“Birinci ledi” – prezidentin siması
Türkiyədə "birinci ledi" institutunun yaradıcısı və hələ ki, yeganə fəal nümayəndəsi 1989-1993-cü illərdə Cankaya köşkünə sahibəlik etmiş Səmra Özal olub. O, Qərb stilini ölkənin siyasi elitasına gətirərək camaat arasında əri ilə əl-ələ tutuşur, ikili söhbətlərini televiziya vasitəsi ilə ictimaiyyətə çatdırırdı. Onun fəaliyyəti ictimai sahənin sərhədlərini də keçmişdi. Səmra Özal Ana Vətən Partiyası İstanbul təşkilatının rəhbəri kimi siyasətdə də aktivlik nümayiş etdirirdi. Bundan başqa, o, müstəqil şəkildə xarici ölkələrə səfərlərə gedir və "xalq diplomatiyası" üsulu ilə öz dövlətinin - ərinin siyasətini təbliğ edirdi.
Lakin əri Turqut Özalın vəfatından bir müddət sonra gecə barlarında görünməsindən, şou-biznes aləmində qeyri-ciddi və ucuz qalmaqallarda adı hallandıqdan sonra Səmra Özalın müsbət imici məhv oldu.
* * *
Azərbaycanda isə "birinci xanım" institutu geniş mənada 2003-cü ilin oktyabrından sonra formalaşıb. Müstəqil Azərbaycanın tarixinə nəzər salanda görərik ki, "birinci xanım"ın üzdə olmaması daha çox onların dövlət başçısı olan ərlərinin, eləcə də özlərinin məsələyə subyektiv yanaşmaları, həmçinin bu sahənin əhəmiyyətini düzgün qiymətləndirməməsi ilə bağlı olub. Bundan başqa, dediyimiz kimi, Sovet hakimiyyəti illərində şəxsiyyətlər özlərini yox, vahid ideologiyanı təmsil etdiklərinə görə "birinci xanım”ların fəaliyyəti də ciddi şəkildə nəzərə çarpmırdı. Onların adı isə ictimai xeyriyyəçiliyə aid xəbərlərdə yox, saraydaxili intriqa və ziddiyyətlərlə bağlı şayiələrdə hallanırdı. Buna görə də Sovet hakimiyyəti illərində cəmiyyətin "birinci ledi" və ya "birinci xanım" kimi ifadələr barəsində anlayışı yox idi. Müstəqilliyimizin ilk dövrlərində dövlət başçılarımızın xanımları isə cəmiyyətdə "birinci xanım" statusunu yarada bilmədilər.
Azərbaycanın cəmiyyətinə daha çox altı "birinci xanım" barədə informasiya məlumdur:
Heydər Əliyevin cəmiyyətin elitar təbəqəsində qazandığı yüksək nüfuzu daha da möhkəmləndirir və tamamlayırdı. Zərifə xanımın Sov.İKP rəhbərlərinin xanımları ilə yaxşı münasibətlərdə olduğu da məlumdur.
Zərifə Əliyeva
Sovet dövründə SSRİ-nin, eləcə də müttəfiq respublikaların "birinci xanım”ları ölkənin həyatında mühüm rola malik deyildilər. Lakin Zərifə Əliyevanın böyük nüfuza malik ailədən çıxması faktı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibinin xanımı kimi cəmiyyətdə onun şəxsiyyətinə xüsusi maraq yaratmışdı. Görkəmli partiya xadimi Əziz Əliyevin qızı Zərifə Əliyeva həm də elm sahəsinin tanınmış nümayəndəsi kimi birinci katib Heydər Əliyev kommunist ənənələrindən kənara çıxaraq öz xanımı ilə ictimai görüşlərə getməkdən çəkinmirdi. Çünki bacarıqlı dövlət xadimi kimi Heydər Əliyev siyasətçinin fəaliyyətində ailənin rolunu düzgün qiymətləndirməyi bacardı.
Vəzirova
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbüdürrəhman Vəzirovun xanımı (bəzi məlumatlara görə milliyyətcə rus, bəzilərinə görə isə yəhudi olub) ərinin rəsmi statusu ilə uyğun gəlməyən addımları ilə yada düşür. Deyilənlərə görə, o, əri Gəncədə işləyərkən onunla birgə tez-tez rəqs meydançalarına gedərmiş. Onun ictimaiyyətlə əlaqələri barədə yalnız bu fakt yadda qalıb. Vəzirov Azərbaycan KP MK-nın birinci katibi olandan sonra onun xanımının ictimai fəaliyyəti olmadı. Görünür, elə buna görədir ki, Ə.Vəzirovun xanımının adı ictimaiyyətə məlum deyil. Amma dəqiqləşdirilməmiş məlumatlara görə, Vəzirovun xanımının adı Olqa olub.
