Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondu Azərbaycanı Fransada tanıdır


Heydər Əliyev Fondunun Azərbaycanın Fransadakı səfirliyi ilə birgə bu ölkənin regionlarında həyata keçirdiyi “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində mayın 2-3-də Van (Vannes) şəhərində tədbirlər təşkil olunmuşdur.

Həmin tədbirlərlə bağlı Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun bu ölkənin “Le Telegramme” ve “Ouest France” qəzetlərində müsahibəsi dərc edilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, diplomat müsahibəsində ölkəmizi tanıtmaq məqsədi ilə Fransanın regionlarında həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində son 6 ayda 12 şəhərə səfər etdiyini vurğulamışdır. Ölkəmizin mədəni dəyərlərini tanıtmaq üçün Vana gəldiyini vurğulayan səfir bildirmişdir ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın zənginliyi yalnız neft və qazdan ibarət deyildir. Eyni zamanda, müxtəlif millətlərin, dinlərin nümayəndələrinin yüksək tolerantlıq və sülh şəraitində yaşaması Azərbaycanın zənginliyidir. Azərbaycan 1918-ci ildən dünyəvi, 1991-ci ildən isə müstəqil ölkədir. Ölkəmiz turizmə açıqdır və eyni zamanda, iqtisadi əlaqələri inkişaf etdirməkdədir.

Azərbaycanda dağ-xizək kurortunun yenicə istifadəyə verildiyini vurğulayan səfir bildirmişdir ki, biz, həmçinin xarici investorları kənd təsərrüfatına, turizm və yeni texnologiyalara cəlb etmək istərdik. Cari il fevralın 8-də Azərbaycan kosmik ölkələr klubuna daxil olmuşdur. Bu sahədə Fransa ilə sıx əməkdaşlıq aparılır. Təsadüfi deyildir ki, Azərbaycanın ilk rabitə peyki Fransanın “Arianespace” raketdaşıyıcısı vasitəsilə Qviana Kosmik Mərkəzindən fəzaya buraxılmışdır.

Vana səfəri ilə bağlı səfir Elçin Əmirbəyov bildirmişdir ki, məqsəd Heydər Əliyev Fondunun “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin bu şəhərdə reallaşdırılmasını təmin etməkdir. Van bu layihənin keçirildiyi Fransanın sayca 12-ci şəhəridir. Bu mühüm layihə Reyms şəhərində başladı və biz Bordoya kimi gəldik. Növbədə isə Evian, Kann və digər şəhərlərdir.

Diplomat layihənin Azərbaycanı Fransada tanıtmaq, fransızları incəsənətimizlə və mədəniyyətimizlə yaxından tanış etmək məqsədi daşıdığını vurğulamışdır. Azərbaycanın mədəniyyəti çox qədimdir. Çünki Qafqaz sivilizasiyanın beşiyidir.

Müsahibəsində Azərbaycanın məşhur turizm ölkəsinə çevrilməsi ilə bağlı sualı da cavablandıran səfir ölkəmizdə bu sahənin sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ötən il ölkəmizə üç milyona yaxın turist gəlmişdir. Bu il Azərbaycanda ilk dağ-xizək istirahət kompleksi istifadəyə verilmişdir.

Azərbaycanın Qərb ilə, o cümlədən Fransa ilə əməkdaşlığa açıq ölkə olması haqqında Elçin Əmirbəyov demişdir ki, son on il ərzində respublikamız mötəbər mədəni tədbirlərin keçirildiyi məkana, Bakı isə beynəlxalq konfranslar şəhərinə çevrilmişdir.

Fransanın şəhərləri ilə sıx əlaqələrin qurulmaqda olduğunu qeyd edən diplomat növbəti həftə Orn vilayətinin Eql şəhəri ilə Azərbaycanın Naftalan şəhəri arasında ilk qardaşlaşmanın baş tutacağını vurğulamışdır. Bu ilin noyabrında Azərbaycanın ən qədim və tarixi şəhəri və ilk paytaxtı olan Gəncədə ikinci beynəlxalq üzüm və şərab festivalı keçiriləcəkdir. Fransa bu festivalda fəxri qonağımız olacaqdır. Fransanın şərab istehsal edən bir çox bölgəsinin nümayəndələri bu festivala qatılacaqlar.

Səfir Elçin Əmirbəyov müsahibəsinin sonunda Van şəhəri ilə də əməkdaşlığın qurula biləcəyini diqqətə çatdırmışdır.


İki sahil.- 2013.- 15 may.- № 85.- S. 8.