Azərbaycanın Birinci xanımı ölkələr arasında mədəni əlaqələrin inkişafına önəm verir
Fransa mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdan yazır
Azərbaycan mədəniyyətlərin, dinlərin və ənənələrin qaynayıb-qarışdığı məkandır. Etiraf edək ki, Şərq ilə Qərb dövlətlərinin qaynayıb-qarışmasında incəsənətin, mədəniyyətin də öz yer, payı müstəsnadır. Avanqard rəssamların yetişdiyi, incəsənət və memarlığın inkişaf etdiyi bir ölkəyə çevrilən Azərbaycanın dünyada daha geniş miqyasda tanınması və təqdim edilməsi məqsədilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr milli mədəniyyətimizin uğurla təbliğinə lazımı şərait yaratmışdır. Gerçəkləşdirdiyi layihələri əsasında layiqli sənət lövhələrini dünya ictimaiyyətinə çatdıran fondun son dövr ərzindəki fəaliyyətinə nəzər salsaq görərik ki, ölkəmizdə keçirilən festivallarda, müsabiqələrdə klassik musiqi və muğam sənətimizin təbliğinə, milli- mənəvi dəyərlərə, tariximizə xüsusi önəm yetirilir. Qəbələdə hər il keçirilən beynəlxalq musiqi festivalı, Bakıda beynəlxalq muğam festivalı, M. Rostropoviç adına beynəlxalq festival və bir sıra başqa tədbirlər Fondun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın şaxəli fəaliyyətində geniş ictimaiyyətə təqdim edilir. O cümlədən "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi, İkinci Beynəlxalq "Qız qalası" incəsənət festivalı və onlarla belə layihələr əsasında Azərbaycanın tanınan və istedadlı simaları dünyaya, beynəlxalq səviyyəli sənətkarlar isə Azərbaycana səyahət edərək hər iki halda ölkəmizin milli mədəniyyəti, tarixi ilə tanış olurlar.
Bu gün ölkəmizdə mövcud vəziyyət müasir incəsənətin inkişafına lazımi şərait yaradır və dünya səviyyəsində dolğun sərgilər hazırlamağa imkan verir. Bu günlərdə beynəlxalq kino festivallarının keçirildiyi məkanda Kannda təşkil olunan Azərbaycan mədəniyyəti günləri daha əlamətdar bir hadisəni təqvimimizə həkk etdi. Bu mədəniyyət günlərinin səsi-sədası Qərb ölkələrinin mətbuatından da soraqsız ötmədi. Azərbaycan mədəniyyəti günlərinin böyük marağa səbəb olması dərc olunan materialların səhifələrində əksini tapdı. Qeyd edək ki, belə tədbirlər ölkəmizin mövcud reallıqlarının təsvir və təqdimində də əhəmiyyətlidir. Fransanın nüfuzlu "Nice-matin" qəzetində dərc edilən "Kann Festivallar sarayında Azərbaycan gözəlliyi bayram edilir" sərlövhəli yazısında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən konsertlərdən və "Arşın mal alan" filminin nümayişindən söhbət açılır. Əlbəttə ki, belə bir filmin nümayişi iştirakçıların marağına səbəb olmaya bilməzdi. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə istehsal olunan "Arşın mal alan" film maraq doğurub. Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film vasitəsi ilə tamaşaçılar XX əsrin əvvəlindəki Bakının koloritini, ölkəmizdə kino sənayesinin tərəqqisini seyr edə biliblər. Əlbəttə ki, hər bir azərbaycanlı üçün böyük fəxarətdir ki, dünyaya mədəniyyətini nümayiş etdirən kannlılar Azərbaycan sənətinə böyük sevgi ilə tamaşa ediblər. Filmin istehsalından 70 ilə yaxın zaman ötsə də hələ də klassikdir. Şöhrəti hələ də yaşayır, sevə-sevə izlənilir. "Qızıl siyahı"ya daxil edilən filmə təkcə 1945-ci ildə bu filmə 16 milyondan çox insan tamaşa etmişdir. Film indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə tərcümə olunub. Budəfəki nümayişin ən böyük özəlliyi də Kann tamaşaçılarına filmin fransız dilində alt yazısı ilə çatdırılması olub. Azərbaycan xalq artistləri Rəşid Behbudovun və Lütfəli Abdullayevin ifasında əsas obrazların təqdiminə dini, irqi baxımdan heç bir kəs biganə qala bilməz. Bu filmə xüsusi diqqətin və marağın yaranmasında Üzeyir Hacıbəyli musiqisini əsas faktor olduğunun vurğulamaq vacibdir. Fransanın nüfuzlu mətbu orqanında Azərbaycan mədəniyyətinə verilən qiymət sözsüz ki, Azərbaycanda böyük sənətin olduğundan və inkişafdan xəbər verir. Bu dəyərlərin dünya ictimaiyyətinə ardıcıl olaraq çatdırılmasında isə Heydər Əliyev Fondunun böyük əməyi, məqsədli fəaliyyəti dayanır.
