Heydər Əliyev Fondunun daha bir xeyirxah layihəsi
Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin roman və hekayələrindən ibarət 5 kitab Türkiyədə nəfis tərtibatla nəşr edilmişdir.
AzərTAc xəbər verir ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin “Dirilən adam”, “Açıq kitab” romanları, “Göylər adamı”, “İdxal xəstəlik”, “Möhür və eşq” hekayələr kitabları Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə nəfis tərtibatla nəşr edilərək türk oxucularına təqdim olunmuşdur.
5 kitabda toplanmış roman və hekayələri türk dilinə Əli Əkbər Əliyev və Azad Ağayev çevirmişlər. Kitabların üz qabığında əsərlərdəki personajlara uyğun şəkillər və yazıçının həyat, yaradıcılıq yolunu əks etdirən yığcam məlumatlar verilmişdir.
Həmin məlumatlarda qeyd edilir ki, Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında roman janrının bünövrə daşlarını qoyanlardan biri olmuşdur. Yazdığı 6 roman və yüzlərlə hekayələri ilə yanaşı, onun böyük Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığının ən dərin bilicisi və tədqiqatçısı olduğu da vurğulanır. Yaradıcılığında həmişə zülmə, ədalətsizliyə qarşı mübarizə prinsiplərini ön plana çəkən yazıçı bir qayda olaraq cəsarətli, mübariz insanları əsərlərinə qəhrəman seçir, bədbinliyi tənqid atəşinə tuturdu. Sovet rejimi çərçivəsində irticanın meydan suladığı çağlarda belə quruluşun insanlığa nə qədər yabançı olduğunu ayrı-ayrı fakt və detallarla, obrazların dili ilə özünəməxsus məharətlə oxucuya çatdırırdı.
Mir Cəlal Paşayev nadir yazıçılardan biridir ki, SSRİ dövründə, qondarma sosialist realizminin ədəbiyyatı dar bir çərçivəyə aldığı bir vaxtda belə öz fikirlərini, azadlıq düşüncələrini ifadə edir, hər bir oxucunun qəlbinə yol tapır, həmişə istedad və cəsarəti ilə seçilirdi. Elə buna görədir ki, bir çox yazarlardan fərqli olaraq, Mir Cəlalın həmişəyaşar əsərləri bu gün də öz aktuallığını, əhəmiyyətini saxlayır, insanlara mənəvi zövq verir, xüsusilə gənc nəsli milli-mənəvi və əxlaqi dəyərlərə sahib çıxmağa çağırır.
Mir Cəlal şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan nadir sənətkarlardan olmuşdur. Azərbaycanın ən nüfuzlu universitetində ondan dərs alan minlərlə tələbə bu gün də xeyirxah insanın yaxşılıqlarını unutmur, böyük ədibi özlərinə həm müəllim, həm də mənəvi ata hesab edirlər. Vaxtilə onun mühazirələrindən bəhrələnən yüzlərlə gənc alimlik mərtəbəsinə yüksəlib, Azərbaycanın ən dəyərli insanları cərgəsinə qoşulubdur.
Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrinin xarici ölkə oxucularına çatdırılmasına və eyni zamanda, müxtəlif xalqlara məxsus ən dəyərli əsərlərin dilimizə çevrilib nəşr edilməsinə daim yardımçı olan Heydər Əliyev Fondunun bu təşəbbüsü də olduqca təqdirəlayiqdir.
Bunu türk oxucularının bu əsərlərə, Mir Cəlal yaradıcılığına dərin marağı, kitabların qısa vaxtda qardaş ölkədə geniş populyarlıq qazanması bir daha sübut edir.
Bu kitablar həm də görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin gələn il 100 illik yubileyinə dəyərli töhfədir.
Xalq qəzeti.- 2007- 28 aprel.- № 90.- S. 9.