Ədilə Mütəllibova
Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın da adı epizodik məqamlarla yadda qalıb. İctimai fəaliyyətində əsas diqqəti Bakı kəndlərinə yönəltdiyi üçün o vaxtkı "birinci xanım"ın təşəbbüsüylə Maştağaya çəkilən asfalt yola el arasında "qayınana prospekti" deyilirdi. Çünki Ədilə xanım əslən Maştağa kəndindən idi. Ayaz Mütəllibov özü də çıxışlarında "bakılı" faktorunu tez-tez qabardırdı. Ədilə xanımın adı ərinin müxtəlif vaxtlarda etdiyi çıxışlarda hallanmasına baxmayaraq, özü ictimaiyyət qarşısında çox nadir hallarda görünürdü. Lakin bununla belə, onun ərinin üzərində böyük təsirə malik olduğu da məlum idi. Məhz bu faktor əslən Şamaxıdan olan A.Mütəllibovun siyasi komandasında "bakılıların" da mühüm posta sahib olmaları və onlardan real dəstək almasına səbəb olmuşdu.
Həlimə Əliyeva
Mərhum Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyeva isə cəmiyyətin yaddaşında mühafizəkar imici ilə qalıb. Ə.EIçibəyin istər hakimiyyətdə, istərsə də müxalifətdə olduğu dövrlərdə bir dəfə də olsa, ərinin yanında görünmədi. Buna görə də onun cəmiyyətdəki imici daha çox 19-cu əsrə qədərki ABŞ "birinci ledi”lərinə oxşar "evdar qadın" və "uşaqlarının anası" obrazı ilə bağlı olub. Bu məsələdə ər-arvadın fikri tamamilə üst-üstə düşürdü. Əbülfəz bəy siyasətdə ultrademokrat olmasına baxmayaraq, milli adət-ənənələrlə bağlı məsələlərdə tam mühafizəkar mövqedə dururdu.
Tarmella Nağıyeva: “Elçibəyin vaxt baxımından imkanı da yox idi ki, xanımını cəmiyyət arasına çıxarsın. Həm o, həm də ətrafındakılar siyasətlə məşğul olmalarına baxmayaraq, diplomat kimi formalaşmamışdılar. Buna görə də "birinci xanım"ın ictimai yerlərdə görünməsinin, eləcə də rəsmi səfərlər zamanı onu müşayiət etməsinin əhəmiyyətini düzgün qiymətləndirmirdilər. Həlimə Əliyeva imicində daha çox Azərbaycanın mühafizəkar adət-ənənələrini cəmləşdirən bir xanım idi. Amma müasir dünya siyasətində belə təcrübə birmənalı qəbul olunmur. Bu isə Milli Azadlıq Hərəkatının lideri obrazını müvəffəqiyyətlə formalaşdıran Əbülfəz Elçibəyin dövlət başçısı imicini yarada bilməməsinə əhəmiyyətli dərəcədə təsir göstərdi".
Sevil Əliyeva
Mərhum Prezident Heydər Əliyevin qızı Sevil Əliyeva uzun müddət "birinci xanım" kimi diqqət mərkəzində olub. Sevil xanım atasını xarici ölkələrə səfərlərində müşayiət etməklə yanaşı, həm də humanitar sahədə bir sıra işlər görüb. Düzdür, Sevil xanım ictimaiyyətlə birbaşa ünsiyyət yaratmayıb, amma bununla belə, onun himayəsi altında bir sıra humanitar xarakterli layihələrin reallaşdığı da məlumdur. Bu sırada Azərbaycanda SOS-Kinder Uşaq Kəndinin yaradılmasını qeyd etmək olar.
Lakin İlham Əliyevin böyük siyasətə gəlişindən sonra Heydər Əliyev lazım olan məqamlarda daha çox onun ailəsilə görünməyə başladı. Bu format daha çox ölkədaxili tədbirlərdə diqqəti cəlb edirdi. Xarici səfərlərdə isə rəsmi mərasimlər zamanı dövlət başçısı tək görünsə də, Sevil xanım "pərdəarxası" məqamlarda atasına diqqət göstərirdi. Ümumilikdə götürdükdə isə, onun imici siyasi statuslu "birinci xanım" kimi yox, daha çox atasını sevən bir övlad kimi formalaşıb. Yəqin ki, Sevil xanımın müxtəlif vaxtlarda təyyarə trapı yanından sevgi ilə Heydər Əliyevi Quranın altından keçirməsi səhnələri indi də çoxlarının yadında olar.
