Mehriban Əliyeva: "Sabantuy tatar xalqının milli "Mən"ini əks etdirən bayramdır"
Tatar xalqının milli Sabantuy bayramı YUNESKO-nun dünya inciləri siyahısına daxil edilməyə layiq bayramdır. YÜNESKO-nun şifahi və musiqi ənənələri üzrə xoşməramlı səfiri, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva bunu dekabrın 15-də Kazan Kremlində Tatarıstan Respublikasının prezidenti Mintimer Şaymiyevlə görüşdə bildirmişdir. Xanım Mehriban Əliyeva Kazana Avropa və Şimali Amerika ölkələri üçün qeyri-maddi mədəni irsin mühafizəsi haqqında Konvensiyaya dair YUNESKO-nun regional seminarında iştirak etmək məqsədi ilə gəlmişdir.
Görüşdə xanım Mehriban Əliyeva Kazanda səmimiyyətlə qarşılandığına görə prezident Mintimer Şaymiyevə təşəkkür edərək, burada ilk dəqiqələrdən ona çox səmimi münasibət göstərildiyini demişdir.
Tatarıstan prezidenti YUNESKO-nun xoşməramlı səfiri ilə qeyri-maddi mədəni irsin qorunub saxlanılmasına dair birgə regional layihələrin perspektivlərini müzakirə etmişdir.
Tatar xalqının milli Sabantuy bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsinin mümkünlüyündən də söhbət getmişdir.
Xanım Mehriban Əliyeva bildirmişdir ki, Azərbaycan ənənəvi musiqi sənətinin incisi olan muğam qeyri-maddi dəyərlər siyahısına daxil edilmişdir. Azərbaycan xalqının bəzi bayramları da bu siyahıya daxil edilə bilər. O demişdir: "Zənnimcə, gələcəkdə bizim belə görüşlərimiz çox olacaq və biz planlarımızı həyata keçirəcəyik. Sabantuy bayramının çox qədim kökləri var. O, tatar xalqının milli "mən"ini əks etdirir. Bu, çox vacibdir. Axı, qeyri-maddi irsin qorunub saxlanılması haqqında Konvensiya məhz hər bir xalqın milli "mən"inin yaşadılmasına yönəldilmişdir".
Görüşdə Tatarıstan Baş nazirinin müavini Zilə Valeyeva, Tatarıstan prezidenti yanında beynəlxalq məsələlər üzrə dövlət müşaviri prezidentin xarici əlaqələr departamentinin direktoru Timur Akulov və digər rəsmi şəxslər iştirak etmişlər.
AzərTAc
2004, 15 dekabr