Çap etmək   ⁞     ⁞   Fond haqqında

Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrindən biri


Bu günlərdə istifadəyə verilmiş Talassemiya Mərkəzində xəstəliyin radikal müalicəsi üsulunun tətbiqi nəzərdə tutulur ki, bu da xəstənin tam sağalması deməkdir

Bəşər cəmiyyəti yaranandan insanlar bir çox problemlərlə, çətinliklərlə və hətta xəstəliklərlə qarşılaşıb. Hazırda isə insanlıq aləminin üzləşdiyi təhlükəli xəstəliklərdən biri də talassemiyadır. Talassemiya xəstəliyinin dünya xalqları arasında ən çox müşahidə olunan növü BETA-talassemiyadır. Əlbəttə, bu xəstəliyin digər növləri də xüsusi təhlükəliliyi ilə fərqlənir. Bu da xəstəliyin dünya miqyasında geniş yayılmasına və təhlükəli vəziyyətin yaranmasına gətirib çıxara bilər.

Məlumat üçün qeyd edək ki, talassemiyanın daha çox yayıldığı ərazilər sırasına Aralıq dənizinin sahilləri, Cənubi Avropa, Şimali Afrika, Cənubi və Cənub-şərqi Asiya ilə yanaşı, xəstəliyin endemik ocaqlarından biri kimi Azərbaycan da daxildir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü ilin fevral ayının 8-də keçirilmiş və talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” mövzusunda Dəyirmi Masada Fondun Prezidenti Mehriban xanım Əliyeva vəziyyəti dəqiq təsvir edərək söyləmişdi ki, talassemiya xəstəliyi Azərbaycan üçün çətin və aradan qaldırılması vacib olan problemlərdən biridir: “Azərbaycanda talassemiya haqqında ilk məlumatlar keçən əsrin 50-ci illərindən sonra alınıb. Azərbaycanın bir sıra rayonlarında talassemiya geninin yayılma tezliyi dünya üzrə rekord göstəriciyə çatır. Talassemiya daşıyıcılarının əhalinin sayına görə orta nisbəti 8 faizə bərabərdir. Yəni, respublikamızın hər 12 sakinindən biri bu patoloji genin daşıyıcısıdır. Hər il 200-ə qədər böyük BETA-talassemiyalı xəstə uşaq anadan olur. Yaşayan talassemiya xəstələrinin sayı isə 2 mindən artıqdır. Əslində, bu rəqəmlər daha da yüksək ola bilər. Çünki ölkəmizin bəzi ucqar rayonlarında talassemiya diaqnozu qoyulmur və anadan olan uşaq xüsusi müayinələrdən keçmir, əfsuslar olsun, həyatının ilk illərində vəfat edir və ölümünün səbəbi də bilinmir. Dünya səhiyyə təşkilatının proqnozuna görə, Azərbaycanda talassemiyanın profilaktikası lazımınca təşkil edilməsə, bu xəstəliyə düçar olmuş xəstələrin sayı 45 il ərzində 16 minə çatacaq”.

Bir sözlə, bu xəstəliyin birbaşa xalqımızın gələcəyi olan uşaqlara, körpələrə daha çox təhlükə yaratdığını söyləsək, yanılmarıq. Amma gələcəyimizin bu xəstəlikdən xilas edilməsi üçün Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi əhəmiyyət daşıyır.

Ümumiyyətlə, Heydər Əliyev Fondunun əsas məqsədi ulu öndərimizin Vətən, xalq üçün göstərdiyi xidmətlərin, Onun ümumbəşəri ideyalarının, zəngin irsinin təbliğ edilməsi, həmçinin, bunun gənclər və gələcək nəsillər üçün qorunub saxlanılmasıdır. Bununla yanaşı, Fondun çoxşaxəli fəaliyyətinin öncül istiqamətlərindən biri cəmiyyətimizdə yardıma ən çox ehtiyacı olan insanlara diqqət və qayğıdır. Bu sırada ilk növbədə, qaçqın və məcburi köçkün ailələri, uşaq evləri, internat məktəblərində tərbiyə alan uşaqlar və əlbəttə, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar dayanır. Fond bu istiqamətdə qısa zamanda bir neçə böyük layihə (“Diabetli uşaqlara ən yüksək qayğı”, uşaq evi və internat məktəblərinin inkişafı, “Mən Azərbaycanı sevirəm” rəsm sərgisi, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlarla görüşlər və sair) hazırlayaraq, həyata keçirib.

