Çap etmək   ⁞     ⁞   UNESCO

Azərbaycan - UNESCO əməkdaşlığının xüsusiyyətləri


Azərbaycanın beynəlxalq təşkilatlarla, xarici şirkətlərlə respublikamızda reallaşan sosial, iqtisadi layihələr və proqramlar çərçivəsində əməkdaşlığı dünya birliyi sisteminə qovuşmasına, zəmin yaratmışdır. Bu sahənin bir istiqaməti kimi ümumdünya mədəni dəyərlərinə qoşulmasında, mənəvi həyatının, elmin, təhsilin inkişafında respublikamızın UNESCO ilə əlaqələri xüsusi əhəmiyyət kəsb etmişdir. Azərbaycanın öz müstəqilliyini əldə etməsi tarixi irsini qorumağa, mədəniyyətini inkişaf etdirməyə ölkənin ümumdünya maddi və mənəvi dəyərlərə yiyələnməsi və inteqrasiyası üçün geniş imkanlar yaratmışdır. Beynəlxalq təşkilatların, şirkətlərin, müxtəlif qurumların dəstəyi ilə Azərbaycan hökumətinin yeritdiyi dövlət siyasəti davamlı olaraq insan inkişafı indeksinin artmasına təkan vermişdir. UNESCO ilə möhkəmlənən əlaqələr respublikamızın təhsil, elm, mədəniyyət sahələrində müxtəlif dünya ölkələri ilə geniş təcrübə mübadiləsi aparmağa imkanlar yaratmışdır.

Azərbaycan Respublikası 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmişdir. 1993cü ildə BMT-nin İnkişaf Proqramının (UNDP) maliyyə, UNESCO-nun texniki yardımı vasitəsilə Bakıda, Sumqayıtda, Naxçıvan Muxtar Respublikasında informasiya-tədris mərkəzləri yaradılmışdır. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1994-cü ilin fevralın 21-də UNESCO üzrə Azərbaycan Milli Komissiyasının yaradılması barədə sərəncam imzaladı.

Respublikamızın UNESCO ilə əməkdaşlığı öz tarixini və mədəniyyətini tanıtdırmağa, UNESCO strukturlarının imkanlarından yararlanmağa şərait yaratmışdır 1996-cı il noyabrın 8-də UNESCO-nun Baş direktoru Federiko Mayor ilə Ulu Öndərimiz Heydər Əliyevlə Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlığa dair memorandum imzalanmışdır [11]. 1997-ci ildə UNESCO ilə Azərbaycan arasında imzalanmış sazişə görə sosial dəyişikliklərin idarə edilməsi (MOST), beynəlxalq hidroloji (İHP), insan və biosfer (MAB) proqramları üzrə milli komitələr yaradılmışdır. UNDP/UNESCO çərçivəsində Bakıda ilk dəfə olaraq informatika sahəsində «Bakı Elmi-Tədris Mərkəzi» yaradılmış və fəaliyyət göstərməyə başlamışdır [16]. Azərbaycan UNESCO-nun «Böyük İpək Yolu» proqramında da yaxından iştirak etmişdir, nəqliyyat infrastrukturlarında mədəniyyət və tarixi abidələrin bərpa olunması məsələlərini gündəmdə saxlamışdır. Azərbaycan Milli Komissiyası UNESCO-nun: Hamı üçün təhsil, insan və biosfer, niqrologiya və su ehtiyatları, bioetika, dünya mədəni irsi, hamı üçün informasiya, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılması əleyhinə mübarizə, informasiya texnologiyası, sülh mədəniyyəti, assosiativ məktəblər, UNESCO kafedralarının beynəlxalq tədbirlərində iştirak etmişdir. Respublikamızın mədəni həyatında ən mühüm hadisə kimi 1999-cu ilin davamı olaraq «Kitabi-Dədə Qorqud» dastanının qeyd edilməsini və 9 aprel 2000-ci il tarixində Bakıda yubileyə həsr olunmuş təntənəli mərasimdə UNESCO-nun Baş Direktoru cənab Koişiro Matsuura iştirak etmişdir [15]. Həmin ilin 27 noyabr 2 dekabr tarixində Ümumdünya İcra Mərkəzinin Avstraliyadakı toplantısında Qız Qalası və Şirvanşahlar sarayı ilə birgə İçəri Şəhərin Ümumdünya İrs Siyahısına salınması haqqında qərar qəbul edilmişdir [4].

