Çap etmək   ⁞     ⁞   Millət vəkili

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur


AZƏRTAC xəbər verir ki, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının mayın 1-də keçirilmiş iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən hazırlanaraq parlamentə təqdim edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsi müzakirə edilmişdir. Komissiyanın sədri Əli Hüseynov bildirmişdir ki, cinayət törətmiş, məhkum olunmuş şəxslər barəsində 1995-ci ildən etibarən ümummilli liderimiz tərəfindən müxtəlif humanist qərarlar qəbul olunmuşdur. İndiyədək bir neçə əfv fərmanı və amnistiya aktı imzalanmışdır. Amma ilk dəfədir ki, Milli Məclisin deputatı çox humanist təşəbbüslə çıxış edərək, parlamentə amnistiya haqqında qərar layihəsi təqdim etmişdir. Bu layihənin əhatə dairəsi əvvəlkilərdən genişdir və təxminən 9000 nəfərə şamil olunması nəzərdə tutulur. Komissiya sədri ümidvar olduğunu bildirmişdir ki, Heydər Əliyev insanpərvərliyi və humanizmi məfkurəsindən çıxış edən deputat Mehriban Əliyevanın hazırladığı bu sənəd həm parlament, həm də bütövlükdə ictimaiyyət tərəfindən çox müsbət qarşılanacaqdır.

Sonra Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Cəfərov layihə barədə ətraflı məlumat vermişdir. O demişdir ki, bu təşəbbüs banisi ümummilli lider Heydər Əliyevin olduğu humanizm siyasətinin məntiqi davamıdır. 1995-ci ildən başlayaraq qəbul edilmiş 7 amnistiya aktı və 32 əfv fərmanı nəticəsində 21335 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş, 7000-dən çox şəxsin cəzası yüngülləşdirilmişdir. Layihə amnistiya aktının 7500-dən çox şəxsə şamil olunmasını və təxminən 1500 nəfərin cəzaçəkmə yerlərindən azad edilməsini nəzərdə tutur.

Üç bölmədən, 21 bənddən ibarət olan layihənin, əsasən böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə məhkum olunmuş qadınlara, birinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə, cinayət törədərkən 18 yaşına çatmayanlara, himayəsində yetkinlik yaşına çatmayan və ya 1-ci və 2-ci qrup əlil övladı olan kişilərə, habelə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslərə, bu döyüşlərdə həlak olmuş, xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilməsi təklif olunur. Layihə Azərbaycan Respublikasında mövcud olan qanunvericilik texnikasına uyğun hazırlanmışdır.

Layihədə bir sıra məhdudiyyətlər də nəzərdə tutulmuşdur. Belə ki, cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, ağır və xüsusilə ağır cinayətlər, habelə xüsusilə təhlükəli residiv yaradan cinayətlər törətmiş, cinayət nəticəsində vurulmuş ziyanı ödəməmiş və bəzi digər kateqoriyadan olan şəxslər barəsində amnistiyanın tətbiq edilməsinə məhdudiyyətlər qoyulur. Amnistiya aktı qəbul edildikdən sonra 3 ay müddətində icra olunmalıdır.

Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin mütəxəssisləri layihədə nəzərdə tutulanların icrası ilə bağlı fikirlərini bildirmişlər.

Müzakirələr zamanı deputatlar amnistiya aktı layihəsini çox yüksək dəyərləndirmiş və Heydər Əliyev siyasətinin davamı kimi səciyyələndirmişlər.

Qərar layihəsi Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.


Xalq qəzeti.- 2007.- 2 may.- № 93.- S. 1.