Mehriban xanım Əliyeva: "Xalqları biri-birinə yaxınlaşdıran dil, mədəniyyət, incəsənət, tərcüməyə ehtiyacı olmayan musiqidir"
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr bir daha göstərdi ki, Azərbaycan Avropa ilə Asiya arasında körpüdür
Ənənəvi olaraq üçüncü dəfə dünyanın tanınmış, musiqiçilərinə, virtuoz sənətkarlara ev sahibliyi edən Qəbələ əsrarəngiz gözəlliyi ilə bir daha hamını heyran etdi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçüncü dəfə keçirilən Beynəlxalq Musiqi Festivalı iştirakçılarının vurğuladığı kimi, təbiəti, nadir inciləri ilə fərqlənən, qədimliklə müasirliyin vəhdətini yaşadan Qəbələ dostluq, əməkdaşlıq məkanı oldu.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə hər il keçirilən bu festivalda dünya və Azərbaycan bəstəkarlarının sevilən əsərlərinin eyni səhnədən səslənməsi bir həqiqəti özündə ehtiva edir : “Musiqi sərhəd tanımır.”
Mehriban xanım Əliyevanın festival iştirakçılarına göndərdiyi təbrik məktubunda qeyd olunduğu kimi, tarixi İpək Yolu Azərbaycan ərazisindən keçəndə bu ənənələr öz inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün həmin ənənələr sayəsində Azərbaycan Avropa və Şərq arasında mədəniyyətlərarası körpü rolunu oynayır. Diqqətçəkən məqamlardan biri də Azərbaycan və Avropa klassik musiqisi ilə yanaşı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğamlarımızın festivalda səslənməsi və böyük maraqla qarşılanması oldu.
Hələ Qafqaz Albaniyası dövründə tolerantlıq ənənələrinin və mədəniyyətlərinin mərkəzi kimi tanınan Qəbələdə keçirilən III Beynəlxalq Musiqi Festivalı Fondun maraqlı layihələrindəndir. Bundan əvvəl də Fondun təşəbbüsü və dəstəyi ilə keçirilən və böyük tamaşaçı auditoriyası toplayan Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, Üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarların yubileylərinə həsr olunmuş tədbirlər həm də dostluq və əməkdaşlıq simvolu kimi tarixə yazılıb. Fondun həyata keçirdiyi layihələr bir daha milli mənəvi dəyərlərimizin beynəlxalq aləmdə təbliği üçün önəmli layihələr həyata keçirən Mehriban xanım Əliyevanın bu sözlərini təsdiqləyir: “Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir.”
Belə möhtəşəm musiqi bayramlarının paytaxtdan kənarda təşkili Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir. Qəbələdə qonaqları valeh edən Avropa standartlarına uyğun tərəqqi, təbii gözəllik bütünlükdə ölkəmizin yaşadığı intibahın, Azərbaycan haqqında beynəlxalq aləmdə təsdiqini tapan uğurların təzahürüdür.
Təbii ki, Fondun uğurları təkcə mədəniyyət, incəsənət, milli mənəvi dəyərlərin təbliğinə yönəlmiş layihələrin reallaşması ilə bitmir.
Bu günlərdə Pakistanın “ Pakistan Observer” qəzetində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən geniş məqalədə qeyd olunduğu kimi milli və bəşəri dəyərləri şəxsiyyətində formalaşdıran və həyata keçirdiyi biri-birindən əhəmiyyətli, insanlara xeyirxahlıq və humanizm aşılayan layihələri ilə ailələrə sevinc bəxş edən Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir.