Mehriban Əliyeva
Azərbaycanda "birinci xanım" institutunun formalaşdırılması məhz Mehriban Əliyevanın adı ilə bağlıdır. Mehriban xanım "birinci xanım" imicinə Qərb üslubu gətirməklə, özünü ledi kimi təsdiqlədi. Məhz Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu sahə ictimaiyyətin diqqətinə gəlib. Hazırkı "birinci xanım"ın fəaliyyəti və bir sıra addımları Prezident İlham Əliyevə sözün həqiqi mənasında dəstək olmaqla yanaşı, həm də onun piarında əhəmiyyətli rol oynayıb və müsbət nəticələr verib.
Xaricdə də İlham Əliyevin müsbət imicinin formalaşmasında xanımı Mehriban Əliyevanın önəmli rolu var. İstər şəxsi, istərsə də məhdud dairələrdə aparılan söhbətlərdə dövlət başçısının adı onun "gözəl, cazibədar və ağıllı xanımı" ilə birgə hallanır.
Mehriban xanımın İlham Əliyevin imicinin formalaşması istiqamətində fəaliyyəti yalnız onun hakimiyyətinin ilk günlərindən yox, hələ Milli Məclisin deputatı kimi böyük siyasətə qoşulduğu ilk vaxtlarda özünü büruzə verib. İlham Əliyevin ailə üzvləri ilə ictimaiyyət arasında görünməsi onun nümunəvi ailə başçısı imicini formalaşdırır, onların gözəl zahiri görkəmi isə cəmiyyətə şüuraltı müsbət təsir göstərərək İlham Əliyevin uğurlu siyasi imicini yaradırdı.
İlham Əliyevin qızı Leylanın öz anasının ictimai fəallığını bölüşməsi, bununla da dolayısı ilə birinci lediyə mənəvi dəstək verməsi də diqqəti cəlb edir. (Yeri gəlmişkən, ABŞ prezidentinin böyük qızı Barbara Buş da Qırmızı Xaç Komitəsinə yardım məqsədilə humanitar aksiyaların təşəbbüsçüsü kimi tanınır.
O, QİÇS və digər xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım məqsədi ilə Cənubi Afrikada humanitar yardım aksiyası həyata keçirir. Ona bu fəaliyyətində anası Lora və kiçik bacısı Cenna da dəstək verirlər). Etiraf etmək lazımdır ki, Leyla Heydər Əliyevin digər nəvələri ilə müqayisədə cəmiyyətdə daha yüksək nüfuza malikdir. Zamanın tələbi ilə bir çox dəyərlərin dəyişdiyi, o cümlədən də Azərbaycan Mentalitetinin müəyyən deformasiyalara uğradığı bir zamanda Leyla sanki mentalitetimizin daha saf dəyərlərini özündə cəmləşdirib. Görünür, əksər yaşıdlarından fərqli şəxsiyyətinin formalaşmasında Leylanın poeziyaya marağı da müəyyən rol oynayıb. Bundan başqa, babasının dəfn günündə durmadan göz yaşları axıtması və baba itkisinə həssaslığı Leylanın ictimai rəydəki imicinə xüsusi çalarlar gətirir. Suyuşirin çöhrəli Leyla anasının yanında dayananda anasının zahiri görkəminə xoş cizgilər əlavə edir.
Mehriban Əliyevanın "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun Prezidenti kimi Azərbaycanın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği istiqamətində gördüyü işlər tədricən onun cəmiyyətdə "birinci ledi" kimi qavranmasına əsaslar yaratmışdı. Buna görə də Mehriban Əliyevanın 2003-cü ilin oktyabr hadisələri zamanı meydanda ağır xəsarət almış azyaşlı uşağı xəstəxanada ziyarət edərək müalicəsi ilə bağlı bütün xərcləri öz üzərinə götürməsi onun humanitar-ictimai fəaliyyətinin məntiqi davamı kimi qəbul olundu. Baxmayaraq ki, həmin uşağın anasının seçkilərin ilkin nəticələrinə etiraz edənlər sırasında olduğu və meydana da bu məqsədlə gəldiyi barədə məlumatlar var idi. Mehriban xanım bu addımı ilə cəmiyyətdəki siyasi gərginliyə humanist çalarlar gətirdi. Belə bir təhlükəli məqamda M. Əliyeva bu işə qatılmaqla yaradılmış çətin vəziyyətlərdən çıxmağında dövlət başçısına dəstək olduğunu nümayiş etdirdi.
Bu fikirləri Mehriban Əliyevanın bu il iyunun 8-də metronun "Bakı Soveti" stansiyasında baş vermiş qəza zamanı xəsarət alaraq xəstəxanaya düşmüş şəxslərə qayğı göstərməsinə də aid etmək olar. Nəzərə alınsa ki, həmin ərəfədə İtaliyada səfərdə olan Bakı metropoliteninin rəisi Tağı Əhmədov hadisə nəticəsində bir nəfərin həlak olması, bir neçə nəfərin isə ağır xəsarət alması faktına laqeydlik nümayiş etdirərək hadisənin baş verməsinə görə zərərçəkmişləri günahkar bildi, buna görə cəmiyyətdə bir ajiotaj yarandı, bunun fonunda Mehriban xanımın zərərçəkənlərə hörmətlə yanaşması ictimaiyyətin qəzəbinin hakimiyyətin maraqları əleyhinə yönəlməsinin qarşısını aldı.