Azərbaycanın UNESCO ilə əməkdaşlığı ölkəmizdə Məhəmməd Füzulinin 500, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileylərinin geniş qeyd edilməsi, «İçəri şəhər»in Ümumdünya İrs Siyahısına salınması və başqa respublika mədəniyyətinin mühüm tədbirlərin beynəlxalq səviyyəyə çıxarmağa, onu ümumdünya mədəniyyət inciləri sıralarına inteqrasiyaya yönəldilmişdir (14). 15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalanmışdır. 2005-ci il 24 avqust tarixində Bakı şəhərində "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda beynəlxalq konfrans, Memorandumda təhsildə bərabər imkanların yaradılması, informasiya və kommunikasiya texnologoyalarının tətbiqi, təhsilin bütün pillələri üzrə kurrikulumun yeniləşdirilməsi və müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi vasitəsilə keyfiyyətin artırılması, beynəlxalq əməkdaşlıq şəbəkəsinin təşkili və digər əsas prioritetlər əks olunur. 2006-cı ildə Bakı şəhərində "İnformasiya Texnologiyalarının kitabxana işində tətbiqi və avtomatlaşdırma" mövzusunda M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən beynəlxalq seminar və həmin ilin 25-27 yanvar tarixlərində Bakı şəhərində Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən "Muzey menecementi: Azərbaycan muzeyləri iqtisadi və sosial dəyişikliklərlə üz-üzə" adlı beynəlxalq konfrans təşkil olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və İSESKO arasında 11 sentyabr 2006-cı ildə imzalanmış əməkdaşlıq sazişi ölkəmizin inteqrasiya proseslərində islam mədəni dəyərlərinin mühafizəsi, mübadiləsi sahələrində rolunu əks etdirmişdir. YUNESKO-nun görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı çərçivəsində 2005-Azərbaycan görkəmli alimi akademik Yusif Məmmədəliyevin, 2006 - Azərbaycanın məşhur rəssam-xalçaçı ustası Lətif Kərimovun, 2008-ci ildə "Leyli və Məcnun" Operasının ilk tamaşasının, Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin, Azərbaycan rəssamı Səttar Bəhlulzadənin, Azərbaycan alimi akademik Musa Əliyevin 100 illik yubileylər tədbirləri həyata keçirilmişdir. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. 2008-ci ilin martın 3-4-də İSESKO-nun Baş Qərargahında (Rabat) Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. 70 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan xalçası və xalq tətbiqi sənəti, mədəniyyəti dövlət muzeylərinin hazırladıqları dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgi və zəngin konsert proqramları bu tədbirlərdə milli incəsənətimizi layiqincə təmsil etmişlər [10].

Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi irs nümunələrinin qorunması və UNESKO-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlər ölkəmizin bu beynəlxalq təşkilatın hökümətlərarası Komitəsinə üzv seçilməsində mühüm rol oynamışdır. İslam aləmində və bütün dünyada elmin, mədəniyyətin, təhsilin inkişafına dəstək verən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) 2009-cu II üçün Bakı şəhərini islam Mədəniyyətinin Paytaxtı elan edib. 2009-cu il, 18-25 mart Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir.

2009-cu il martın 20-də Bakı şəhərində Müasir İncəsənət Muzeyinin açılış mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və YUNESKO-nun Baş direktoru K.Matsuura, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. 2009-cu ilin 28 sentyabr-oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası Komitənin 4-cü sessiyasının qərarına əsasən, Azərbaycan Aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Qeyrimaddi mədəni irsin reprezentativ siyahısına daxil edilmişdir. 2009-cu il 28 sentyabr02oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Azərbaycan YUNESKO ilə əməkdaşlığının başqa bir istiqaməti muzeylərarası əlaqələrdir. Mənəvi varlıqların təsviri sahəsində YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasını, İKOM Azərbaycan Milli Komitəsinin geniş fəaliyyətini qeyd etmək lazımdır (19).

2010-cu il avqustun 1-də YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova Azərbaycana səfəri çərçivəsində Şəki şəhərində olmuşdur. Baş Direktor Şəki xanlarının sarayında, Kiş kəndində yerləşən qədim alban məbədində, bölgənin ən iri sənaye müəssisəsi olan "Şəki-İpək" Açıq Səhmdar Cəmiyyətində, "Yuxarı Karvansara" mehmanxana kompleksində olmuşdur [9]. Azərbaycan muğamı, Aşıq sənəti, Novruz bayramı UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezantativ siyahısındadır. Bu siyahıya xalça sənəti, Lahıc, Nic və Qırmızı qəsəbənin mədəniyyət məkanları daxil edilməsi təqdim edilmişdir [10]. 2011-ci il aprelin 7-də Bakıda Mədəniyyətlərarası dialoqu üzrə Beynəlxalq forum öz işinə başlamışdır. Forumun "Sərhədsiz dünyaya doğru" sessiyasının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etdilər [1]. Mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq forumda mədəniyyətlərarası əlaqələrin siyasi, praktiki, idarəetmə və konseptual istiqamətləri müzakirə edilmişdir, yeni təşəbbüslərin irəli sürülməsi, təcrübə mübadiləsi sayəsində əlverişli imkanlar yaratmışdır. Respublikamızda UNESKO-Azərbaycan əməkdaşlığı çərçivəsində başqa bir mötəbər tədbir 2011-ci il 31 may 2 iyun aylarında təşkil olunmuşdur. Bakıda UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə təşkil olunmuş UNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin on səkkizinci sessiyasında aktual problemlər müzakirə edilmişdir. Ölkəmizin mədəniyyət və incəsənət inciləri və əsərləri nümayiş etdirilmişdir [17]. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

