Heydər Əliyev Fondunun qlobal missiyası...
Fond qardaşlığın və sabitliyin, əmin-amanlığın və sülhün təminatçısı modelini dünyaya təqdim etməkdədir
Bu gün Azərbaycanda mövcud olan dözümlülük və tolerantlıq münasibətləri bütün dünya ölkələri üçün bir örnək təşkil edir və bu həqiqəti heç kim inkar edə bilməz. Respublikamızdakı oturuşmuş dövlət-din münasibətləri və dini tolerantlıq modelinin bütün dünyada tətbiqi artıq mümkün və vacib məsələyə çevrilib.
Gürcüstanda məscid tikildi
Ən əvvəl ondan başlayaq ki, bu yaxınlarda Heydər Əliyev Fondu Gürcüstanda yaşayan soydaşlarımıza daha bir töhfə verdi. Fondun vəsaiti hesabına Marneuli rayonunun Alget kəndindəki orta əsrlərdə inşa edilmiş və son vaxtlar acınacaqlı vəziyyətdə olan məscid binası əsaslı və yüksək səviyyədə təmir edilərək əhalinin istifadəsinə verildi. Məscidin təntənəli açılış mərasimi düzənləndi, fondun əməkdaşları Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın tapşırığı ilə sakinlərin ehtiyaclarını öyrəndilər, onları narahat edən məsələlərlə yaxından maraqlandılar. Məscidin bərpası və əsaslı təmiri ilə yanaşı, bir neçə kəndi birləşdirən həmin əraziyə içməli su xətti çəkildi. Ümumiyyətlə isə, son beş il ərzində Fond qonşu respublikada bir sıra mühüm layihələrə imza atıb.
Onu da qeyd etmək vacibdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Dmanisi, Bolnisi, Marneuli, Qardabani, Loqodexi rayonlarının uzaq kəndlərində xeyir və yas mərasimlərini təşkil etmək üçün bütün lazımı avadanlıqlar sakinlərə hədiyyə olunub. Xəstələri və qocaları müalicə etmək və yerindəcə tibbi yardım göstərmək üçün bu ərazilərə həkimlərdən ibarət qruplar göndərən mərkəz təşkil edilib. Ağır xəstələrin müalicəsini təmin edən Fond əhalinin son ümid yeri olub. Və maraqlı burasındadır ki, artıq Heydər Əliyev Fonduna belə xahişlərlə təkcə soydaşlarımız deyil, qonşu respublikanın digər millətlərdən olan sakinləri də müraciət etməyə başlayıblar.
Tolerantlığın ünvanı - Azərbaycan
Dünya ölkələrinin böyük maraqla qarşıladığı layihələrdən biri də Strasburq kafedral kilsəsinə - “Bizim ledi” müqəddəs ocağına Heydər Əliyev Fondu tərəfindən 40 min avro dəyərində ianənin bağışlanması idi. Bundan başqa, bir neçə il əvvəl Pakistanda orta məktəb inşa edən Fond öz xeyirxah əməli ilə diqqət mərkəzinə gəlmişdi.
Təkcə respublikamızda deyil, dünyanın hər yerində tanınan Heydər Əliyev Fondu tolerantlığın ən mükəmməl nümunəsi olan Azərbaycan modelini-qardaşlığın və sabitliyin, əmin-amanlığın və sülhün təminatçısı modelini təqdim etməkdədir. Təsadüfi deyil ki, Fond bir çox layihələrinə “Tolerantlığın ünvanı -Azərbaycan” devizi altında imza atır. Qeyd edək ki, Fond bu layihə çərçivəsində ölkəmizdəki xristian kilsələrinə də yardımlar göstərib.
40 min avronun “Bizim ledi” müqəddəs ocağına köçürülməsi, müxtəlif dinlərə, onların müqəddəs ocaqlarına qayğı və diqqət, ilkin olaraq, Azərbaycanın başqa dinlərə öz tolerantlığını göstərməsi və İslamın dünyaya təqdim olunması yönündə atılmış mühüm bir addımdır.
Həm də bu addımların bəzi ölkələrdə İslam dini və onun daşıyıcıları haqda mənfi rəy yaratmaqdan ötrü xüsusi işlənib hazırlanmış planların həyata keçirilməsi fonunda atıldığına diqqət etsək, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın nə qədər böyük bir missiya ilə çıxış etdiyinin şahidi olarıq.
Və bir daha aydın olar ki, bu gün dünya birliyində və qloballaşan münasibətlər dövründə Azərbaycan kifayət qədər mükəmməl tolerantlıq nümunəsi göstərir.
