Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Azərbaycan gimnastları komanda yarışlarında Avropa çempionatının bürünc medalını qazanmışlar


AzərTAc xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə yığma komandası öz tarixində ilk dəfə olaraq Avropa çempionatının bürünc medalını qazanmışdır. Bədii gimnastika üzrə Bakıda keçirilən 23-cü Avropa çempionatının ikinci günü - iyunun 30-dakı yarışlarda dörd hərəkətin (halqa, lent, gürz, ip) cəmində Dinara Gimatova, Aliyə Qarayeva və Anna Qurbanovadan ibarət Azərbaycan yığması 133,425 xalla qitə çempionatında üçünçü yeri tutmuşdur.

Birinci yerə Rusiya yığması çıxmışdır. Gümüş medallar isə Ukrayna gimnastlarına təqdim olunmuşdur.

Qaliblərə medalları Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Dimitrios Dimitropoulos, UEG-nin Bədii Gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, AGF-nin vitse-prezidenti Altay Həsənov təqdim etmişlər. Birinci yerə çıxan komandanın şərəfinə Rusiyanın dövlət himni səsləndirilmişdir. Mehriban xanım Əliyeva və digər rəsmi şəxslər idmançılarla xatirə şəkli çəkdirdilər.

Çempionatın ikinci günü yeniyetmələrin qrup komanda yarışlarının təsnifat mərhələsi başlanmışdır. 22 komandanın iştirak etdiyi yarışların nəticələrinə əsasən Ayelita Xələfova, Nigar Mirzəyeva, Ceyla Quliyeva, Əzizə Səlimbəyova, Esmira Orucova və Cəmilə Hüseynovadan ibarət Azərbaycanın qrup komandası 22,800 xalla 8-ci yeri tutaraq finala vəsiqə qazanmışdır.

Azərbaycan gimnastları ilə yanaşı Rusiya, Bolqarıstan, İsrail, Belarus, Ukrayna, İspaniya və Macarıstan komandaları da həlledici mərhələdə mübarizəni davam etdirmək hüququ qazanmışlar.

Həmin gün Avropa mehmanxanasında bədii gimnastika üzrə Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatının püşkü atılmışdır. Yunanıstanın Patrı şəhərində keçiriləcək dünya çempionatında 52 ölkənin gimnastlarının iştirakı nəzərdə tutulmuşdur. Püşkün nəticələrinə əsasən

Azərbaycan yığması 35-ci nömrə altında çıxış edəcəkdir. Gimnastların şəxsi birinciliyndə ilk 20 yeri tutan idmançılar Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Qrup komanda yarışlarında isə ilk 10-luqda qərarlaşan yığmalar Olimpiya Oyunlarına yollanacaqlar.

Azərbaycan yığmasının lideri Dinara Gimatova AzərTAc-a müsahibəsində Bakıda keçirilən qitə çempionatında yarışların səviyyəsindən və öz çıxışından razı qaldığını bildirmişdir. Yalnız bir hərəkətlə-lentlə çıxış etməsinə baxmayaraq, gimnast qitə çempionatında yüksək nəticə göstərəcəyinə əmin

olduğunu söyləmişdir.

Qeyd edək ki, ilk dəfədir ki, ölkəmizdə təşkil olunan Avropa çempionatında 33 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

İyulun 1-də gimnastların fərdi və yeniyetmələrin qrup komanda çıxışları ilə Avropa çempionatına yekun vurulacaqdır.


AzərTAc
2007, 1 iyul