Heydər Əliyev Fondu
"Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Bu bayram günündə onun adını daşıyan fondun təqdimat mərasimi keçirilmişdir. Heydər Əliyev Fondu xalqımızın ümummilli lideri, müasir Azərbaycanın qurucusuna Heydər Əliyevin siyasi irsini öyrənəcək, təhlil, tədqiq və təbliğ edəcəkdir. Heydər Əliyev Fondu ictimai təşkilatdır və Azərbaycanın ictimai həyatında mühüm rol oynayacaqdır. Heydər Əliyevin ideyaları, fikirləri yaşayır. Heydər Əliyev siyasəti, fəlsəfəsi, ideologiyası yaşayır və bundan sonra da əbədi yaşayacaqdır. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan onun yolu ilə irəli, yeni qələbələrə doğru inamla gedəcəkdir".
İlham Əliyev
İki il öncə, bir qış axşamında dünyanın informasiya kanallarının yaydığı xəbərdən düşüncələr, baxışlar dondu, üzlərə bir hüzn qondu. O anlarda tarixin yaddaşına üz tutduq, yaxın keçmişə boylandıq. Millət Atasının məmləkəti, xalqı üçün nəhəng miqyaslı fəaliyyəti, gördüyü tale-yüklü işlər gözümüz qarşısında canlandı. Anladıq ki, cahanşümul fəaliyyəti, böyük əməlləri artıq ona əbədiyyət və ölümsüzlük qazandırıb. Azərbaycan durduqca, xalq yaşadıqca, ümummilli liderimizin ruhu qəlbimizdə yaşayacaq.
İnana bilmirsən ki, o bir daha tribunaya qalxıb saatlarla, yorulmadan gözəl, məntiqli çıxışı ilə milyonlarla insanı heyrətə gətirməyəcək. İnana bilmirsən ki, bir daha təyyarə trapına qalxıb xarici dövlətlərə səfər etməyəcək, hansısa beynəlxalq bir toplantıda uzun illərdən bəri düçar olduğumuz Qarabağ düyününün çözülməsinə məsul dövlətləri bu işə laqeyd münasibətlərinə görə ittiham etməyəcək. İnanmaq olmur ki, haradasa bir ağsaqqalın könlünü almayacaq, qəlbisınıq, nisgilli bir körpənin başına sığal çəkib ovundurmayacaq.
"Mən azərbaycanlı olmağımla fəxr edirəm"—deyən bu böyük azərbaycanlının aramızda yoxluğuna inanmaq və bu yoxluqla barışmaq çətindir... Bu çətinliyi aşmaq, bu yoxluğa dözmək üçün tarixin təsdiq etdiyi böyük bir həqiqəti dərk etmək gərəkdir: şəxsiyyətlər ölmür! Yuli Sezarlar, Bismarklar, Napoleonlar, Xətailər, Atatürklər və daha neçə-neçə sərkərdələr, dövlət xadimləri öz zəmanələrinin tarixini qurduqları, yaratdıqları üçün bu qocaman dünyanın özü qədər əbədi və həmişəyaşardırlar. XX əsr Azərbaycan tarixinin yetişdirdiyi Heydər Əliyev şəxsiyyətinin adını da zaman özü bu əbədiyaşar, Tanrı tərəfindən seçilmişlərin sırasına yazdı. O da xalqı, Vətəni qarşısında xidmətlərinə görə dünya durduqca hər bir azərbaycanlının qürur yeri, iftixar mənbəyi kimi əbədiyaşar olacaqdır.
ƏBƏDİYYƏTƏ GEDƏN YOLUN BAŞLANĞICINDA
34 il. Bu illərdə Heydər Əliyev rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır.
