Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva Varşavada kosmetika məhsulları istehsalı mərkəzində olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva üçün də xüsusi səfər proqramı tərtib olunmuşdu.
Martın 30-da Mehriban xanım Əliyeva və Polşa Prezidentinin xanımı İolanta Kvasnevska Polşada və Avropada ən böyük kosmetika mərkəzlərindən biri olan "Elena Eris" kosmetika məhsulları istehsalı mərkəzində olmuşlar.
Kosmetika sahəsində geniş tədqiqatlar aparan doktor Elena Erisin rəhbərlik etdiyi laboratoriya ilə tanış olan qonaqlara buradakı iş prosesi barədə ətraflı məlumat verildi. Sonra Mehriban xanım Əliyeva kosmetika mərkəzinin istehsalat prosesi və ən yeni kosmetika məhsulları ilə yaxından tanış oldu, habelə, burada çalışanların iş şəraiti ilə maraqlandı.
Sonra Polşa Prezidentinin xanımı İolanta Kvasnevskanın adından Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət təşkil olundu. Ziyafətdə Polşanın görkəmli qadın elm, mədəniyyət, incəsənət xadimləri, habelə qadın siyasətçiləri iştirak edirdilər.
Xalq qəzeti.- 2005.- 2 aprel.- № 73.- S. 3.