Ana səhifə   ⁞   Bioqrafiya   ⁞   E-Kitablar   ⁞   Biblioqrafiya
Çap etmək   ⁞     ⁞   UNESCO

YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclası başa çatmışdır


Martın 4-də YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasının sonuncu günü uşaqların təhsili ilə bağlı "Hər bir insan üçün təhsil" mövzusunda müzakirələr aparılmışdır. Çıxış edən xoşməramlı səfirlər uşaqlar arasında savadsızlıq hallarının artmasından ciddi narahat olduqlarını, Afrika və Asiyanın bir çox ölkələrində uşaqların əksəriyyətinin yazıb-oxumağı bacarmadıqlarını, təhsildən ayrı düşdüklərini bildirmişlər. Uşaqların ağır işlərə cəlb edilməsini pisləyən xoşməramlı səfirlər azyaşlılar arasında zorakılıq və cinayətkarlıq hallarının artdığını, dünyanın bəzi ölkələrinin üzləşdiyi aclıq probleminin uşaqların təhsilinə ciddi təsir etdiyini vurğulamışlar. Onlar bu problemin aradan qaldırılmasında YUNESKO-nu mətbuatla birgə fəaliyyət göstərməyə, inkişaf etmiş dövlətləri aclıq təhlükəsi ilə üzləşmiş yoxsul ölkələrə humanitar yardım etməyə çağırmışlar.

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura iclasa yekun vuraraq, növbəti toplantının 2006-cı ilin martında keçiriləcəyini bildirmişdir. O, YUNESKO-nun qarşıdakı 60 illiyi ilə əlaqədar hazırlıq işləri barədə xoşməramlı səfirlərə məlumat vermiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

* * *

İclasdan sonra Parisin "Lödu-ayen" salonunda Azərbaycan musiqisindən ibarət konsert təşkil edilmişdir. Konsertdən əvvəl xoşməramlı səfir Mehriban Əliyeva qonaqları salamlamış, YUNESKO kimi nüfuzlu təşkilatın xoşməramlı səfiri seçilməsindən xoşbəxtlik duyduğunu, həmkarlarının faydalı işlər gördüyünü vurğulamışdır. Azərbaycanda muğamın inkişafı üçün xüsusi proqramların həyata keçirildiyini xatırladan Mehriban xanım muğamın mədəni irs siyahısına daxil edilməsini ölkəmiz üçün mühüm hadisə kimi qiymətləndirmişdir.

Sonra çıxış edən dünya şöhrətli musiqiçi Mstislav Rastropoviç əslən bakılı olmasından böyük qürur duyduğunu, bununla fəxr etdiyini bildirmişdir. Maestro Azərbaycanın zəngin musiqi tarixinə malik olduğunu söyləmiş və muğam barədə qısa məlumat vermişdir.

Almaniyada yaşayan həmyerlimiz, xalq artisti, bəstəkar Firəngiz Əlizadə pianoda muğam parçaları ifa etmişdir.

Konsertdən sonra YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Mehriban xanım Əliyevaya qurumun medalını və özünün rus dilində çapdan çıxmış kitabını təqdim etmişdir. Azərbaycanlı jurnalistlərin xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı suallarına cavabında cənab K. Matsuura Mehriban xanımın muğamın qorunub saxlanması və təbliğində, xəstə, kimsəsiz uşaqlara qayğı sahəsində gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulamışdır. Baş direktor iyun ayında YUNESKO çərçivəsində Yaponiyanın Naqoya şəhərində keçiriləcək beynəlxalq sərgiyə Mehriban xanım Əliyevanı dəvət etdiyini, sərgidə muğam ustalarından ibarət qrupun çıxışının nəzərdə tutulduğunu bildirmişdir.

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, son zamanlar isə Şuşa şəhərində ermənilərin "arxeoloji qazıntılar" aparması ilə bağlı YUNESKO-nun hansı addımlar atacağı barədə suallara cavab verən baş direktor demişdir ki, rəhbərlik etdiyi qurum siyasi təşkilat olmadığına görə bu faktlarla əlaqədar hansısa bir sanksiya tətbiq etmək imkanları yoxdur. Eyni zamanda, o, hər bir xalqa məxsus abidələrin dağıdılmasını pisləmiş, maddi-mədəni irsin qorunub saxlanması istiqamətində təşkilatın gördüyü işlərdən danışmışdır.

