Heydər Əliyev Fondunun hazırladığı "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirilmişdir
İyulun 22-də Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun yeni layihəsi olan "Azərbaycan" internet portalının təqdimat mərasimi keçirilmişdir. Salona toplananlar Azərbaycan Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.
Mərasimi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva açdı.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çıxışı
-Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!
Əziz qonaqlar!
Sizi Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Azərbaycan" internet portalının təqdimat mərasimində salamlayıram və bu axşam bizimlə olduğunuz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Heydər Əliyev Fondu artıq bir ildən çoxdur ki, fəaliyyətə başlayıbdır. Biz qarşımıza çox böyük vəzifələr qoyaraq, onların həllinə nail olmağa, konkret layihələr işləyib həyata keçirməyə çalışırıq.
Yardıma ehtiyacı olan hər bir insana qayğı və diqqət Heydər Əliyev Fondunun əsas vəzifələrindən biridir. Ölkəmizdə sosial problemlərin həllində Fond çox fəal iştirak edir və bir sıra humanitar layihələr hazırlayıb həyata keçirir. İnternat məktəblərinin və uşaq evlərinin inkişafı layihəsi çərçivəsində indi Bakıda 12 məktəbdə əsaslı təmir aparılır. Demək olar ki, bu məktəblərin əksəriyyəti yenidən inşa edilir. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri ilə yanaşı, cəmiyyətimizin bu cür problemlərinə yeni bir nəzər nöqtəsindən baxmağa çalışırıq. Fondun təşəbbüsü ilə respublikamızın bütün guşələrində ən ağır vəziyyətdə olan 132 məktəb üçün bina tikilir. Məktəblər yerli şəraitə uyğun layihələrlə inşa edilir. Bu gün demək olar ki, məktəblərin əksəriyyətində tikintiyə başlanıb. Ölkəmizin tarixi abidələrinin qorunmasında da Fond fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsi, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpa edilməsi, Abdulla Şaiqin ev-muzeyinin təmir edilməsi Fondun bu istiqamətdə gördüyü tədbirlərin yalnız bir neçəsidir.
Amma Fondumuzun ən məsul və ən şərəfli vəzifəsi Heydər Əliyev tərəfindən yaradılan azərbaycançılıq ideyasına, azərbaycançılıq fəlsəfəsini təbliğ etməkdir. Biz çalışırıq ki, bu ideyanı davam etdirək. Bu gün diqqətinizə çatdırılan layihə də bu məqsədə xidmət edir.
Portalın üzərində işə başlamazdan əvvəl biz "Azərbaycan və internet" adlanan maraqlı bir araşdırma aparmışıq. Azərbaycanın dünya informasiya məkanına inteqrasiya olunması, Azərbaycan dilində internet resursları bizi maraqlandırdı. Bu araşdırmaların bəzi nəticələrini sizin diqqətinizə çatdırmaq istərdim. Bəzi mənbələrə görə, Azərbaycanda internetdən istifadə edənlərin sayı 300 min, digərlərinə görə isə 400-450 min nəfərə çatır. Yer kürəsində internet istifadəçilərinin sayı 1 milyarda çatır ki, bu da dünya əhalisinin 14 faizini təşkil edir. Məlumdur ki, Azərbaycanda internet poçt sistemi 1991-ci ildən fəaliyyət göstərir. indi artıq Azərbaycanda internet resurslarının mövcudluğundan danışmaq mümkündür. Hazırda ölkəmizdə 3145 azərbaycandilli, 830 türkdilli, 1300 ingilisdilli, 1600 rusdilli sayt mövcuddur. Saytların məzmununu təhlil etsək, onların 150-si dövlət qurumlarına, nazirliklərə, siyasi partiyalara, ictimai təşkilatlara məxsusdur. Azərbaycanın rayonları barədə ümumi məlumatları əks etdirən cəmi 15 sayt mövcuddur. Qarabağ müharibəsinə, Xocalı soyqırımına, erməni vəhşiliklərinə həsr olunmuş 17 sayt mövcuddur. 26 sayt diasporla bağlı məsələləri əhatə edir.
Çox yaxşı haldır ki, dünyada gedən qloballaşmanın aparıcı qüvvələrindən biri olan informasiya və kommunikasiya texnologiyaları da Azərbaycanda öz yerini tutur. İnternet ölkəmizdə dinamik inkişaf edir. Yeni texnologiyalarla məşğul olan təşkilatların sayı günbəgün artır. Bizdə indi kifayət qədər internet resursu var. Amma məsələni daha dərindən öyrənəndə bir sıra daha ciddi nöqsanlar üzə çıxır. Şəbəkənin abreviaturası ilə bağlı problemlər, yüksək səviyyəli axtarış sistemlərinin olmaması, saytların yeni informasiyalarla təmin edilməməsi, konkret bir problemə həsr olunmuş saytlarla yanaşı çox formal, müasir tələblərə cavab verməyən saytlar da vardır. Ölkəmizin beynəlxalq imicinə zərbə vuran, böhtan, yalan yayan, yanlış mövqeli, o cümlədən xalqımızın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə Ermənistanın mövqeyini əks etdirən külli miqdarda müxtəlif dilli saytlar da mövcuddur. Məhz bütün bunlara görə biz "Azərbaycan" portalının yaradılmasını çox zəruri hesab etdik. Bunu vaxtında atılmış bir addım kimi qiymətləndiririk. Əminəm ki, ölkəmizin ən qədim tarixindən tutmuş bugünkü reallığına qədər dövrə özündə əks etdirən bu portal çox problemlərin həllində mühüm rol oynayacaqdır.
