Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Parisin uşaq xəstəxanasında olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri çərçivəsində onun xanımı Mehriban Əliyeva Parisin ən qədim uşaq müalicə ocaqlarından birində - "Nekyap" xəstəxanasında olmuşdur.
Prezidentin xanımına məlumat verildi ki, dövlətə məxsus olan bu xəstəxanaya Fransa Prezidenti Jak Şirakın xanımı hamilik edir. Onun təşəbbüsü ilə ildə bir dəfə "Sarı qəpik" adlı xeyriyyə marafonu keçirilir. Həmin marafondan əldə edilən vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların burada müalicəsinə və reabilitasiyasına sərf olunur.
Mehriban xanım Əliyeva Azərbaycanın bu klinika ilə əlaqələrinin yaranması zərurətini, talassemiyadan və digər xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqların bu xəstəxanada müalicə və reabilitasiya imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğuladı. O, klinikanın çoxillik təcrübəsindən Azərbaycanın da bəhrələnməsi imkanlarının araşdırılacağını söylədi.
Qeyd edildi ki, səhhətlərində problem olan uşaqların sağlamlıqlarının klinikada bərpası ilə yanaşı, burada onların bilik və bacarıqlarının üzə çıxması üçün hər cür şərait yaradılması humanizm nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir.
Sonra klinikadakı uşaqlara hədiyyələr təqdim olundu.
AzərTAc
2004, 27 yanvar
