Çap etmək   ⁞     ⁞   Fond haqqında

Bakı Dövlət Universitetində Heydər Əliyev Fondunun hədiyyə etdiyi kitabların sərgisi keçirilmişdir


Aprelin 30-da Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyev Fondu tərəfindən alınmış və BDU-ya hədiyyə edilmiş kitabların sərgisi təşkil olunmuşdur.

Bu münasibətlə təşkil olunmuş tədbirdə universitetin rektoru, akademik, Milli Məclisin deputatı Abel Məhərrəmov bildirmişdir ki, elm və təhsilimizin inkişafında və onun dünyaya inteqrasiyasında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. Fond tərəfindən Rusiyanın müxtəlif nəşriyyatlarında çapdan çıxmış 5 minə yaxın kitab alınaraq respublikamızın ali məktəblərinə, o cümlədən 919 adda mindən çox kitab BDU-ya hədiyyə olunmuşdur. Bu dərsliklər biologiya, kimya, tətbiqi riyaziyyat və kibernetika, geologiya, beynəlxaq hüquq, sosial elmlər, psixologiya, tarix, filologiya, jurnalistika və sair sahələri əhatə edir. Həmin dərsliklərin və dərs vəsaitlərinin dilimizə tərcümə olunub kütləvi tirajla nəşr edilməsi də nəzərdə tutulur.

Rektor Abel Məhərrəmov, akademik Fuad Qasımzadə, professor Abuzər Xələfov və digər natiqlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilimizə, mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan razılıqla danışmış, universitetin kollektivi adından Azərbaycanın birinci xanımına təşəkkürlərini bildirmişlər.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsilimizlə bağlı imzaladığı sənədlərin əhəmiyyəti vurğulanmış, çıxış edənlər bu diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.


Azərbaycan.- 2007.- 1 may.- № 92.- S. 3.