Əl-Bab Strateji Araşdırmalar İnstitutunun bloqunda yerləşdirilən “Mehriban Aliyeva: A Woman of Substance” adlı məqalədə Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanımın xeyriyyəçilik fəaliyyətindən uşaqlara, ahıllara, göstərdiyi xüsusi qayğıdan, Fondun təşəbbüsü ilə tikilən və təmir olunan məktəblər, uşaq evləri, internatlar, səhiyyə müəssisələri barədə söz açılır. Tək respublikamızda deyil, bir çox ölkələrdə ( (Rumıniya, Rusiya) təhsil səhiyyə ocaqlarının tikilməsi barədə təşəbbüslərini reallaşdıran adı kimi özü də insanlara mehribanlığı, səmimiliyi ilə seçilən Azərbaycanın birinci xanımının pakistanlı uşaqlara göstərdiyi diqqətindən də bəhs olunur. Qeyd edilir ki, 2005-ci ildə Pakistanın Müzəffərabad şəhərində dağıdılmış təhsil ocağının ərazisində Mehriban xanımın təşəbbüsü ilə qızlar üçün yeni məktəb inşa olunur. Xoşməramlı səfirin bu addımı Azərbaycan -Pakistan dostluğunun təzahürü kimi diqqətə çatdırılır, Fondun prezidentinin təltif olunduğu beynəlxalq mükafatların xeyirxahlıq fəaliyyətinə verilən dəyər kimi yüksək qiymətləndirilir. Məqalədə Azərbaycan gənclərinin hamisi Mehriban xanımın milli musiqimizin qorunub , təbliğ olunmasında, Gimnastika Federasiyasının prezidenti kimi idmanın dirçəldilməsindəki rolundan bəhs olunur.
Fondun xətti ilə həyata keçirilən layihələrin sayı onlarladır.
Parisdə müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünə və “Azərbaycan” kitabının təqdimatına həsr olunmuş tədbirlər həqiqi mənada Azərbaycan mədəniyyət və incəsənətinin, milli mənəvi dəyərlərinin, el sənətlərinin tanıdılmasında beynəlxalq təşəbbüs kimi maraqla qarşılandı. Fransada olarkən bir sıra görüşlər keçirən, ölkəmizdə aparılan sosial-iqtisadi, mədəni islahatlar barədə ətraflı məlumat verən Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, xalqları biri-birinə yaxınlaşdıran dil, mədəniyyət və incəsənət, tərcüməyə ehtiyacı olmayan musiqidir. Azərbaycanı Avropada, qitənin mədəniyyət mərkəzi sayılan Fransada tanıdan Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan bu kimi möhtəşəm tədbirlər, Azərbaycanın birinci xanımının Fransanın Prezidenti N. Sarkozinin sərəncamı ilə “ Şərəf Legionu “ ordeninin zabit rütbəsi ilə təltif olunması ölkəmizin xarici siyasətinin uğuru olmaqla, beynəlxalq aləmdə nüfuzunun artmasının təsdiqidir.
“Şərəf Legionu” ordeninə layiq görülməsi münasibətilə Mehriban xanım Əliyevaya xoş arzularını çatdıran Nikola Sarkozinin təbrik məktubunda deyilir: “Öz şəxsi orden fondumdan Sizi təltif etməyi qərara aldığım bu məşhur mükafat ölkəmizə göstərdiyiniz xidmətlərin keyfiyyətinə və ona münasibətdə nümayiş etdirdiyiniz sədaqətə görə olan mükafatdır.”
Dəfələrlə layiq görüldüyü adlar, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir. Mehriban xanımın bu sözləri onun çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə qazandığı nailiyyətlərin göstəricisidir: “Mən öhdəmə götürdüyüm bütün hər bir işə çox məsuliyyətlə yanaşıram. Hər zaman öz fəaliyyətimlə bir neçə məqsədə çatmağı düşünmüşəm. Bunlar vətənpərvərlik və mərhəmətlilikdir.”
Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqram və layihələrinə uyğun olaraq həyata keçirilən yenidənqurma və bərpa işləri bu gün də davam etdirilir.
Mehriban xanımın təşəbbüsü ilə yenidən qurulan Şağan və Süvəlan qəsəbələrindəki internat evləri ən müasir informasiya texnologiyaları ilə təchiz edilmişdir. Uşaq evləri və internatların yenidənqurulması təşəbbüsünü irəli sürən Heydər Əliyev Fondunun prezidentinin diqqət və qayğısı nəticəsində 30-dan artıq təlim-tərbiyə müəssisəsi ən müasir avadanlıqlarla təmin olunmuş, valideyn himayəsindən məhrum körpələrin fiziki cəhətdən sağlam, hazırlıqlı vətəndaş, zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində önəmli tədbirlər həyata keçirilmişdir.
“Hər bir uşağın ailəyə ehtiyacı var” kampaniyasını irəli sürməklə uşaqların ailələrə verilməsi kimi önəmli layihənin həlli istiqamətində milli- mənəvi dəyərlərimizi əks etdirən tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşkilatçılığı ilə həyata keçirilən təşəbbüslərin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı, övladlar yetişdirilsin. Fondun təşəbbüsü ilə yenidən qurulan 34 saylı şəhər səhiyyə kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edən Mehriban xanım bildirmişdir ki, respublikamızda bütün səhiyyə ocaqları ən müasir standartlara cavab verəcək səviyyədə yenidən qurulacaq, ən son texnologiya, avadanlıq, tibbi cihaz və aparatlarla təmin olunacaq.