Portal 3 dildə - Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuşdur. Yaxın gələcəkdə portalın alman, fransız, ərəb versiyalarının da hazırlanması nəzərdə tutulur. Mən portalın hazırlanmasında fəal iştirak edən bütün təşkilatlara, hər bir insana Heydər Əliyev Fondu adından dərin minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, "Azərbaycan" internet portalı çox qısa bir zamanda qiymətli və dəqiq informasiya mənbəyinə çevriləcəkdir.
Əziz qonaqlar, çıxışımın sonunda sizə işlərinizdə böyük uğurlar, həyatınızda çoxlu işıqlı və xoşbəxt günlər arzulayıram. İndi isə sizi Azərbaycan portalı haqqında filmə baxmağa dəvət edirəm.
Çox sağ olun.
* * *
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı
-Hörmətli xanımlar və cənablar!
Bu gün "Azərbaycan" portalının nümayişi bizim hamımızı çox sevindirir. Çox gözəl portaldır və burada Azərbaycan haqqında çox dəqiq və müfəssəl məlumat öz əksini tapıbdır. Azərbaycan haqqında məlumatlar internetdə, müxtəlif saytlarda mövcuddur, amma ilk dəfədir ki, bütün məlumat bir portalda cəmləşibdir.
Bu gün bu barədə kifayət qədər məlumat verildi, film də nümayiş etdirildi. Əminəm ki, dünyanın istənilən yerində Azərbaycanla maraqlanan insanlar portaldan səmərəli istifadə edəcəklər. Bizim reallıqlarımız, Azərbaycanda gedən proseslər, Azərbaycan həqiqətləri mütləq dünya birliyinə qərəzsiz, olduğu kimi çatdırılmalıdır. Hamımız yaxşı bilirik ki, Azərbaycana qarşı dünyada çox güclü erməni lobbisi fəaliyyət göstərir. Demək olar ki, Azərbaycana qarşı informasiya müharibəsi aparılır və əlbəttə ki, biz buna adekvat, çox layiqli cavabımızı verməliyik. "Azərbaycan" portalının yaranması bu işdə bizə çox gözəl kömək edəcəkdir. Biz Azərbaycan haqqında məlumatları dünya birliyinə çatdıracağıq, eyni zamanda, öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq.
Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş bu layihə çox önəmlidir və əminəm ki, gələcəkdə bu portal daim yeniləşərək, diqqət mərkəzində qalacaqdır.
Fondun fəaliyyəti çoxşaxəlidir. Keçən ilin mayın 10-da Heydər Əliyev Fondunun açılış mərasimi keçirilmiş, Fond fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Fond ictimai həyatımızın müxtəlif sahələrində çox mühüm işlər görür. Fondun xeyriyyəçilik fəaliyyəti çox genişdir. Ağır şəraitdə yaşayan insanlara kömək göstərilir, kimsəsiz uşaqlara daim diqqət göstərilir, Heydər Əliyevin tarixi irsinin öyrədilməsinə böyük diqqət yetirilir. Qısa müddətdə müxtəlif istiqamətlərdə görülən işlər çox təqdirəlayiqdir. Fond bu müddət ərzində bizim ictimai həyatımızın çox vacib amilinə çevrilib və əminəm ki, bundan sonra da çox səmərəli işləyəcək və öz funksiyasını ləyaqətlə davam etdirəcəkdir.
Bu gün mən sizi bir daha salamlamaq istəyirəm. Sizin hər birinizə uğurlar diləyir və arzu edirəm ki, hamımız çalışaq, hərə öz yerimizdə öz əməyimiz, işimiz və fəaliyyətimizlə doğma Vətənimizi, dövlətimizi möhkəmləndirək, Azərbaycanı müasirləşdirək, zəngin, qüdrətli dövlətə çevirək. Bu işdə sizin hamınıza uğurlar diləyirəm.
Sağ olun!
* * *
Sonra "Azərbaycan" internet portalı (www.azerbaijan.az) haqqında film göstərildi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtmaq, ölkəmizi inkişaf yoluna çıxarmaq, hüquqi, demokratik dövlət quruculuğu yolu ilə tərəqqiyə zəmin yaratmaq üçün həyata keçirdiyi genişmiqyaslı işlərin müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, milli müstəqillik dövründə iqtisadiyyatın, elmin, mədəniyyətin müxtəlif sahələrində əldə edilmiş uğurlar filmdə əyani göstərildi. Təqdim edilən portalın Azərbaycan həqiqətlərinin internet şəbəkəsi vasitəsilə dünyaya yayılması, xalqımızın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması kimi mühüm əhəmiyyətli bir arzu, amalla araya-ərsəyə gətirilmiş bu böyük layihənin vüsəti filmdə bir daha öz ifadəsini tapdı. Portalın "Xəbərlər", "Ümumi məlumat", "Təbiət", "Tarix", "İqtisadiyyat", "Mədəniyyət", "Cəmiyyət", "Dövlət hakimiyyəti", "Azərbaycan beynəlxalq aləmdə", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi", "İnzibati-ərazi vahidləri" və "Xəritələr" bölmələrinin hər biri haqqında verilən geniş məlumat razılıqla qarşılandı. Hər bölmədə mövzuya uyğun əhatəli elmi məlumatlarla yanaşı, çoxsaylı foto-şəkillərin, sənədlərin toplanması materialların dəyərini və təsir gücünü daha da artırır. Materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş internet texnologiyalarına görə portalın respublikada analoqu yoxdur. Müasir informasiya texnologiyalarının imkanlarını bir daha nümayiş etdirən "Azərbaycan" portalı ölkəmizin beynəlxalq aləmdə təbliği işinə, dünyada Azərbaycan haqqında tam, həqiqi və dolğun təsəvvür yaradılmasına sanballı kömək göstərəcəkdir.
Xalq qəzeti.- 2005.- 23 iyul.- № 168. - S. 1-2.