Heydər Əliyev 1969-cu ildə birinci dəfə respublikaya rəhbərlik etməyə başladığı dövr Azərbaycan üçün tənəzzül dövrü idi. Azərbaycan SSRİ-nin perspektivsiz əyalətlərindən biri kimi qəbul edilir, onun neftə yönəldilmiş iqtisadiyyatı sürünməyə məhkum edilmişdi. Sovet rəhbərləri alman faşizmi üzərində qələbənin təmin olunmasında həlledici rol oynayan qədim neft səltənətinin taleyini başlı-başına buraxmışdı,
Belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın tarixində böyük dönüş yaratdı, Respublikanın dinamik inkişafına dair kompleks proqramlar işlənib hazırlandı, Onun təşəbbüsü ilə ittifaq hökuməti Azərbaycan iqtisadiyyatının hərtərəfli və intensiv inkişafına yönəldilmiş xüsusi qərarlar qəbul etdi. Bu, görünməmiş bir iş idi, respublikanın, xalqımızın mənafeyi baxımından tarixi əhəmiyyəti vardı. Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı, yorulmaz fəaliyyəti sayəsində Azərbaycan həyatının bütün sahələrində vüsətli dəyişikliklər baş vermişdi. Azərbaycan Rusiya Federasiyasından sonra İttifaq büdcəsindən dotasiya almadan yaşayan iki respublikadan biri idi. Həmin dövrdə Azərbaycanda güclü iqtisadi potensial yaranmışdı. Və o bu gün müstəqil ölkəmizə xidmət edir. Çünki uzaqgörən, müdrik şəxsiyyət Hey-dər Əliyev çox gözəl başa düşürdü ki, hər bir millətin siyasi müstəqilliyini şərtləndirən əsas amil onun iqtisadi azadlığıdır. Bu baxımdan indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, dünya iqtisadiyyatına getdikcə daha dərin inteqrasiyası prosesini hələ 1970-ci illərin sonu, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslandığını deyən tədqiqatçıların fikri ilə razılaşmamaq mümkün deyildir.
Həmin illər Azərbaycanın həqiqətən müasir intibah dövrü idi. 15 il ərzində Azərbaycanda 213 iri və orta sənaye müəssisəsi istifadəyə verilmiş, aqrar sahədə misilsiz irəliləyiş baş vermişdi. Bakıda, respublikanın şəhər və rayonlarında böyük quruculuq və abadlıq işləri aparılırdı.
Azərbaycanın intibahını şərtləndirən mühüm amillər sırasında təhsilin, elm və mədəniyyətin yüksəlişinə xüsusi diqqət yetirilirdi. Görkəmli şəxsiyyətlərin yubileylərinin respublika və ittifaq səviyyəsində qeyd edilməsi, onların abidələrinin ucaldılması, yeni ali məktəblərin açılması, azərbaycanlı gənclərin ittifaqın aparıcı ali məktəblərinə müsabiqədən kənar qəbul olunması, ədəbiyyatımızda, incəsənətimizdə yeni ruhlu əsərlərə meydan açılması və s. Heydər Əliyevin bütün fəlsəfi konstruksiyasının xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslandığını sübut edirdi. Heç bir əngəl, maneə onu tutduğu yoldan çəkindirə bilmirdi.
Heydər Əliyevin milli dirçəliş, təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası ilk növbədə gənclərə istiqamətlənmişdi. Hər il SSRİ-nin ali məktəblərinə 1000-1400 nəfər oxumağa göndərilirdi. Hazırda keçmiş sovet məkanında formalaşan Azərbaycan diasporunun özəyinin o vaxt təhsillərini başa vurduqdan sonra, SSRİ-nin müxtəlif şəhərlərində işləməyə qalan gənclər təşkil edir.
Xalqın milli dirçəlişi, milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verilirdi. Heydər Əliyevin qayğısı sayəsində 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Sonralar müstəqillik illərində respublikaya rəhbərlik edərkən ölkə həyatının bütün sahələrində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi üçün böyük işlər görən Heydər Əliyev çıxışlarının birində demişdir: "Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir".
O, Moskvada İşlədiyi dövrdə də respublikadan öz qayğısını əsirgəmirdi. Xalqa, Vətənə bağlılıq onu yüksək vəzifə səlahiyyətlərindən istifadə edərək Azərbaycan üçün böyük işlər görməyə sövq edirdi. Bu illərdə Azərbaycan özünün inkişafı üçün SSRİ-nin mümkün imkan və vasitələrindən maksimum bəhrələnirdi.
Elə 1990-cı ilin yayında onu Moskvadan Vətənə çəkib gətirən də bu sevgi, bu bağlılıq idi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ oldu. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi ilk dəfə burada qəbul olunmuş, Sovet qoşun hissələri Muxtar Respublikadan çıxarılmış, 1990-cı il 20 Yanvar faciəsinə həqiqi siyasi qiymət verilmişdi. O dövrdə Naxçıvan həqiqətən milli azadlıq və milli dövlət quruculuğu nümunəsi idi...
