Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir

Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir


Son 5 ildə qarşıya qoyduğu bütün layihələri uğurla gerçəkləşdirən Heydər Əliyev Fondu insanlara qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə böyük rəğbət qazanıb. Fondun vətəndaşların hər bir müraciətinə həssas münasibəti, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində əzmkar fəaliyyəti, təhsil, səhiyyə, idmanın inkişafı sahəsində dövlətin yürütdüyü siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir. Fondun prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti xalqımız tərəfindən yüksək qiymətləndirilir və görülən bütün işlər Heydər Əliyev irsinə verilən dəyərli töhfə kimi qəbul edilir...

Azərbaycanın hər bölgəsində Ulu öndər Heydər Əliyevin saysız-hesabsız yadigarı, quruculuq izləri var. Ümummilli liderinə sonsuz məhəbbət bəsləyən xalqımız Heydər Əliyev Fondunu mərhəmət və nicat rəmzi olmaqla yanaşı, Onun ideyalarını yaşadan möhtəşəm irs məbədi kimi qəbul edir. Qurumun fəaliyyətinin prioritet istiqamətləri xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaqdır. Fond ictimai həyatın ən müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin həllinə maddi-mənəvi dəstək verir.

Millətin gələcəyinə hesablanmış layihələr həyata keçirilir...

2004-cü il mayın 10-da yaranan Heydər Əliyev Fondu xeyirxahlıq, humanizm, vətənsevərlik hisslərinə, milli düşüncəyə söykənən fəaliyyəti ilə cəmiyyətin dərin rəğbətini qazanıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti məhz bəşəriyyətin xilasına yönələn milli-mənəvi idealların cəmiyyətdə daha möhkəm əsaslarla intişar tapmasına istiqamətlənib. Son 5 ildə xalqın maraqları baxımından mühüm əhəmiyyətə malik layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondu, eyni zamanda, ölkəmizə səfərə gələn xarici qonaqların da ən çox üz tutduğu məkandır...

Özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayan Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin vətənpərvər və milli kadr kimi yetişməsinə, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun da fəaliyyətinin əsas sahələrindən biridir. Millətin gələcəyinə hesablanmış bir neçə proqram və layihə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin həyat şəraitini yaxşılaşdırmağa imkan verib.

Təhsillə bağlı qarşıya qoyulan əsas məqsəd Azərbaycanda bu sahənin çağdaş dünyanın tələb etdiyi səviyyəyə yüksəldilməsidir. Təhsilə yönələn diqqət və qayğının ölkənin gələcəyi baxımından nə dərəcədə önəmli olduğunu bir daha qeyd etməyə, yəqin ki, ehtiyac yoxdur. Elmin, təhsilin inkişafı, yeni nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda konkret və məqsədyönlü işlər görmək, ilk növbədə, həqiqi vətənpərvərlik nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın son dövrdə atdığı addımlar, xüsusən də təhsilə yönəltdiyi böyük diqqət onun vətənpərvərliyinin və xeyirxahlığının danılmaz sübutudur...

Uşaq evləri və internat məktəblərinin inkişafı...

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ilin əvvəlində Bakıda və əksər rayonlarda uşaq evləri və internat məktəblərində olduqdan sonra “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab edib. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilib.

Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn bir neçə istiqamət-texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilib. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlayıb.

Bu kateqoriyadan olan 50-dək uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılıb. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olub.

Yeniləşən Azərbaycana yeni məktəb...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən və cəmiyyət tərəfindən böyük rəğbətlə dəstəklənən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib. Bu sahədə real vəziyyəti qiymətləndirmək üçün Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikada məktəb binalarının vəziyyəti yoxlanılıb. “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi çərçivəsində 2005-2008-ci illərdə 200-ə qədər məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilib. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüter avadanlığı ilə təchiz olunub. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird yeni tədris illərini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılayıb.

Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb ” layihəsi uğurla davam etdirilir. Fondun təşəbbüsü ilə ölkə ərazisində tikilən yeni məktəblərin sayı artıq 300-ə çatdırılıb.

“Təhsilə dəstək” layihəsi...

“Təhsilə dəstək” layihəsi çərçivəsində hər yeni dərs ilinin əvvəlində məktəblilərə çanta və digər məktəb ləvazimatlarının paylanması Heydər Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən başlayaraq Fond hər il qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini, eləcə də, Gürcüstanda yaşayan soydaşlarımıza yeni dərs ili ərəfəsində bağışladığı çanta və dərs ləvazimatı ilə sevindirir. Bir sıra xarici ölkələrdə - Rusiya Federasiyasında, Hollandiyada, Türkiyədə, Rumıniyada yaşayan azərbaycanlı məktəblilər də belə hədiyyələr alıblar.

2008-2009-cu dərs ili ərəfəsində həyata keçirilən aksiyanın miqyası isə daha geniş olub. Bu aksiya bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabərdir. Hər çantaya 16 adda məktəb ləvazimatı qoyulub. “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan 140 adda plakat ölkənin bütün ümumtəhsil məktəblərini əyani vəsaitlə təmin etməyə imkan verib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci il sentyabrın 15-də Bilik Günü münasibətilə Bakının bir sıra qəsəbələrində təlim-tərbiyə ocaqları da istifadəyə verilib. Fondun prezidenti Mehriban xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına uşaq bağçasının açılışında iştirak edib. Ən müasir standartlara cavab verən bağça 3 yaşından 6 yaşınadək 120 uşaq üçün nəzərdə tutulub. Uşaqlar bağçada ingilis dili ilə yanaşı, bədii gimnastikanın da sirlərini öyrənirlər. 2008-ci il sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsində Tofiq Məmmədov adına 239 nömrəli orta məktəbin təmirdən sonra açılışı olub. Qeyd edək ki, təmirdən əvvəl məktəbdə 1200 nəfərdən artıq şagird dörd növbədə oxuyurdu. İndi isə məktəblilər bir növbədə təhsil almaq imkanı əldə ediblər. Fondun təşəbbüsü ilə məktəbin birinci sinif şagirdlərinə çantalar və 16 adda müxtəlif ləvazimatlar paylanıb.

