Heydər Əliyev Fondunun gənclərə töhfəsi
Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənc nəslə olan diqqət və qayğı hər zaman diqqət mərkəzində olub və hazırda günü-gündən artmaqdadır. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanıb, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər Günü elan edilib.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin davamçısı olan Prezident İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə oldu. Ötən il dövlət başçısının sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Burada hər zaman gənclərə dəstək olan Heydər Əliyev Fondunun və onun rəhbəri YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın da fəaliyyətini qeyd etmək lazımdır. Fondun Azərbaycanın mədəniyyətinin və tarixinin, ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu var. Bu il keçiriləcək «Avroviziya» mahnı müsabiqəsinin təşkilat komitəsinə Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təyin olunması Fondun ölkənin ictimai-siyasi həyatındakı rolunu aydın əks etdirir. Heydər Əliyev Fondunun hər zaman diqqət mərkəzində saxladığı kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində gördüyü işlər mühüm əhəmiyyət kəsb edir. Mehriban xanımın təşəbbüsü ilə hər il irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyaları təşkil olunur, xəstə və imkansız vətəndaşların sosial vəziyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər həyata keçirilir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi xoşməramlı işlərdən biri də Gənclər Günü ərəfəsində paytaxtımızın Səbail rayonunda valideyn himayəsindən məhrum olmuş Tofiq Əhədov üçün toy mərasiminin keçirilməsinə hərtərəfli dəstək göstərilməsi olub. Səbail rayon sakini, yetkinlik yaşına çatmayan Tofiq Əhədov İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən himayəyə alınmış, onun yaşayışına, təhsilini başa vurmasına, sonradan isə işlə təmin olunmasına köməklik göstərilib. Mərasimin Gənclər Günü ərəfəsində keçirilməsi səbailli gənclərin sevincini daha da artırıb. Heydər Əliyev Fondunun dəstəyi ilə «Neolit» şadlıq sarayında təşkil olunan gözəl bayrama həsr olunmuş təntənəli tədbirdə rayonun istehsalatda, təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak edib. Təntənəli mərasimdə Heydər Əliyev Fondunun nümayəndələri Məhəbbət Mehdiyeva və İlqar Mustafayev də iştirak ediblər. Fondun nümayəndəsi Məhəbbət Mehdiyeva öz çıxışı zamanı qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi.
Ümummilli liderimiz Heydər Əliyev 1994-cü illin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyi yaratdı, 1996-cı il fevralın 2-də imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması həmin işlərin bir hissəsidir. Yeniyetmə və gənclərlə aparılan işlər həm də Heydər Əliyev Fondunun və onun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Fondun və onun prezidenti Mehriban xanım Əliyevanın gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verilib. Qeyd olunub ki, bugünkü mərasimin keçirilməsi də bu istiqamətdə görülən işlərdən biridir və mərasimin keçirilməsi ilə bağlı bütün hazırlıq və təşkilati məsələlər Heydər Əliyev Fondu tərəfindən görülüb. Fondun nümayəndələri yeni ailə həyatı quran gənclər – Tofiq və Elinanı Heydər Əliyev Fondu və Fondun Prezidenti Mehriban xanım Əliyevanın adından təbrik edib, onlara xoşbəxtlik və ailə səadəti arzulayıb. Heydər Əliyev Fondu tərəfindən gənc ailəyə qiymətli hədiyyələr təqdim olunub. Gənc Tofiq Əhədov ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya öz minnətdarlığını bildirib. Tədbirdə Səbail rayonunun ictimai-siyasi həyatında, təhsildə, idmanda fərqlənən bir qrup gəncə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı ilə başa çatıb.
İlkin
Palitra.- 2012.- 3 fevral.- № 13.- S. 11.