Sosial Rifah Partiyası Qadınlar Şurasının sədri,
filologiya elmləri doktoru, professor
Aslan Manafov,
"Asiman" xeyriyyə fondunun sədri
Azərbaycan.- 2005.- 6 avqust.- № 180.- S. 6.