Məqsəd və amalı insanlara yaxşılıq etmək olan Fond
Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətinin 5 ili tamam olur
Mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 5 ili tamam olur. Fəaliyyət göstərdiyi dövrdə böyük inkişaf yolu keçən, Azərbaycan ictimaiyyətinin rəğbətini qazanan, hər zaman köməyə, yardıma ehtiyacı olanların yanında olan Heydər Əliyev Fondun ulu öndərin amallarını rəhbər tutaraq ölkəmizin həyatı ilə bağlı mühüm layihələrə imza atıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında fərmanında deyilirdi: "İctimai əsaslarla Heydər Əliyev Fondunun yaradılması dəstəklənsin. "Məhz elə buna görə də fondun yaranması böyük amallardan və məqsədlərdən doğdu. Bütün həyatını Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və ölkəmizin inkişafına yönəldən ümummilli liderin xatirəsinə ehtiram olaraq yaradılan fond Heydər Əliyevin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən qaynaqlandı.
Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq niyyətinə köklənən bu ideya həm də ulu öndərin yaratdığı milli dövlətçilik ideyalarının yeni nəsillərə çatdırmaq və aşılamaq kimi müqəddəs ideyalara da qanad verdi. Bu ideyalar əksini səkkizguşəli ulduzdan, göy və qızılı rənglərdən ibarət olan Heydər Əliyev Fondunun loqosunda da tapdı. Bununla da 2004-cü ilin mayında, ümummilli liderin ad günündə fondun açılışı oldu. Yarandığı gündən fondun qarşısına qoyduğu məqsədlər də xüsusi çəkisi ilə fərqləndi. Fond cəmiyyəti narahat edən, Azərbaycan vətəndaşlarının həyatı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə diqqət yönəltdi. Təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni müasir dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə zəmin formalaşdırmaqdır. Təhsil sahəsində fondun ən böyük və irimiqyaslı işi olan "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla davam edir. Cəmiyyətin ən müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədi ilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə dəyirmi masa keçirilib. Proqramın həyata keçirilməsi məqsədi ilə 100, 200 və 240 şagird yerli məktəb layihələri hazırlanıb.
Fond prezidenti Mehriban xanım Əliyevanın cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurub. Az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb tikintisi geniş vüsət aldı. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin icrasının ən vacib məqamlardan biri onun pay-taxtla yanaşı, regionlarda da icra olunması idi. Bu da bölgələrdə də təhsil müəssislərinin maddi-texniki bazasının yaxşılaşdırılmasına yönələn mühüm addımlardan biri kimi qiymətləndirilir. İnanılmaz görsənsə də, layihənin icrası nəticəsində ancaq ilk 4 ayda ölkədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 132 yeni məktəb tikilərək istismara verildi. Sözügedən proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub.
2006-cı ildə fond proqramın 2-ci mərhələsinə start verdi. Bu mərhələyə Bakı ətrafı qəsəbələrdə yerləşən məktəblər də daxil oldu. Bununla da fond ictimaiyyətin diqqətini bir daha müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltdi. Bununla yanaşı, fond təhsilə yardımı fəaliyyətinin prioritet istiqaməti elan etdi. 2008-2009-cu tədris ilində fondun təşəbbüsü ilə ölkədə inşa olunan yeni məktəb binalarının sayı 237-yə çatdırıldı.
Fondun təhsilə qayğısının coğrafiyası getdikcə genişlənir. Artıq dünyada nüfuzlu qurum kimi tanınan fond xeyriyyəçilik missiyasını bir necə ölkədə uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, fond tərəfindən də böyük yardım edilməsini bu ölkədə yaşayan soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayır. Moskvada fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Burada fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın fəaliyyəti diqqəti cəlb edir. 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi da fondun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaiti göndərilib. 2008-ci ilin fevralında isə fond tərəfindən Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, istifadəyə verilib. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla da təmin olunub və vəsaitlərin hamısı Heydər Əliyev Fondu tərəfindən məktəbə hədiyyə edilib.
Fondun 2005-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi layihəsi də Azərbaycan ictimaiyyətində böyük maraqla qarşılandı. Layihə bu kateqoriyadan olan insanların həyata qoşulmasına, onların informasiya kommunikasiya vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət etdi. Layihənin həyata keçirilməsi nəticəsində səsyazma studiyası yaradıldı. Studiya daxilində kitabxana quruldu. Bu da görmə qabiliyyətini itirən uşaqlara kitabları audio variantda mənimsəmələri üçün unikal imkanlar açdı, onların brayl texnologiyasından istifadə imkanları asanlaşdırıldı. Beləliklə, 170 min müəllimi, ümumilikdə 300 min təhsil işçisi olan Azərbaycan indi qloballaşan dünyanın dəyərlərinə məhz təhsil və elm sayəsində qovuşur.
Bundan başqa fond fəaliyyətinin 5 ilində ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi ideyaların reallaşmasına dəstək verdi, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına yardım etdi, elm, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırladı və həyata keçirdi. Öz fəaliyyət dairəsini bununla məhdudlaşdırmayan Heydər Əliyev Fondu ölkədaxili və xarici fondlarla, müxtəlif QHT-lərlə, ictimai təşkilatlarla əməkdaşlığı genişləndirdi, birgə layihələrə imza atdı. Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olanlara kömək etmək, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək fondun məqsədləri sırasında öncül yerlərdən birini tutdu. Heydər Əliyevin portretinin ən mühüm məqamları da elə bunlar idi. O, ən mürəkkəb ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətlərdə belə, təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib, mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablaya bilən, Azərbaycanın rifahı, onun gələcəyi və strateji maraqlarını qoruyan lider idi.
Respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq, uşaq müəssisələri infrastrukturlarının, səhiyyə və tibbi təsisatların inkişafı, sağlam həyat tərzinin təbliği, Azərbaycanda və xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək fondun fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməsinə geniş imkanlar açdı. Bunlar fondun 5 ilik fəaliyyətinin əsas prioritetləri olmaqla onun yerinə yetirdiyi missiyanın nə qədər mühüm və ali olduğunu təsdiqlədi.
F. Hüseynzadə
Paritet.- 2009.- 5-6 may- № 47.- S. 1, 5.