Heydər Əliyev Fondu kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın-köçkün həyatı yaşayan uşaqlara qayğı göstərmək baxımından bütün digər qurumlar üçün layiqli örnəkdir. Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslər də Fondun diqqətindən kənarda deyil. 9 dekabr 2005-ci il tarixdə Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında kor və görmə qabiliyyəti zəif olan insanlar üçün İKT-yə çıxışın təmin edilməsinə dair layihə imzalanıb. Bu layihə əhalinin təcrid olunmuş qrupunun cəmiyyətin həyatında fəal iştirakını təmin etməklə, kor və görmə qabiliyyəti zəif olan insanların informasiya əldə etməsi üçün əlavə potensialı təmin edərək onlar üçün məşğulluq imkanlarını yaradıb.

“Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi ” layihəsi kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün respublika internat məktəbində model İKT sinfinin, audiostudiyanın, Brayl əlifbalı zəngin kitabxananın yaradılmasına kömək edib. Fond bu istiqamətdə fəaliyyətini davam etdirərək Gəncə şəhərində fiziki qüsurlu insanlar üçün Regional Mərkəzin yaradılmasına dəstək verir.

Daimi yaşayış yerlərini tərk etmiş aztəminatlı ailələrdən 2004-2006-cı illərdə birinci sinfə gedən 60 min uşağa məktəb ləvazimatları hədiyyə verilib. Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədilə əyani vəsaitlər hazırlanıb, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə verilib.

Qlobal miqyaslı fəaliyyət...

Heydər Əliyev Fondunun təhsilə qayğısı təkcə respublikamızla məhdudlaşmır. Fondun bu istiqamətdə fəaliyyətinin coğrafiyası gündən-günə genişlənir. Artıq beynəlxalq aləmdə də nüfuzlu bir qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə də uğurla davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların təhsillə bağlı problemlərinin aradan qaldırılması üçün hər il dövlət xətti ilə yanaşı, Fond tərəfindən də böyük yardım edilməsini soydaşlarımız dərin minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya paytaxtında və ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərən Azərbaycan məktəblərinə göstərilən müntəzəm qayğı xüsusilə qeyd olunmalıdır. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın ardıcıl fəaliyyəti də diqqəti cəlb edir.

2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi də Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmayıb, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilib. 2008-ci ilin fevralında isə Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunub.

Rusiyanın “Puşkin kitabxanası” Fondu ilə qurulan əməkdaşlıq da ölkəmizdə elm, təhsil və mədəniyyətin inkişafına yönəldilən hadisədir. “Puşkin kitabxanası” Fondu ilə yaranmış əməkdaşlıq çərçivəsində Rusiyada son illər nəşr olunmuş və müxtəlif elm sahələrinə aid 5 minə qədər kitab respublikamızın ali məktəblərinə təqdim edilib, “World Vision ” (“Dünyaya baxış ”) təşkilatı tərəfindən quruma təqdim edilən və məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərə paylanıb. Gürcüstandakı Azərbaycan məktəblərinin dərsliklə təminatına da böyük köməklik göstərilib, “YP Morgan” təşkilatının Fonda hədiyyə etdiyi, xaricdə nəşr olunmuş müxtəlif adda kitablar ali məktəblərə təqdim olunub.

Xoşniyyətli fəaliyyət...

Bir daha qeyd edək ki, müasir Azərbaycanın əldə etdiyi müstəqillik, dövlət quruculuğu, iqtisadi inkişaf, milli mədəniyyətimizin intibahı, ölkəmizin dünyada tanınması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi 30 ildən artıq dövr insanların yaddaşında vətənə və xalqa xidmət nümunəsi kimi yaşayır...

Bu müdrik insanın həyat amalını, ideyalarını yaşatmaq, zəngin irsini təbliğ etmək məqsədilə yaradılmış Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə irimiqyaslı layihələrin reallaşdırılması ilə Fond xalqın etibarını və etimadını qazanıb. Prezident İlham Əliyev Fondla bağlı deyib: “Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən “Xoş niyyət” deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük ”.

Heydər Əliyev Fondunun yaranmasının 5 illiyilə əlaqədar keçirilmiş tədbirdə Fondun prezidenti Mehriban xanım Əliyeva isə söyləyib ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir.

İnsanların sağlamlığı, gənc nəslin təlim-tərbiyəsi, valideyn himayəsindən məhrum olan uşaqların məişət şəraitinin yaxşılaşdırılması, milli mədəniyyətimizin inkişafı, tarixi-mədəniyyət və dini abidələrin bərpası Fondun diqqət mərkəzindədir. Bununla yanaşı, ətraf mühitin təmizliyi, sosial problemlərin həlli, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara diqqətin artırılması Fondun əsas fəaliyyət istiqamətlərindən biridir.


Ramil Vəlibəyov

Yeni Azərbaycan.- 2009.- 20 avqust.- № 155.- S. 3.