Azərbaycanın YUNESKO ilə əməkdaşlığının əsas istiqamətləri geniş səpkidə: mədəni və təbii irsin qorunması, tarixi abidələrin mühafizəsi, təhsilin, elmin inkişafı, ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafı, dünya mədəniyyətlərinin mübadiləsi, xalçaçılıq sənətinin inkişafı, muzeylərin qorunması, mədəniyyətlərarası dialoqun və sair sahələrini əhatə edir. Azərbaycan Respublikası təhsil, elm və mədəniyyət sahələrində müxtəlif ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bilmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. Azərbaycanın UNESCO ilə genişlənən əlaqələri ölkəmizin mənəvi varlığını, tarixi irsini dünya mədəniyyətinin tərkib hissəsinə çevrilməsinə töhfə verəcəkdir. Bu beynəlxalq təşkilatla qarşılıqlı iş birliyi bundan sonra da inkişaf etdirilməlidir, bu beynəlxalq qurumun açdığı böyük imkanlar sayəsində UNESCO ilə möhkəmlənən əlaqələr respublikamızın təhsil, elm, mədəniyyət sahələrində müxtəlif dünya ölkələri ilə daha geniş təcrübə mübadiləsi aparmağa yeni imkanlar yaradacaqdır.

Ədəbiyyat:

1. Azərbaycan, 8 aprel 2011

2. Ayna. 12 mart 2011

3. Xalq. 12 fevral 2011

4. Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinin 2005-ci il cari arxivi q 3 v 24

5. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1997-ci il cari arxivi q. 2 v. 25

6. Yeni Azərbaycan. 9 aprel 2011

7. Assosiativ məktəblər layihəsi şəbəkəsi, 2000, s. 8

8. Azərbaycan və UNESCO, B., 2002, s. 11

9. "Salam NEWS" agent., 20 aprel 2011

10. Mədəniyyət. 25 iyun 2010 s.3

11. Respublika, 9 noyabr, 1996.

12. Dövlət və din. 2009. Nl(9)s.50, 56.

13. Развития образования в Азербайджанской Республике, Национальный отчет Азербайджанской Республики, Б., 2001, стр. 55-60

14. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 1995-ci il üçün məlumatı

15. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 2002-ci il hesabatı, s. 19

16. UNESCO Təhsildə İnformasiya Texnologiyaları Institutunun Statistik hesabatı 2002 s 32

17. Respublika. 1 iyun 2011

18. ЮНЕСКО. Ростки мира, 2003,стр. 11

19. UNESKO-İKOM - Azərbaycan milli iftixarımızdır.B.,2008.s.9-10


Арзуман Амиров - доктор философии, доцент

Роль расширяющихся связей Азербайджана с ЮНЕСКО в приобщении к общемировым ценностям в развитии культуры, науки и образования

Резюме

В статье говорится о развивающихся отношениях Азербайджана с ЮНЕСКО и той роли Наци¬ональной Комиссии республики по связям с ЮНЕСКО в сфере расширения взаимосвязей в об¬ласти культуры, науки и образования. Реализуемые в стране международными организациями и компаниями социально-экономические, гуманитарные проекты и программы в русле интеграции в мировое сообщество, создали условия для развития международных отношений в сфере науки образования и культуры.


Arzuman Amirov – Ph.D. assistant professor

The Role of Expanding Relations of Azerbaijan with UNESCO in Involving to World Values, in the Development of Culture, Science and Education

Summary

This article deals with the development of relations of Azerbaijan with UNESCO and the role of the National Commission of the Republic on relations with UNESCO in the field of expanding cultural scientific and educational relations. Social-economic, humanitarian projects being implemented in our country by the international organizations and companies have created conditions for development of international relations in the sphere of science, culture and education.


Ərzuman Əmirov,
tarix üzrə fəlsəfə doktoru

Dövlət idarəçiliyi.- 2011.- № 3.- S. 190-193.