Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Avropa Gimnastika İttifaqının texniki komitəsinin iclası və Avro-2009-un püşkatma mərasimi Bakıda keçiriləcəkdir


Avropa Gimnastika İttifaqının (UEG) iki iclası və bu il mayın 15-17-də Bakıda nəzərdə tutulmuş bədii gimnastika üzrə 25-ci Avropa çempionatının püşkatma mərasimi fevralın ortalarında Azərbaycanın paytaxtında keçiriləcəkdir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirmişlər ki, UEG-in direktoru Manfred Kuht və qurumun bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder çempionatın Təşkilat Komitəsinin iclasında iştirak edəcəklər. Əsas müzakirə mövzusu iştirakçıların akkreditasiyası və yerləşdirilməsi, dopinq-nəzarət və televiziya ilə yayım, idman kompleksinin təchizatı və çempionata hazırlıq barədə hesabatların hazırlanması məsələləri, habelə digər mövzular olacaqdır.

H.Bruneder Texniki Komitənin iclasında həmkarları ilə Avropa birinciliyinin cədvəlini, iştirakçıların və fəxri qonaqların gəlişi günlərini razılaşdıracaqdır. Turnirin formatına, gimnastların sayına, yeniyetmələrdən ibarət qrup komandalarının tərkibinə xüsusi diqqət yetiriləcəkdir.

Avropa çempionatının püşkatma mərasimi isə ən əlamətdar hadisə olacaqdır. Yeri gəlmişkən, Avro-2009-un artıq məlum 31 iştirakçı sırasına daha üç dövlət – İspaniya, Gürcüstan və Türkiyə qoşulmuşdur. Beləliklə, 33 ölkənin gimnastları fərdi turnirdə, qitənin 19 komandası isə yeniyetmələrdən ibarət qrup kollektivlərinin yarışlarında qüvvələrini sınayacaqlar.

Azərbaycan yığmasının bütün liderləri – Avropa çempionu Aliyə Qarayeva, dünya çempionatının bürünc mükafatçıları Anna Qurbanova və Zeynəb Cavadlı, dünya klub birinciliyi yarışlarının bürünc medalçısı Samirə Mustafayeva yeni proqramlar hazırlayırlar. Məşqçilər bildirmişlər ki, bütün hərəkətlər yeni və kifayət qədər mürəkkəbdir, üstəlik, gürz əvəzinə topdan istifadə olunacaqdır.

Yeniyetmələrdən ibarət qrup komandamız da məşqçi Mariana Vasilyevanın rəhbərliyi altında gücləndirilmiş rejimdə gündə iki dəfə məşq edir. Bolqarıstan mütəxəssisi aşağıdakı gimnastlar üçün qaraçı musiqisinin sədaları altında 5 lentlə proqram hazırlamışdır: Səbinə Abbasova, Aelita Xələfova, Nigar Əbdülsəlimova, Yevgeniya Jidkova (hamısı 1994-cü il təvəlüdlü), Kamilə Məmmədova (1995), habelə iki ehtiyat gimnast Nərgiz Əliyeva (1994) və Lalə Məhərrəmova (1995).


AzərTAc
2009, 15 yanvar