* * *

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva iclasdan sonra jurnalistlərin suallarına cavab vermişdir.

- Mehriban xanım, bu, xoşməramlı səfirlərin illik iclasında Sizin ilk iştirakınız idi. İclas və həmkarlarınızla birgə iş prosesi barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, iclas yüksək səviyyədə keçdi. İclas çərçivəsində ümumi görüşlərlə bərabər, şəxsi görüşləri də oldu. Cənab baş direktorla da görüşdüm. YUNEŞKO-nun baş direktoru Bakıya dəvətimi qəbul etdi və bu il ərzində ölkəmizə səfər edəcəyinə söz verdi. Bütün xoşməramlı səfirləri də Bakıya dəvət etdim. Ölkəmizlə bağlı həqiqətləri öyrənmək baxımından Azərbaycanda belə görüşlərin keçirilməsi çox faydalı ola bilər, ümumi işimizə xeyir verər.

Görüşlərim zamanı həyata keçirdiyimiz və nəzərdə tutduğumuz proqramlar barədə məlumat verdim, müxtəlif danışıqlar apardım. Mənə belə gəlir ki, görüşlərimiz çox faydalı oldu.

- Azərbaycan vətəndaşının ilk dəfə xoşməramlı səfir seçilməsi ölkəmizin tarixində mühüm hadisədir və YUNESKO kimi nüfuzlu bir təşkilat tərəfindən respublikamıza göstərilən yüksək etimaddır. Bu qurumla Azərbaycan arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində gələcək fəaliyyətinizi necə təsəvvür edirsiniz?

- Mən çıxışımda Azərbaycanla YUNESKO arasında çox sıx, çox yaxşı əlaqələr olduğunu bildirdim. Bir neçə layihəmiz vardır ki, onları YUNESKO ilə birlikdə həyata keçiririk. Məsələn, hazırda üzərində işlədiyimiz muğama həsr olunmuş layihələrin təqdimatı məhz Bakıda olmuşdur, bu istiqamətdə böyük işlər görülmüşdür. Bundan əlavə, elə layihələrimiz də vardır ki, onların həyata keçməsi üçün YUNESKO ilə birlikdə iş aparırıq. Hesab edirəm ki, əlaqələrimiz yaxşı istiqamətdə davam edir və gələcəkdə daha sıx olacaqdır. Belə əlaqələr Azərbaycan üçün daha vacib və daha faydalıdır.

- İşğal olunmuş Azərbaycan ərazilərində mədəni abidələrin dağıdılması məsələsinin YUNESKO-da müzakirə olunması mümkündürmü?

- Bilirsiniz ki, YUNESKO siyasətlə məşğul olmayan bir təşkilatdır. Buna baxmayaraq, bizim üçün ağrılı olan bu məsələni qaldırmaq lazımdır. Mən həm baş direktorla, həm də həmkarlarımla görüşlərimdə mövcud vəziyyət barədə məlumat verdim. Həmkarlarımdan bəzilərinin Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkün vəziyyətində yaşaması barədə məlumatları, demək olar ki, yox idi. Xoşməramlı səfirləri Bakıya dəvət etməkdə əsas məqsədim onlarla birlikdə qaçqın və məcburi köçkün düşərgələrinə baş çəkmək, soydaşlarımızın yaşadıqları şəraiti göstərməkdir.

Bildiyiniz kimi, bugünkü iclas "Hər bir insan üçün təhsil" probleminə həsr edilmişdi. Bizim çadır şəhərciklərində yaşayan ailələrdəki uşaqların hansı şəraitdə təhsil almaları barədə xoşməramlı səfirlərə məlumat verərkən onlar bunu çox təəccüblə qarşıladılar. Onlar mənə söz verdilər ki, Azərbaycanda olarkən mütləq çadır düşərgələrinə gedəcək və vəziyyətlə yerindəcə tanış olacaqlar.

Keçirdiyim görüşlər zamanı dağıdılmış abidələrimiz barədə də danışdım. Əlbəttə, bu istiqamətdə hələ çox işləmək lazımdır və artıq bu səfərim zamanı həmin problemlə bağlı fəaliyyətə başlamışam.


Əsgər Əliyev,
AzərTAc-ın xüsusi müxbiri

AzərTAc
2005, 4 mart