Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Fransaya səfəri
İordaniya kraliçası Raniyə əl-Abdullah ilə görüş
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 3-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva İordaniya kraliçası, YUNESKO-nun xoşməramlı səfiri Raniyə əl-Abdullah ilə görüşmüşdür.
YUNESKO-nun iqamətgahında keçirilən görüşdə xanım Raniyə əl-Abdullah rəhbərlik etdiyi İordan Çayı Fondunun xeyriyyə tədbirlərindən, valideyn qayğısından məhrum olmuş uşaqlara himayədarlıq edilməsi, onların hərtərəfli təhsil alması və digər sahələrdə gördüyü işlər barədə məlumat vermişdir.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun tarixindən, Azərbaycanda maddi və qeyri-maddi mədəni irsin qorunması, kimsəsiz uşaqlara göstərilən qayğı, təhsil sahəsində YUNESKO ilə birlikdə həyata keçirilən layihələr haqqında danışmışdır.
Sonra Mehriban xanım İordaniya mahnı və rəqslərinin təqdim edildiyi “İordaniya inciləri gecəsi” adlı konsert proqramına tamaşa etmişdir.
Mehriban xanım YUNESKO-nun baş direktoru Koişiro Matsuura və digər xoşməramlı səfirlərlə birlikdə xatirə şəkli çəkdirmiş, baş direktorun və xoşməramlı səfir Şeyx Həsən İ.Şikerin xoşməramlı səfirlərin şərəfinə verdikləri ziyafətdə iştirak etmişdir.
AzərTAc
2007, 3 aprel