Tanrı bu böyük xilaskarı həmişə xalqınagərəkli bir vaxtda yetirirdi. 1993-cü ilin yayında "olum ya ölüm" dilemması qarşısında qalan xalq Heydər Əliyevə üz tutdu. Xalqının səsini eşidən bu müdrik siyasətçi həmin il iyun ayının 15-də təkrar hakimiyyətə qayıtdı. Bu tarixi qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi -mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaratdı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı...
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Öz əhəmiyyəti baxımından onun fəaliyyəti Azərbaycanın hüdudlarından çox-çox kənarlara çıxır. Təkcə Azərbaycanda deyil, həm də bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev öz parlaq zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliyini yaratmış, dövlət müstəqilliyimizi əbədi və dönməz etmiş, onu işıqlı sabaha doğru aparan yolları müəyyənləşdirmişdir. Bu yollar içində o həm də özünün əbədiyyətə gedən yolunu cızmışdır. Həmin yol əbədi-yaşarlığın başlanğıcı olmuşdur.
ULU ÖNDƏRİN ÖLMƏZ İDEYALARI YAŞAYIR
"Doğma, canım, varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram"
Dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 35 ilə yaxın bir dövr ərzindəki Titanik fəaliyyəti bu sözlərdəki həqiqəti dəfələrlə təsdiq etmişdir. Onun bütün ömrü doğma vətənin iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Müdrik siyasətçinin həyata keçirdiyi müstəqil dövlətçilik strategiyasını bu gün onun siyasi xəttinin layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004-cü il may ayının 10-da cənab İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu məqsədə xidmət edir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz Heydər Əliyevin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərin-dən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.
Heydər Əliyevin işləyib hazırladığı milli dövlətçilik strategiyasının məhək daşını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Fondun yaradılmasının əsas məqsədlərindən biri də müdrik rəhbərimizin bu yöndəki arzu və niyyətlərinin gerçəkləşdirilməsinə xidmət edən beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsini dəstəkləmək və onlarda iştirak etməkdir.
Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkənin iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Fond da öz növbəsində bütün bu sahələrdəki layihələrin həyata keçirilməsinə, xüsusilə də Azərbaycançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına və təbliğinə, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik, layiqli vətəndaş kimi yetişməsinə yardım edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fondun açılış mərasimindəki nitqində demişdir: "10 il tarix baxımından böyük bir müddət deyildir. Amma baxın, son 10 ildə Azərbaycanda nə qədər böyük işlər görülübdür. Azərbaycan nə qədər böyük uğurlar əldə edibdir. Bütün bu uğurlara görə biz xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq.
Bu gün onun adını daşıyan Fondun təqdimat mərasimi keçirilir. Bu ideya yeni deyildir. Bir neçə il bundan əvvəl belə bir fikir yaranmışdı ki, Heydər Əliyev Fondu yaradılsın. O da bu fikrə müsbət yanaşmışdı, ancaq bunu həyata keçirmək mümkün olmamışdı. Amma biz hesab etdik ki, bu gün belə bir Fond lazımdır. Bu Fond artıq yaradılıbdır. Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır, ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır".
XOŞ NİYYƏT, XOŞ MƏRAMLA
2004-cü ilin sentyabrında Səttar Bəhlulzadə adına sərgi salonunda təşkil olunmuş "Mən Azərbaycanı sevirəm" mövzusunda rəsm sərgisi Heydər Əliyev Fondu tərəfindən keçirilən ən yaddaqalan tədbirlərdən biri oldu. Sərgidə respublikanın müxtəlif bölgələrindən 30-dək uşaq evi və internat məktəblərinin nümayəndələri öz işlərini nümayiş etdirirdilər. Bu sərginin təşəbbüsçüsü, ümummilli liderimiz Heydər Əliyevin nəvəsi Leyla Əliyeva idi. O bu sərginin keçirilməsi üçün uşaq evləri və internat məktəblərinə gedərək istedadlı uşaqlarla görüşmüş, onların işləri ilə tanış olmuşdu.
Kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki cəhətdən qüsurlu, müxtəlif xəstəliklərə düçar olmuş, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı ulu öndərimiz Heydər Əliyevi daim düşündürən məsələ idi. Fondun prezidenti Mehriban xanım Əliyeva bu fikirləri hər zaman vurğulayıb. Və ümummilli liderimizin adını daşıyan Fondun bu uşaqlara mümkün qədər qayğı göstərməsi, onların öz istedadlarını nümayiş etdirməsi üçün hər bir imkandan istifadə etməsi, hamını bu nəcib, xeyirxah təşəbbüsə qoşulmağa çağırması ulu öndərin arzularının gerçəkləşdirilməsini sübut edir.