Azərbaycan mədəniyyət günləri rəngarəngliyi ilə seçilib. Zəngin mədəniyyətə malik Azərbaycanın bir-birindən bənzərsiz sənət nümunələri estetik, bədii cəhətdən o qədər güclüdür ki, onun təsirinə düşməmək belə qeyri-mümkündür. Kannın məşhur La Kruazet bulvarında "Natiq" ritm qrupunun, Azərbaycan Dövlət rəqs ansamblının konserti dinləyiciləri valeh etmiş, onlarda bayram əhvali-ruhiyyəsini yaratmışdır.
Mədəniyyət günləri çərçivəsində "Natiq" ritm qrupunun və Dövlət Rəqs Ansamblının çıxışlarını diqqətə çatdıran məqalədə fransız tamaşaçıların Azərbaycanın zəngin mədəni dəyərləri arasında nağaraya xüsusi maraq göstərmələri, Azərbaycan folkloruna məxsus çalğı aləti olması, ritm qrupunun 2010-cu ildə Seulda keçirilən beynəlxalq festivalda müvəffəqiyyətlə çıxış etdiyi vurğulanır.
Sözsüz ki, Fransa mətbuatı Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlərə də nəzər salmışdır. "Azərbaycan Kannda" yazısında fondun layihələri ilə həyata keçirilən tədbirlərin əhəmiyyət və mahiyyətinə nəzər salınıb. Fransanın nüfuzlu "TV5 Monde" televiziya kanalı isə Kannda keçirilən Azərbaycan mədəniyyəti günlərinə həsr etdiyi verilişində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransada keçirilən Azərbaycan günlərinin ölkəmizin qədim tarixini, zəngin mədəni irsini fransızlara yaxından tanıtmaq məqsədi daşıdığını diqqətə çatdırmışdır. Belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir.
Ölkənin portalları da Azərbaycan mədəniyyət günlərinə etinasız qalmamışdır. "Cezar.fr" və "artcotedazur" portallarında Heydər Əliyev Fondunun yaranmasından, Azərbaycan ilə Fransa arasında əməkdaşlığın qurulması və möhkəmlənməsi, iki xalqın bir-birinə yaxınlaşması istiqamətində görülən işlərdən və s. məqamları maraqla diqqətə çatdırır.
Bu görülən işlərin məntiqi nəticəsi olaraq qətiyyətlə vurğulayaq ki, Azərbaycanın qədim tarixə, rəngarəng mədəniyyətə malik zəngin bir diyar kimi dünyada tanıtmaqda Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Bu gün Azərbaycan nüfuzlu dünya ölkələri arasında öz layiqli yerini tutmaqla yanaşı, dünyada zəngin, təkrarolunmaz mədəniyyətə malik olan bir ölkə kimi də tanınır.
Nəzakət Ələddinqızı
Səs.- 2014.- 22 fevral.- № 33.- S. 3.