Azərbaycanın birinci xanımının sivilizasiyalararası dialoqa verdiyi töhfələr yüksək dəyərləndirilir
Heydər Əliyev Fondunun prezidentinin daha bir mükafata, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatına layiq görülməsi əməli fəaliyyətinə verilən qiymətin daha bir nümunəsidir
Humanitar layihələrinin miqyasını nəinki Azərbaycanda, onun hüdudlarından belə kənarda gerçəkləşdirən Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi-mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti ilə ölkəmizin beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına töhfələrini verib.
Yerli və beynəlxalq mahiyyət daşıyan layihələrə imza atan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyata keçirdiyi işıqlı fəaliyyətinin sayı artıq hesaba belə gəlmir. Fondun 10 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri, məzmunlu və mahiyyətli layihələri açıq-aydın görünür. Əsrlər boyu dini dözümlülüyün, tolerantlığın əsas məkanlarından biri kimi tanınan Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, keçdiyi inkişaf yolunu dünya ictimaiyyətinə dəqiqliyi ilə, həssaslıqla təqdim edir. Bu dəyərlərin dünya miqyasında daha geniş sferada təqdimi dünyanın ölkəmizə diqqətini daha da artırır. İncəsənətin imkanları sonsuz olduğundan və heç bir məhdudiyyət tanımadığından Azərbaycan həqiqətləri sənətin müxtəlif növləri vasitəsi ilə də dünya ictimaiyyətinə təqdim olunur. Fondun təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində reallaşan şaxəli layihələr dünya xalqlarını Azərbaycana daha da yaxınlaşdırır. Layihələr Azərbaycan ilə dünyanın tanışlıq coğrafiyasının genişlənməsində əhəmiyyətlidir.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Onu da vurğulayaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr arasında əməkdaşlığın inkişafında müstəsna xidmətləri ilə seçilir. Bu gün deyə bilərik ki, dünyanın bütün ölkələrində fondun Azərbaycan həqiqətlərinin təqdimi istiqamətində gördüyü işlərə münasibət yüksəkdir. Dünyanın bir sıra nüfuzlu mükafatlarına layiq görülməsi də elə bu bəşəri dəyərlərə münasibətinin, fəaliyyətinin nəticəsidir. Bu günlərdə Azərbaycanın birinci xanımı sivilizasiyalar arası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının idarə heyətinin qərarı ilə qurumun fəxri mükafatına layiq görülməsi əməli fəaliyyətinə verilən qiymətin daha bir nümunəsidir. Xatırladaq ki, Heydər Əliyev Fondu tərəfindən dünyanın bir çox ölkələrində olduğu kimi, Almaniyada da bir sıra mühüm tədbirlər həyata keçirilib. Belə ki, Berlində “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti sərgisi”, Münhen, Köln, Ştutqart və Hamburqda isə Azərbaycan mədəniyyət axşamları və s. təşkil olunub. Görülən işlər diqqətdən kənarda qalmır. Bavariya Federal Torpağı parlamentinin vitse-prezidenti İnqe Auresin dediyi kimi Mehriban Əliyevanın fərqli fəaliyyəti hər zaman diqqət mərkəzində olub: ”Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu məktəblərin tikintisinə dəstək verməklə yanaşı, dini məbədlərin bərpasına da köməklik göstərir. Mehriban xanım dostluğun, əməkdaşlığın inkişafı naminə hansı sahələrə diqqət yetirməyin zəruriliyini gözəl bilir. O, fəaliyyəti ilə bunu sübut edib. Hesab edirəm ki, seçilən bu istiqamət doğru yoldur”.
Qeyd edək ki, Türk-Alman Dostluq Federasiyası tərəfindən təsis olunmuş və qədim yunan ilahələrindən Kübelenin adını daşıyan mükafat müxtəlif nominasiyalar üzrə tanınmış simalara təqdim olunur. İndiyədək federasiyanın mükafatlarına bir sıra nüfuzlu siyasətçilər, ictimai-siyasi xadimlər, iqtisadçılar, mədəniyyət işçiləri, məşhur idmançılar layiq görülüblər. Laureatlar arasında Almaniya Kansleri Angela Merkel, bu ölkənin sabiq prezidenti Yohannes Rau, parlamentin sabiq sədri Rita Silismud, Yaşıllar Partiyasının keçmiş sədri Kladio Rout, Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Bavariya Federal Torpağının baş naziri Günter Bexştayn və başqaları olublar.
Hər zaman olduğu kimi Heydər Əliyev Fondunun prezident Mehriban Əliyevanın xeyirxah təşəbbüsü bütün ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. İstiqamətini birmənalı olaraq bir məqsədə doğru yönəldən Mehriban xanım Əliyevanın çox qısa zamanda həyata keçirdiyi layihələr, onilliklərdə görüləcək işlərə bərabər olduğundan, Onu hələ neçə-neçə mükafatlar gözləyir.
Nəzakət Ələddinqızı
Səs.- 2014.- 14 may.- № 86.- S. 3.