Mehriban xanım öz isti yurd-yuvasından didərgin düşmüş, ağır şəraitdə yaşayan soydaşlarımızı da Fondun diqqətindən kənarda saxlamır. Onun şəxsi təşəbbüsü ilə Biləsuvar, Sabirabad, İmişli rayonlarına səfərlər təşkil olunmuş, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhərciklərdəki məktəblərin 10 minlərlə birinci sinif şagirdlərinə məktəb ləvazimatları, hədiyyələr paylanmışdır. Bu iş artıq ənənə halını almışdır.
Müxtəlif xəstəliklərə düçar olmuş insanların müalicəsi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biridir. 2004-cü ilin dekabrında Fondda keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsinin təqdimatı bu istiqamətdə atılan ilk addım idi. Heydər Əliyev Fondunun, Azərbaycan Diabet cəmiyyətinin və Danimarkanın yüksək keyfiyyətli insulin istehsalı sahəsində dünyada lider olan Novo Nordisk şirkətinin bu birgə layihəsinin əsas məqsədi cəmiyyətin, yerli və xarici şirkətlərin diqqətini Azərbaycanda diabetli uşaqların problemlərinin həllinə yönəltmək, Beynəlxalq Diabet Federasiyasının bu işdə iştirakını fəallaşdırmaqdan ibarətdir.
Layihənin təqdimat mərasimində çıxış edən Mehriban Əliyeva demişdir: "Azərbaycanda bu xəstəliyə tutulanların 310 nəfəri 14 yaşınadək olan uşaqlardır və bizim fondun vəzifəsi onları bu bəladan xilas etməkdir". Bu sözlər artıq işdə təsdiqini tapmış, layihə çərçivəsində həmin uşaqlara yarım ildə istifadə olunacaq qədər insulin preparatları və şpris-qələmlər verilmişdir. Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkədə talassemiyalı xəstələrin müalicəsi məqsədi ilə "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində respublikada müasir avadanlıqlarla təchiz olunmuş Talassemiya mərkəzinin və mərkəzi qan bankının yaradılması istiqamətində işlər görür. Gələn il mərkəzin təməlinin qoyulması nəzərdə tutulur.
Azərbaycana rəhbərliyi dövründə elmin, mədəniyyətin, ədəbiyyatın inkişafına misilsiz xidmətlər göstərmiş ümummilli liderimizin ideyalarını rəhbər tutan Heydər Əliyev Fondu bu istiqamətdə də fəaliyyət göstərir, xalqımızın tarixi, milli-mədəni irsinin qorunub saxlanılması və təbliği işinə öz töhfəsini verir. Bu işlər təkcə paytaxtda deyil, digər bölgələrdə də görülür.
Qədim Gəncədə Comərd Qəssab türbəsi bərpa olunmuş, Gəncənin sonuncu xanı Cavad xanın məzarı üstündə milli memarlıq üslubunda gözəl bir məqbərə tikilmişdir. Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin ev muzeyinin bərpası da bu qəbildən olan işlərdəndir.
BİRGƏ SABAHA DOĞRU
Böyüyən nəsil, onun təhsili, elmi, dünyagörüşü bütün ömrünü xalqına həsr etmiş Heydər Əliyevi daim düşündürür, narahat edirdi. O yeniyetmələrə, gənclərə həmişə vətənin sabahı, gələcəyin potensial qurucuları kimi baxırdı. Təsadüfi deyildir ki, Ulu öndərin dövlətçilik ideyalarına, həyat fəlsəfəsinə sadiq qalan Heydər Əliyev Fondu bu gün onun çoxşaxəli fəaliyyətində daim diqqət yetirdiyi sahələri prioritet sayır. Təhsil də belə sahələrdən biridir.
Təhsilə qayğı müxtəlif layihələr çərçivəsində həyata keçirilir. Fondun önəm verdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi həyatda baş verən yeniləşməni təhsil sahəsinə yönəltməyi zəruri hesab edir. Proqramın əsas məqsədi yeni nəslin biliyə, yeni texnologiyalara yiyələnməsini, onların dünya təhsil sisteminə inteqrasiyasını təmin etməyi nəzərdə tutur.
