Azərbaycanın birinci xanımının fəaliyyəti xarici mətbuatın diqqət mərkəzindədir
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin təbliği, humanitar, mədəniyyətlərarası dialoq və digər sahələrdə gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanda və beynəlxalq miqyasda fəaliyyəti daim diqqət mərkəzindədir. Onun humanitar, təhsil, mədəniyyət, Azərbaycan həqiqətlərinin dünyada tanınması yönündə gördüyü işlər təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın müsbət beynəlxalq imicinin formalaşmasına töhfədir.
Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlərdə Türkiyəyə dəstəyi qardaş ölkə mətbuatında geniş əksini tapıb. Belə ki, “Zaman” qəzetinin “Əliyevdən Fransaya qanun layihəsi xəbərdarlığı” başlıqlı xəbərində Azərbaycan Prezidenti İlham Əliyevin yanlış məlumatlara əsaslanan qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqqında qanunun demokratiya və fikir azadlığına zidd olduğunu söylədiyi qeyd edilib. Yazıda göstərilir ki, dövlət başçısı bu qanun layihəsinin qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirb.
Türkiyənin “Hürriyet”, “Vatan” və “Milliyet” qəzetlərində də Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Senatının üzvləri ilə görüşdə Türkiyəyə ən yüksək dəstəyini ifadə etdiyini vurğulayan xəbərlər dərc edilib. Həmçinin, “Yeni Şafak”, “Akşam” və digər qəzetlər öz səhifələrində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Fransa senatorları ilə görüşündə qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasına dair qanunun demokratiyaya zidd olduğunu söylədiyini, bu qərarın əleyhinə çıxan senatorlara təşəkkür etdiyini bildiriblər.
“Anadolu” agentliyinin yaydığı xəbərdə isə deyilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri senator xanım Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun qəbul edilməsinin Azərbaycan cəmiyyətində narazılıq doğurduğunu bildirib. Azərbaycanın birinci xanımı bu qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə senatorlara təşəkkür edib və Konstitusiya Şurasının demokratiyaya və söz azadlığına zidd olduğuna görə bu qanunun qüvvəyə minməsinə imkan verməyəcəyinə əmin olduğunu bildirib.
Eyni zamanda, Türkiyənin digər xəbər agentlikləri və televiziya kanalları da Azərbaycan Prezidentinin və xanımının fransız senatorlar ilə görüşlərində də qardaş ölkəyə verdikləri dəstəkdən bəhs edən xəbərlər yayıblar.
Yuxarıda da qeyd olunduğu kimi, Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan həqiqətlərinin təbliğatı mühüm yerə malikdir. Xüsusən də, ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların, faciələrin dünyaya çatdırılmasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında Heydər Əliyev Fondunun xidmətlərini nəzərə alsaq, onda Mehriban xanım Əliyevanın fransalı senatorlarla görüşü və sözügedən qanunun qəbuluna şəxsən etiraz bildirməsi heç də təsadüfi deyil. Məlum olduğu kimi, Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində təbliğat və təşviqatın aparılması yönündə çoxşaxəli fəaliyyət həyata keçirilir. Beynəlxalq ictimaiyyətə ünvanlanan “Qarabağ həqiqətləri” toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçaları beynəlxalq ictimaiyyətin məlumatlanmasında mühüm vasitədir. Mehriban xanım Əliyevanın Ön sözü ilə işıq üzü görən “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabında Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində düşmən tapdağı altında qalaraq, dağıdılmış tarixi memarlıq abidələrimiz haqqında ətraflı məlumat verilir.
Bu sahədə Fondun Rusiyadakı nümayəndəliyinin aktiv fəaliyyətini də xüsusi qeyd etmək yerinə düşər. Belə ki, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il may ayının 8-də elan olunan “Xocalıya ədalət” beynəlxalq kampaniyası Rusiya, ABŞ, Türkiyə və bir sıra Avropa dövlətlərində uğurla reallaşdırılır. Bundan başqa, Fondun Rusiya nümayəndəliyinin fəaliyyətində mədəniyyətimizin təbliği də xüsusi yer tutur.
Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələrin və aparılan işlərin nəticəsi olaraq müxtəlif ölkələrin ictimaiyyətinə, habelə gənclərə Azərbaycanın məruz qaldığı faciələr barədə dolğun məlumatlar çatdırılır. Məhz bu qurumun fəaliyyəti dünyanın müxtəlif ölkələrində Azərbaycanın daha yaxından tanınmasında, ölkəmizin başlıca uğurları və əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və faciəli nəticələri barədə əsaslı informasiyaların yayılmasının kütləvi xarakter almasında müsbət irəliləyişlərə gətirib çıxarıb. Erməni təbliğat maşınının uydurduğu yalanların dünyada təbliğinin qarşısının alınmasında əldə olunan uğurlarda Fondun fəaliyyətinin də xüsusi payı var.
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti hər zaman xarici mətbuatın, beynəlxalq qurumların diqqət mərkəzindədir. Bu baxımdan, Onun UNESCO ilə əməkdaşlıq çərçivəsində fəaliyyəti və ümumiyyətlə, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihələr təqdirəlayiqdir. Bu günlərdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy humanitar məkanın və mədəniyyətlərarası dialoqun formalaşması prosesində Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mühüm rolunu xüsusi vurğulayıb: “Heydər Əliyev Fondunun yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təbii ifadəsidir”.
Onun sözlərinə görə, Heydər Əliyev Fondu bugünkü beynəlxalq ənənələrə uyğundur: “Mənim fikrimcə, bu fond bugünkü Azərbaycan haqqında dünyanı məlumatlandırmaqla Azərbaycan üçün və Azərbaycan xalqı üçün çox mühüm iş görür”.
Adından da göründüyü kimi, Fond Ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində rəhbər tutduğu xalqa, dövlətə xidməti gördüyü işlərdə əsas prinsip kimi müəyyənləşdirib. Bu səbəbdən, görülən işlərin, həyata keçirilən layihələrin əsasında Azərbaycanın hərtərəfli inkişafına dəstək olmaq dayanır.
Qeyd etdiyimiz kimi, humanitar sahədə geniş tədbirlər həyata keçirən UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətində yeniyetmələr və gənclərlə aparılan işlər mühüm istiqamətlərindən birini təşkil edir. Fondun gənclərə olan qayğısı, onların respublikamızın layiqli vətəndaşı olmaları üçün görülən işlər və xüsusilə kimsəsiz uşaq və gənclərin cəmiyyətə inteqrasiyası, onların həyatda öz yerini tutması, layiqli vətəndaş kimi böyüməsi istiqamətində həyata keçirdiyi layihələr nümunəvi xarakter daşıyır. Fond körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün bir-birindən əhəmiyyətli tədbirlər, kütləvi aksiyalar keçirir. Əsas təşkilatçısı Heydər Əliyev Fondu olmaqla “Hər uşağın ailəyə ehtiyacı var” kampaniyasının həyata keçirilməsi də bu diqqət və qayğıdan irəli gəlir.
Bu günədək müalicəsi nisbətən çətin və uzunmüddətli olan yüzlərlə xəstə, əlil körpənin sağalıb yenidən həyata qayıtmasında Fondun böyük rolu və xidmətləri olub. Diabetli və hemofiliyalı uşaqların müalicəsinin ölkədə və respublikadan kənarda təşkili üçün Fondun göstərdiyi xidmətlər əvəzsizdir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və digər dərmanlarla təmin ediliblər. “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Bakıda talassemiyalı xəstələr, uşaqlar üçün mərkəzin, tələbatı ödəyəcək qədər “Qan bankı”nın yaradılması gələcək nəslin sağlamlığı üçün ən böyük töhfədir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması” kimi layihələr xeyirxahlıq, humanistlik nümunəsidir. Uşaq evlərində tərbiyə alan, yetkinlik yaşına çatan, yeniyetmə qızların yaşaması üçün evlərin tikilməsi, onlara nəzarətin təşkili ictimaiyyəti narahat edən bir problemə son qoydu.
Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəblərin tikintisinə, yenidən bərpasına, dünya standartlarına cavab verən formada avadanlıqlarla təchiz edilməsinə göstərdiyi diqqət də ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva çıxışlarında bir fikri daim bəyan edir ki, təhsilin inkişafında bu amilə xüsusi diqqət yetirilməlidir. Məktəblilər dünya standartlarına cavab verən məktəblərdə dərs almalıdırlar. Proqram çərçivəsində yüzlərlə məktəb tikilib, lazımi avadanlıqlarla təchiz olunub, istifadəyə verilib. Fondun təhsil sahəsində fəaliyyəti Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Belə ki, 2008-ci ildə Fond tərəfindən Pakistanda qızlar məktəbinin açılması buna əyani sübutdur.
Heydər Əliyev Fondunun ekoloji durumun sağlamlaşdırılması istiqamətində gördüyü işlər də təqdirəlayiqdir. Məlum olduğu kimi, 2007-ci ilin Novruz bayramı ərəfəsində Fond “Hərəyə bir ağac əkək” kampaniyasına start vermişdir. Ətraf mühitin sağlamlaşdırılmasına, təmiz ekologiyaya töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüzminlərlə ağac əkilmiş, yeni parklar, bağlar salınmışdır. Təşəbbüs hər il mövsümi olaraq davam etdirilir.
Heydər Əliyev Fondunun fəaliyyətində milli irsimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun genişləndirilməsi xüsusi yer tutur. Heç kəsə sirr deyil ki, Azərbaycan-UNESCO əlaqələrinin bugünkü səviyyəyə yüksəlməsində UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük əməyi var. Dünya mədəniyyətinə misilsiz töhfələr bəxş etmiş zəngin və olduqca qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görən Mehriban xanım Əliyevanın fəaliyyəti təqdirəlayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına göstərdiyi sadiqliyə görə 2004-cü ildə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində Xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə təşkil olunan beynəlxalq tədbirlər, festivallar, konsertlər, sərgilər ölkəmizin mədəni irsinin qorunub saxlanmasında və təbliğində böyük rol oynayıb. Mehriban xanım Əliyevanın UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi yönündə mühüm nailiyyətdir. Əlavə edək ki, olduqca genişmiqyaslı fəaliyyət göstərən Mehriban xanım Əliyeva mədəniyyətlərarası dialoq sahəsi ilə yanaşı, qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi diqqətə, onların yaşayış və təhsil şəraitinin yaxşılaşdırılması, eləcə də, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
Dövlət başçısı İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilib. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə beynəlxalq muğam müsabiqəsinin keçirilməsi də bu mədəni irsimizə verilən qiymətdir. 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilməsində Mehriban xanım Əliyevanın fəaliyyətinin rolu danılmazdır. Bununla adıçəkilən mədəniyyət sahələrinin Azərbaycan xalqına məxsus qədim irs olması beynəlxalq aləmdə təsdiqlənmiş oldu. Qeyd edək ki, Novruz bayramının beynəlmiləl qeyri-maddi-mədəni irs kimi siyahıya daxil olmasında da Azərbaycanın rolu böyükdür. Eyni zamanda, dövlət başçısı İlham Əliyevin və Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olaraq 2010-cu ilin noyabrında Keniyada keçirilən UNESCO-nun V iclasında Azərbaycan xalçası Qeyri maddi-mədəni irs siyahısına daxil edilib.
Eyni zamanda, Mehriban xanım Əliyeva təsisçisi olduğu “Azərbaycan-İrs” jurnalının 3 dildə nəşri ilə də Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsi və təbliğində təqdirəlayiq işlər görür.
Beləliklə, bütün bu sadalananlar bir daha təsdiq edir ki, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın və prezidenti olduğu Heydər Əliyev Fondunun gördüyü işlər beynəlxalq əhəmiyyət daşımaqla, dünya ictimaiyyətinin diqqət mərkəzindədir.
Hülya Məmmədli
Yeni Azərbaycan.- 2012.- 10 fevral.- № 25.- S. 3.