Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun humanitar sahədəki layihələri əks-səda doğurur


Cəmiyyətin sağlam və intellektual səviyyəyə yüksəlməsi dövlətin qarşıda duran vəzifələri sırasındadır. Bu, dövlətin apardığı məqsədyönlü fəaliyyət çərçivəsində reallaşır. Müasir həyatımızda Prezident İlham Əliyev cənabları, eləcə də Heydər Əliyev Fondu tərəfindən cəmiyyətin fiziki və mənəvi cəhətdən sağlam və intellektual səviyyədə formalaşması istiqamətində görülən işlərin sayı kifayət qədərdir. Xüsusilə, qeyd edək ki, Heydər Əliyev Fondunun humanitar sahədəki fəaliyyəti, gerçəkləşən layihələr ölkədə əks-səda doğurmaqdadır. Fondun 5 illik fəaliyyəti çərçivəsində təhsil, səhiyyə, mədəniyyət kimi sahələrə önəm verilərək, yeni binalar inşa olunur, təmir və bərpa etdirilir. Qısa bir zamanda görülən işlər qeyd olunan sahələrdə ciddi dəyişikliklərlə nəticələnmişdir.

2004-cü ildən başlayaraq atılan bu addımın nəticələri bütövlükdə ölkə daxilində hiss olunmaqdadır. Yeni məktəblərin salınması, müasir tipli səhiyyə ocaqlarının inşası, uşaq evləri, internat məktəblərinin bərpası və tikilməsi Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrinin əks-sədasıdır. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təmir, bərpa və inşa etdirilən binalar ölkə vətəndaşlarının rifahının yüksəlməsinə müsbət təsirini göstərir. Belə ki, müəssisələrin yüksək səviyyədə yetişən nəslin ixtiyarına verilməsi gələcək nəslin sağlam, yetkin bir formada böyüməsinə təsirini göstərməkdədir.

Prezident İlham Əliyev cənablarının 2009-cu ili “Uşaq ili” elan etməsi də bu il ölkə miqyasında uşaqlara olan diqqəti xüsusilə artırmışdır. Bu yaxınlarda Nərimanov rayon Psixonevroloji Uşaq Mərkəzinin istifadəyə verilməsi fondun genişmiqyaslı layihəsi çərçivəsində müasir standartlara uyğun bir şəkildə inşa olunaraq, istifadəyə verilmişdir.

2005-ci ilin fevral ayında Psixonevroloji Uşaq Mərkəzində olan Mehriban Əliyeva buradakı şəraitlə tanış olmuş və belə bir mərkəzin inşa edilməsini qərarlaşdırmışdır. Onu da deyim ki, başqa uşaq evlərindən fərqli olaraq, buradakı vəziyyət qənaətbəxş olsa da, müəyyən problemlərin mövcudluğu Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalmamış, ilk olaraq, Onun mənəvi və maddi köməkliyi nəticəsində ikimərtəbəli binada akt zalı inşa edilmişdir. Onu da deyim ki, Psixonevroloji Uşaq Evinin binası müasir tələblərə cavab vermirdi. Təxminən min kvadratmetr sahədən, ikimərtəbəli binadan ibarət olan müəssisədəki şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun deyildi.

Mərkəzin direktoru İradə Musayev müəssisənin inşa edilməsi ilə bağlı bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Psixonevroloji Uşaq Evinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaratmışdı: ”Artıq 4800 kvadratmetr sahəsi olan beşmərtəbəli yeni bina istifadəyə verilmişdir. 2009-cu ilin mart ayında bina tam şəkildə hazır olmuş, lakin açılış mərasimi isə bir neçə ay sonra baş tutmuşdur. Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdi. Müasir standartlara cavab verən mərkəz beşmərtəbəlidir. Binanın inşasında xarici ölkələrdən gətirilmiş tikinti materiallarından və avadanlıqdan istifadə olunmuşdur. Milli memarlıq üslubunda inşa olunan binanın həyətində də yenidənqurma işləri aparılmış, uşaqların və işçilərin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə kompleksi tikilmiş, 2 min kvadratmetr ərazidə yaşıllıq salınmışdır.”