2005-ci il iyun ayının 3-də Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi ətrafında keçirdiyi dəyirmi masa Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilatı, beynəlxalq qurumu, şirkəti, iş adamlarını bu mühüm işdə fondla əməkdaşlığa dəvət etdi. Bu çağırış müsbət nəticələrini verdi. 2005-ci ilin tədris ili üçün ağır şəraitdə olan 132 məktəbin böyük əksəriyyəti yenidən quruldu. Təbii ki, görülən bu işlər Azərbaycanın ən ucqar kəndlərində belə təhsilin səviyyəsini yüksəltməyə, tədrisin keyfiyyətini yaxşılaşdırmağa imkan yaratdı.
Təhsil müəssisələri, uşaq evləri və İnternat məktəblərinin davamlı inkişafına nail olmaq üçün Fondun təşəbbüsü ilə son vaxtlar ölkədə bir sıra işlər görülmüşdür.
"Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində Fondun prezidenti Mehriban xanım Əliyeva bu ilin əvvəlində Nizami rayonundakı 1 saylı uşaq evində oldu. Bu səfərdən sonra uşaq evi yenidən qurularaq körpələrin ixtiyarına verildi.
Ümumiyyətlə Mehriban xanım Bakıda və ətraf qəsəbələrdə yerləşən 25 uşaq evi və internat məktəblərində olmuş, onların mövcud problemlərini öyrənmiş, növbəti mərhələdə respublikanın digər bölgələrindəki uşaq evləri və internat məktəblərində monitorinq keçirilməsi qərara alınmışdır.
Bu sahədə danılmaz işləri olan YUNİSEF-in Bakı nümayəndəliyi Fondun həyata keçirdiyi layihənin əhəmiyyətini xüsusi qeyd etmiş, uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla bu Beynəlxalq təşkilat arasında əməkdaşlıq yaratmağın zəruriliyini vurğulayaraq internat məktəblərində təhsil alan uşaqların problemlərinin həlli sahəsində Azərbaycan nümunəsinin başqa ölkələr üçün də faydalı olduğunu bildirmişdir.
Qeyd edək ki, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" həyata keçirilərkən məktəblərdə ev şəraitinə maksimum yaxın olan mühit yaradılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur,
Fondun 1 illik fəaliyyəti müddətində həmin proqram çərçivəsində paytaxtda yerləşən bir çox uşaq evi və internat məktəblərində əsaslı təmir və yenidənqurma işlərinə başlanmış, təmir işləri ilə yanaşı əlavə yardımçı binalar da tikilmiş, təzə avadanlıq və inventarlarla təchiz olunmuşdur.
Öz fəaliyyəti çərçivəsində Heydər Əliyev Fondu əhalinin sosial problemlərinin həlli məsələsində də öz imkanları daxilində köməyini əsirgəməmişdir. Məsələn, paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsində su təminatını yaxşılaşdırmaq üçün Fondun maliyyə yardımı ilə yeni su kəməri çəkilmişdir. Uzunluğu 8 kilometr olan kəmərin çəkilməsi həmin ərazidə əhalinin zəruri su təchizatını təmin edəcəkdir.
Heydər Əliyev Fondunun humanitar fəaliyyəti konkret proqram və layihələrlə məhdudlaşmır. Respublikanın bütün bölgələrindən Fonda gələn çoxlu sayda məktublarda insanlar öz problemlərinin həlli üçün kömək istəyirlər. Bu xahişlərin əksəriyyəti ağır xəstəliklərin müalicəsi ilə bağlıdır.
Ulu öndərimizin yüksək humanizmini daim rəhbər tutan Fondun prezidenti Mehriban xanım Əliyeva bu xahiş və müraciətlərə diqqətlə, həssaslıqla yanaşır, imkan daxilində kömək göstərmək üçün tədbirlər görür. Fondun fəaliyyətə başladığı vaxtdan ötən bir il ərzində 500-dək soydaşımıza yardım göstərilmiş, kömək əli uzadılmışdır. Bu isə 500 ailəyə sevinc bəxş etmək deməkdir.