Açıq səma altında muzey kimi diqqət çəkən Abşeron yarımadasında turizmin inkişafı baxımından əlverişli ərazidə yerləşən, beş min il tarixə malik Qala kəndində aparılan təmir-tikinti, bərpa və yenidənqurma işləri ilə maraqlanan Mehriban xanım Əliyeva ərazidəki tarixi memarlıq və mədəniyyət incilərinin qorunub saxlanılması üçün tövsiyələrini də bildirmişdir: “ Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.”
Göründüyü kimi bu sözləri ilə xalqa xidmətin hər zaman dəyərli olduğunu bildirən Mehriban xanım üçün məsuliyyətin və yerinə yetirilmiş vəzifənin də böyük, kiçikliyi yoxdur. Yalnız xalqa xidmət istəyi, insanları sevindirəcək, imkansızlara yardım, humanistlik və xeyirxahlıq duyğuları var. Azərbaycanın birinci xanımı həqiqətən dəfələrlə layiq görüldüyü “İlin xanımı” adını ləyaqətlə daşıyır.
“Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin təşəbbüskarı olan Fondun dəstəyi və YUNESKO-nun iştirakı ilə Bakıda keçirilən dünyada savadlılığın dəstəklənməsi üzrə regional konfranslar çərçivəsində “ Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” beynəlxalq konfrans Azərbaycanda elmin, təhsilin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğuruna baxış idi.
Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə həyata keçirilən “ Talassemiyasız həyat naminə”, “ Diabetli uşaqlara ən yüksək qayğı”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mehriban xanımın təşəbbüsü ilə bəşəriyyətin şifahi və qeyri- maddi irsinə dair şah əsərləri siyahısına daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.
Milli mədəniyyətimizin inkişafına, təbliğinə diqqət yetirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə bu gün üçün deyil, gələcək naminə görülən misilsiz xidmət kimi dəyərləndirilir.
24 tanınmış, korifey xanəndənin ifasında səslənən muğamların toplandığı “Qarabağ xanəndələri” musiqi albomunun nəşri kifayətdir ki, dünya xalqları Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə ətraflı məlumat alsın.
Görülən işlərin davamı kimi maraq doğuran, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 120 illiyi münasibətilə təşkil edilən televiziya- muğam müsabiqəsi demək olar ki, dünyanın hər yerində izlənildi və tamaşaçı rəğbəti qazandı.
Milli və tarixi adət-ənənələri mərasimlərində yaşadan Novruz bayramı ərəfəsində keçirilən “Muğam aləmi Beynəlxalq Musiqi Festivalı-2009”-un təşkili dünya xalqlarının diqqətini Şərq ilə Qərbin qovşağında yerləşən və sivilizasiyaları birləşdirən Azərbaycana yönəltdi.
“Muğam aləmi” beynəlxalq festivalın rəsmi açılışında çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, muğam Azərbaycanın milli sərvətidir: “Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olmuşdur və bizim gələcək uğurlarımız da məhz bu amillə bağlıdır. Biz bütün ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün ən önəmlisi, ən əzizi milli dəyərlərimizdir. Azərbaycan dəyərləridir.”
Muğam festivalının İslam mədəniyyətinin paytaxtı Bakıda keçirildiyini tarixi və önəmli hadisə adlandıran Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutmuşdur, öz qəlbində saxlamışdır. “Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur və inkişaf etdirilir. Azərbaycanı muğamsız, muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, birinci beynəlxalq muğam festivalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir”.
Mehriban xanımın Azərbaycanın milli mənəvi dəyərlərinin qorunub, inkişaf etdirilməsi və təbliğ olunması istiqamətində göstərdiyi tarixi xidmətlərin sırasında Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması da öndə dayanır. Heydər Əliyev Fondunun xətti ilə müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Heydər Əliyev Fondunun, şəxsən Avropa və Qərb dövlətlərində böyük siyasi nüfuza, hörmətə , ehtirama layiq Mehriban xanımın xidmətləri misilsizdir.
Xuraman İsmayılqızı
İki sahil.- 2011.- 18 avqust.- № 150.- S. 3.