Binanın foyesində ümummilli lider Heydər Əliyevin portreti və onun müxtəlif tədbirlərdə uşaqlarla birgə fotoşəkillərindən ibarət stend quraşdırılmışdır. Burada dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlarla birgə fotoşəkilləri də yer alır. Uşaq evinin birinci mərtəbəsində psixoloq, aromaterapiya, okulist, psixonevroloq, kiçik manipulyasiya, nevropatoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları və qəbul şöbəsi yerləşir. Fizioterapiya müalicə-idman zalının döşəməsinə yüksək texnologiya əsasında hazırlanmış örtük çəkilmişdir. Burada basketbol lövhələri, futbol qapıları, evcik oyun dəsti, elektrokarlar, velosipedlər, sürüşkən və gimnastik elementlər quraşdırılmışdır. Kitabxanada müxtəlif nağılların diskləri, nəfis tərtibatlı kitablar, dərs ləvazimatı vardır. Autist xəstəlikləri olanlar üçün nəzərdə tutulmuş otaqda rəngarəng yumşaq oyuncaqlar qoyulmuşdur. Səksən nəfərlik akt zalında müasir oturacaqlar qoyulmuş, projektor quraşdırılmışdır. Yeni doğulanlar şöbəsində körpələr üçün xüsusi çarpayı-şkaflar yerləşdirilmişdir. İkinci mərtəbədə funksional qüsurlu uşaqlar üçün aksessuarlar yerləşdirilmiş, terapiya zalında hər cür şərait yaradılmışdır.

İradə xanım mərkəzləşdirilmiş proqrama qoşulan televizorun uşaqlarda vizual tərbiyə metodlarından istifadə üçün böyük əhəmiyyət daşıdığını bildirdi. Üçüncü mərtəbədə isə funksional qüsurlu nisbətən böyük uşaqlar üçün hamam otağı yaradılmışdır. Fəal terapiya zalında uşaqların məşğələləri üçün hər cür şərait vardır, yerimə qabiliyyətinin bərpası ilə əlaqədar xüsusi qurğular, oyun elementləri yerləşdirilmişdir. Su ilə müalicə otağında masaj vannaları və duşlar vardır. Binanın alt mərtəbəsində ərzaq məhsullarının saxlanılması üçün anbar və soyuducu kameralar yerləşir. Mətbəxdə istifadə olunan avadanlıq da yenilənmiş, funksional qüsuru olan uşaqlar üçün yeməkxanada xüsusi stullar qoyulmuşdur. Quraşdırılmış 90 cihazdan ibarət müşahidə qurğusu ilə binanın xarici və daxili daim nəzarətdə saxlanılır. Bu qurğu təlim-tərbiyə və müalicə prosesi, qidalanma, yataq, nəzarət-buraxılış zonasında baş verənləri müşahidə etməklə yanaşı, gün ərzində onların videoyazısını avtomatik olaraq aparır və saxlanılmasını təmin edir.

Mərkəzin direktoru burada müasir standartlara cavab olan istilik və havalandırma sistemi ilə təchiz olunmuş binada epilepsiya, hidrosefal, mikrosefal, uşaq serebral iflici, onurğa beyni şişləri və digər xəstəlikləri olan 7 yaşınadək uşaqlar müalicə aldığını da qeyd etdi: “Onların müalicəsi və təlim-tərbiyəsi ilə 95 nəfərdən ibarət tibbi, pedaqoji və texniki heyət məşğul olur. Binada 100 çarpayı yerləşdirilib. Hazırda mərkəzdə 70 uşaq müalicə olunur. Mərkəzin açılış günü Prezident tərəfindən bu müəssisəyə avtobus hədiyyə olunub. Bu da uşaqların gəzintisində müsbət rola malikdir. Bir çox bayramlarda, eləcə də adi günlərdə uşaqların gəzintisi təşkil olunur. Teatr tamaşalarına belə baxmaq üçün mərkəz tərəfindən şərait yaradılır.”