Mehriban xanım Əliyevanın təhsil sahəsində gördüyü mühüm və xeyirxah işlərdən biri də ölkəmizin gələcəyi olan yeniyetmələrin xaricdə təhsil almasına yardım göstərməsidir. Ulu öndərimiz hər zaman təhsili yüksək qiymətləndirir və "Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını" dönə-dönə təkrarlayırdı. Bu uzaqgörən insanın ideyalarını rəhbər tutaraq Heydər Əliyev Fondu bu nəcib işdə əlindən gələni əsirgəmir. Beynəlxalq təhsil təcrübəsini əldə edəcək şəxslər isə qazandıqları biliklərdən Vətənimizin çiçəklənməsi naminə istifadə edəcəklər.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələri genişlənir. BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında bu günlərdə imzalanmış saziş bu iki qurum arasında əməkdaşlığın təməlini qoydu. Sazişə əsasən ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılır. Layihə belə insanların aktiv həyata qoşulmasına, onların informasiya-kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Sənəd imzalandıqdan sonra çıxış edən Fondun prezidenti YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir: "Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir". BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi cənab Marko Borsotti Heydər Əliyev Fondu ilə birgə imzalanmış sazişin önəmli bir addım olduğunu, bu layihənin həyata keçirilməsinin təkcə Azərbaycana xidmət etməyəcəyini, həm də digər ölkələrə də böyük bir nümunə olacağını, növbəti isti-qamətlərdə əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyini demişdi. O, çıxışını belə yekunlaşdırmışdır: "Bu istiqamətdə getməyimiz və burada olmağımızın səbəbi məhz Mehriban xanımın baxışlarına əsaslanır. Bunun üçün çox sağ olun."
Fondun gələcək planları çoxşaxəlidir və bunların hamısı bir məqsədə, ulu öndərin ideyalarının, arzu və istəklərinin ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilməsinə xidmət etməyə yönəldilmişdir. Gözəl niyyət, xoş məramdır. Və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2005-ci ildə YUNESKO-nun xoşməramlı səfiri tituluna layiq görülməsi də bu xoş əməllər sahibinin əməyinə verilən yüksək qiymətdir. Zənnimizcə ən böyük dəyər xalqının ona bəslədiyi hörmət, ehtiram və məhəbbətdir. Onu dərd əlindən naçar, ümidsiz qalmış insanlar hər yerdə gözləyirlər, özü də böyük ümidlə. Bilirlər ki, onun bir gəlişi neçə-neçə xəstəyə şəfa gətirəcək, neçə-neçə sönmüş ümidləri yaşadacaq. Yaşadacaq ki, əsrlərin sınağından çıxmış müqəddəs ənənələri yaşatsın.
Bu gün Azərbaycanın qapıları dünyaya taybatay açıqdır. Dünyanın hər yerindən gələn xarici qonaqların səfərləri xalqın and yeri Şəhidlər Xiyabanından başlayıb, ulu öndərin Fəxri Xiyabandakı qranit abidəsi önündə davam edir, Heydər Əliyev Fondunda yekunlaşır. Yekunlaşır ona görə deyirik ki, bu üç müqəddəs məkanı ziyarət etməklə həmin əcnəbi bu xalqın kimliyini bilmək üçün kifayət qədər bilgi əldə etməyə nail olur. Müxtəlif ölkələri təmsil edən bu insanlar aldıqları təəssüratları Heydər Əliyev Fondunun xatirə kitabına yığcam şəkildə ifadə edirlər, Vəzifə və mövqecə fərqli olan bu ziyarətçilərin fikirlərində vurğulanan ümumi bir cəhət vardır: Heydər Əliyev öz ölkəsi və xalqı üçün müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyətdir və onun xatirəsi, ideyaları əbədi yaşamalı, bu sahədə Fondun özü də mühüm rol oynamalıdır...
Bu gün - ulu öndərin anım günündə onun xalqı, Vətəni üçün gördüyü misilsiz işləri xatırlayarkən Heydər Əliyev böyüklüyünü bir daha dərk edirsən. Fondla tanışlıq öz enerjisini və gücünü ölkəsinə, onun çiçəklənməsinə sərf edən, Azərbaycan Respublikasının müstəqilliyi, təhlükəsizliyi və sabitliyinə çalışan, ölkə üçün həlledici məqamlarda irəli çıxıb millətini inkişaf və rifaha doğru aparan ümummilli liderimizin mənalı və şərəfli ömrünün unudulmaz səhifələrini göz önündə canlandırır. Bu bir şəxsiyyətin ömür kitabı deyil, böyük, müdrik bir xal-qın tarix dərsliyidir. Elə bir dərslik ki, bu dərslikdən bəhrələnən nəsillər Heydər Əliyevin əsəri olan müasir Azərbaycanı irəli, yeni qələbələrə doğru inamla aparacaqdır.
Respublika.- 2005.- 11 dekabr.- № 287.- S. 8-9.