Heydər Əliyev Fondu, eyni zamanda, talassemiya xəstəliyinin qarşısını almaq məqsədi ilə böyük bir proqram üzərində işləyir. Bunlar ictimaiyyətin, xarici ölkələrin və Beynəlxalq Talassemiya Federasiyasının diqqətinin bu problemin həlli yollarının araşdırılmasına cəlb edilməsi, Azərbaycanda talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, talassemiyanın yayılmasının qarşısının alınmasından ötrü əhalinin maarifləndirilməsi və prenatal diaqnostika üsulu vasitəsilə xəstəliyin proqnozlaşdırılması (bu, xüsusilə yeni ailələrə aiddir), talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Bu tədbirlərdən biri isə bir neçə gün öncə reallaşdı. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi ardıcıl işlərin nəticəsi olaraq Bakının Nərimanov rayonundakı Fətəli Xan Xoyski prospektində bu xəstəliyə düçar olanları və onların yaxınları üçün ümid yeri sayılan Talassemiya Mərkəzinin açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib və görülən işlərdən razı qalıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası zirzəmidən, beş mərtəbədən və mansard hissədən ibarətdir. Ümumi sahəsi 7 min 720 kvadratmetr olan bina tam hermetikdir, xarici divarları isti və soyuğa qarşı izolə olunub. Binanın interyerinə və dizaynına xüsusi diqqət yetirilib, bu zaman həkimlərin, memarların, dizaynerlərin və psixoloqların məsləhətləri nəzərə alınıb. Mərkəz üçün seçilən antibakterioloji ləvazimat xəstələrin yaşı nəzərə alınmaqla, əlvan rəngli və müsbət enerji verən dizayna uyğunlaşdırılıb.

Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin aparılması ardıcıllığı nəzərə alınaraq otaqların təyinatına, həmçinin, mərtəbələr üzrə bölüşdürülməsinə xüsusi diqqət yetirilib. Birinci mərtəbədə qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriya var. Laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb.

İkinci mərtəbə poliklinikadır. Burada baş həkimin otağı, iki hissədən ibarət transfuziya zalı, on iki otağı olan klinika, ümumi laboratoriya, manipulyasiya və şüa diaqnostikası otaqları fəaliyyət göstərəcək. Sahəsi 1280 kvadratmetr olan üçüncü mərtəbədə iliyin köçürülməsi üçün əməliyyat otağı, hərəsi bir nəfərlik beş reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə mərkəzi, molekulyar diaqnostika laboratoriyası yerləşir. Xəstələr müasir palatalarda müalicə alacaqlar. Reanimasiya palatalarının və əməliyyat otağının yerləşdiyi hissəni laminar hava ilə təmin etmək üçün xüsusi havalandırma sistemi quraşdırılıb.

Mərkəzin dördüncü mərtəbəsində hər biri iki nəfərlik on üç palata, hərəsi bir nəfərlik dörd palata, uşaqlar üçün oyun otağı vardır. Beşinci mərtəbədə kafe, yeməkxana, kitabxana, internet mərkəzi, 110 nəfərlik konfrans salonu fəaliyyət göstərir. Sahəsi 1080 kvadratmetr olan mansardda Almaniyada istehsal olunmuş havalandırma sistemi quraşdırılıb.

Zirzəmidə havalandırma və qaz şəbəkəsinin qurğuları, izolyator zalı, rabitə və mərkəzi kompyuter sistemi, camaşırxana və sterilləşdirmə otağı yerləşir.

Binanın xüsusi yanğın təhlükəsizliyi sistemi də var. Ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olunub. Yaxın gələcəkdə burada talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur. Bu isə xəstənin tam sağalması deməkdir. Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

Yeri gəlmişkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2004-cü ilin fevral ayının 8-də keçirilmiş və talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” mövzusunda Dəyirmi Masada Fondun Prezidenti Mehriban xanım Əliyeva bir daha vurğulayıb ki, talassemiyadan ən çox uşaqlar əzab çəkir: “Xəstəlik böyük-kiçik tanımasa da, uşaqların əzabı daha ağrıdıcıdır. Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır və bunun öhdəsindən yalnız birlikdə gəlmək olar”.

Bir sözlə, Heydər Əliyev Fondu bu problemə xüsusi diqqət yetirməklə ölkəmizdə talassemiyalı uşaqlara xüsusi qayğının göstərildiyinə, onların başqa ölkələrdəki kimi tam dəyərli həyat sürməsinə və cəmiyyətə inteqrasiya olunmasına böyük əminlik yaradır.


Ramil Vəlibəyov

Yeni Azərbaycan.- 2009.- 13 may.- № 87.-S. 4.