Hazırda mərkəzin fəaliyyət layihəsi üzərində işlər gedir. İradə Musayevanın sözlərinə görə, müəssisə tərəfindən layihə hazırlanıb Mehriban xanım Əliyevaya təqdim edilmişdir: ”Bu layihə fondun Prezidenti tərəfindən müsbət qarşılanmışdır. Layihədə bir neçə modeli birləşdirib, mərkəz olaraq uşaqların müalicə və tərbiyəsində bundan istifadə edilməsi nəzərdə tutulub. Mərkəz Böyük Britaniyanın humanitar təşkilatı ilə birlikdə uşaqların cəmiyyətə sağlam şəkildə təqdim edilməsi üzərində işini davam etdirməkdədir. Qeyd edim ki, bu əməkdaşlıq artıq 10 ildən artıqdır ki, davam etdirilir. Avropa ölkələrindən gələn nümayəndələr mərkəzin bu modelini yüksək qiymətləndirirlər. Avropa ölkələrində pedaqoji iş başqa bir mərkəz tərəfindən, müalicə-profilaktika işi isə digər müəssisə tərəfindən həyata keçirilir. Buraya gələn uşaqlar qısa müddət üçün nəzərdə tutulmur. Mərkəzin reabilitasiya işi, xüsusilə, nevroloji xəstələrin müalicəsi illər tələb etdiyindən onların tam müalicəsi başa çatdırılır».

Psixonervoloji Uşaq Mərkəzində valideyn tərəfindən atılmış uşaqlar, eyni zamanda, ailələrdən gələn uşaqlar yerləşdirilir. Bu, Mehriban xanım Əliyevanın köməkliyi ilə əldə olunmuşdur. İradə xanım bildirdi ki, bəzi ailələrdə bir neçə uşaq var və onlardan biri fiziki cəhətdən qüsurludursa, valideyn həmin uşağı böyük inamla mərkəzə gətirir. Onun sözlərinə görə, bu mərkəz artıq uşaqlar üçün doğma bir məkana çevrilmişdir. Uşaqlar qayğını hiss edib, görüb böyük həvəslə, buraya üz tuturlar: ”Uşaq evinin mərkəz kimi fəaliyyət göstərməsinə səbəb bütün respublikadan gələn xəstələri qəbul etmək, gün ərzində uşaqların buraya gələrək, müalicə xidmət göstərilməsi, axşamlar isə valideynləri tərəfindən evə aparılmasına diqqəti artırmaqdır. Əvvəllər müalicələrin ardıcıl olaraq, aparılması tam mümkün olmadığı halda, artıq buna geniş şərait yaradılmışdır. Mərkəzdə təkcə diaqnostika deyil, müalicə etmək üçün nəzərdə tutulmuş müasir aparatlar yerləşdirilmişdir. İmkan olduqca bu aparatların sayının artırılması nəzərdə tutulur. Fizioterapiya, hepoterapiya, müalicəvi idman terapiyası və s. müalicə üsulları uşaqlar üzərində aparılır. Mərkəzin imkanları artdıqca 10-12 müalicə növünün burada uşaqlar üzərində aparılması nəzərdə tutulub. Mərkəzdə fəaliyyət göstərən pedaqoji kadrlar uşaqlar üçün valideyn rolundadır. Həkim təyinatını verdikdən sonra pedaqoqlar uşaqlarla məşğul olur, onların gün ərzində müalicəsi, qidası ilə maraqlanır, müxtəlif oyun və əyləncələrə, eləcə də, əyani vəsaitlərə cəlb olunması üçün böyük işlər görmüş olurlar. ”Mərkəzin direktoru onu da diqqətə çatdırdı ki, buradan uşaqlar övladlığa da verilir: “Bu, təhsil nazirliyinin xətti ilə həyata keçirilir. İl ərzində təxminən 20-22 uşaq valideyn himayəsinə verilir. Bu, o qədər də böyük göstərici olmasa da, psixonevroloji uşaqların müalicə olunaraq, tam sağlam bir şəkildə ailələrə verilməsi böyük nailiyyətdir. Mərkəzdən uşaqların ailələrə verilməsi ilə bağlı müraciət edənlərin sayı çoxdur. Mərkəz tərəfindən tam müalicə olunmuş uşaqlar təhsil nazirliyinin nəzdində olan uşaq evlərinə verilirlər. Tam sağlamlığı bərpa olunmayan uşaqlar isə əlillər evinə göndərilir. Mərkəz onların heç olmasa müəyyən qədər özlərini idarə etmək üçün kifayət qədər həyata, cəmiyyətə hazırlamış olur. Bəzi uşaqları isə peşə məktəblərinə göndərir, onların gələcək həyatının təminatında hansısa bir peşənin öyrənilməsinə cəhd göstərilir. 4 il üçün nəzərdə tutulmuş proqram həmin uşaqlara 10 ilə öyrədilir.»

Mərkəz artıq valideynlərin bir ümid yerinə çevrilib.

Nəzakət Ələddinqızı

Səs.- 2009.- 28 oktyabr.- № 202.- S. 3.