Azərbaycan tolerantlığının tarixi
Məsələ burasındadır ki, ötən əsrin sonları Sovetlər İttifaqının dağılması dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi ilə yanaşı, ictimai həyatın müxtəlif sahələrində qlobal problemlərin yaranmasına da səbəb oldu. Dinlər arasında mövcud fərqlərə əsaslanan və millətləri qarşı-qarşıya qoyan nəzəriyyələrin yenidən meydana gəldiyi belə bir vaxtda tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə nümunə ola bilərdi. Belə bir ölkə isə bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadığı Azərbaycandır. Azərbaycanda tolerantlıq ənənələri tarixin çox dərinliklərində kök salıb.
Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan Alban aftokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi isə dini dözümlülük ənənələrini daha da möhkəmləndirib. Çünki tolerantlığın əsasını “Qurani-Kərim”in surə və ayələri təşkil edir: “Dində məcburiyyət yoxdur”.
Sovet rejimi çökəndən, ölkəmiz müstəqillik qazanandan və Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərləşdi və eyni statusa malik oldu. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə verildi. 2001-ci ildə ölkəmizdə səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksey bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi. Kilsənin bərpasını isə Moskvada yaşayan azərbaycanlı, müsəlman iş adamı həyata keçirdi. 1999-2001-ci illərdə Bakıda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.
Azərbaycanın katolik icmasına da 2000-ci ildən kilsə kimi fəaliyyət göstərməyə başlayan bina ayrıldı. Vatikanın layihəsinə əsasən, Bakıda inşa edilən katolik kilsəsi iki il öncə icmanın ixtiyarına verilib.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində İbrani bölməsi fəaliyyət göstərir. 2000-ci ilin sonlarında dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov Ulu öndər Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. 1990-cı ildən respublikada “Azərbaycan-İsrail” və “Soxnut” cəmiyyəti fəaliyyət göstərir.
Ölkəmizdə yəhudilərə münasibətdə “Krasnaya sloboda” qəsəbəsinin xüsusi çəkisi var. Bu qəsəbə keçmiş sovetlər məkanında yəhudilərin kompakt yaşadığı azsaylı yerlərdən biridir. Sovet hakimiyyətinin qurulmasına qədər qəsəbədə 11 sinaqoq fəaliyyət göstərib və ən mühüm məqam odur ki, Azərbaycan yeganə respublikadır ki, burada yəhudilər heç bir dini ayrı-seçkiliyə və tarix boyu üzləşdikləri soyqırımlara məruz qalmayıblar.
Ölkəmizdə antisemitizmə heç vaxt yer olmadığını 2002-ci ildə ölkəmizə səfər edən Roma-katolik kilsəsinin başçısı II İohann Pavel xüsusi olaraq qeyd edib. Bu da tarixi bir faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda özlərinə sığınacaq tapıblar.
Qlobal missiya
Bu gün bəşər sivilizasiyasının indiki mərhələsində müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranmasının qlobal əhəmiyyət kəsb etməsi gizli deyil. Bu baxımdan, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dialoq üçün zəmin yaradır və insanları, dinləri bir araya gətirməklə yanaşı, tolerantlığın Azərbaycan modeli ilə tanış edir. Eyni zamanda, bəşəriyyət üçün ümumi, ortaq bir dəyər olan dinin-bəşəriyyəti bir araya gətirən ortaq nöqtələrin Azərbaycan mədəniyyəti, dəyər və əxlaqı fonunda nümayişinə uğurla nail olunur. Dinşünas alimlərin söylədiklərinə görə, Qərbin müxtəlif qüvvələri tərəfindən təxribatlar həyata keçirilməsinə (İslam müqəddəslərinin təhqir olunması və sair) baxmayaraq, mənəvi və maddi istəklərinin əks olunduğu dinin, dəyər və əqidənin sorağında olan dünyaya İslam dininin təqdim edilməsi üçün ən münbit şərait yaranıb. İnkişaf tərzi yüksəldikcə dinin dərkinə daha çox yönələn bəşəriyyəti elmi, mədəni dəyərləri özündə ehtiva etmək və ortaya qoymaqla İslamın tərz-təfəkkür sisteminə cəlb etmək zamanını qiymətləndirən Heydər Əliyev Fondu müxtəlif layihələr reallaşdırmaqla qlobal missiyasının öhdəsindən uğurla gəlir. Yaranmış əlverişli məqamdan yararlanaraq Beynəlxalq muğam festivalı kimi layihələrə imza atır, Bakının İslam Mədəniyyəti paytaxtı elan olunmasını reallaşdırır.
Kəbutər
Yeni Azərbaycan.- 2009.- 17 sentyabr.- № 175.- S. 3.