"Azərbaycan Mədəniyyətinin Dostları" Fondu ilə yanaşı, Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi ölkənin sosial problemlərinin həllində - orta məktəblərin tikilməsi, uşaq evləri və internat məktəblərinin inkişafı, talassemiyalı, diabetli uşaqların müdafiəsi - yaxından iştirak etməsi İlham Əliyevin siyasi imicinin formalaşdırılmasında böyük rol oynayır. Bu addımlar, dolayısı ilə, Mehriban Əliyevanın özünün də siyasi imicini yaratdı. Düzdür, Mehriban xanım müsahiblərindən birində "Mən siyasətlə məşğul olmuram" deyir və məqsədinin "sadəcə insanlara kömək etmək olduğunu" bəyan edir. Lakin bununla yanaşı, son dövrlərdə cəmiyyətdə onun siyasi perspektivi barədə müxtəlif fikirlər dolaşır.
İmicmeyker Tamilla Nağıyevanın sözlərinə görə, Mehriban Əliyevanın indiyə qədərki ictimai və humanitar fəaliyyəti onun siyasətdə uğur qazanmasına imkan yaradır:
"Mehriban xanım "mən siyasətlə məşğul olmuram", - desə də, əslində, onun bütün fəaliyyəti dolayısı ilə siyasətə və prezidentin siyasi imicinin formalaşmasına qulluq edir.
Fikrimcə, Mehriban Əliyevanın siyasətlə aktiv məşğul olması parlamentin ab-havasına da təsir göstərəcək. Real imkanlara malik bir deputat kimi o çox işləri həyata keçirə bilər.
M. Əliyeva parlamentdə təmsil olunması ilə digər qadın deputatlara da sözün həqiqi mənasında xanım kimi nümunə ola bilər: qadın deputatlar çalışacaqlar ki, xarici görünüşlərinə, təmkinlərinə, davranışlarına diqqət yetirsinlər, siyasətçi-qadın imici üçün yolverilməz olan saç düzümündən, makiyajdan çəkinsinlər.
Lakin, fikrimcə, Mehriban Əliyeva ictimai işlərlə fəal məşğul olaraq "Raisa Maksimovna sindromu"ndan da çəkinməlidir. Belə təhlükə bütün "birinci ledi"lərin fəaliyyətində yarana bilər. Doğrudur, o, səfərlər zamanı İlham Əliyevi müşayiət edir, hətta bəzi görüşlərə də qatılır, amma onun söhbətlərə aqressiv müdaxiləsi nəzərə çarpmır. Mehriban xanım yaxşı ictimai xadim kimi öz mövqeyində durur. Ancaq bir sıra hallarda onun aktiv ictimai fəaliyyəti bəzi dövlət qurumlarının səlahiyyətlərinin əvəzedici görüntüsünü yaradır. Düzdür, onun ictimai fəaliyyəti humanitar xarakterlidir, amma bu addımlar kütləvi və həddən artıq geniş vüsət alanda dövlət məmurlarında arxayınçılıq yarada bilər".
Siyasi imicin formalaşdırılmasında geyim seçimi və üslubu əhəmiyyətli rol oynayır. Kuturyelər hesab edirlər ki, dövlətin "birinci ledi"si dəblə geyinməli, amma ifrata varmamalı, geyimində "kraliça əzəməti" təcəssüm etdirməməli, eyni zamanda süni ciddiliyə və rəsmiyyətpərəstliyə də keçməməlidir. Azərbaycanın "birinci xanımı" Mehriban Əliyevanın geyim zövqünü moda mütəxəssisləri yüksək qiymətləndirirlər. Müasir dəbə uyğun geyim üslubu onun zahiri görünüşünə Qərb kübarlığını gətirir. Lakin onun bu stili birmənalı qarşılanmır. MDB-nin Reklam Koordinasiyası Şurasının və Beynəlxalq Reklam Komissiyasının üzvü Tamilla Nağıyeva deyir ki, əyalətlərə səfərləri zamanı dövlət başçısını müşayiət edən Mehriban xanım geyimində müasir Avropa stilinə bir qədər az üstünlük versə, daha yaxşı olar. "Amma deməzdim ki, bu, əyalətlərdə Mehriban xanımın reytinqinə mənfi təsir göstərmir. Əksinə, əhali ilə ünsiyyət zamanı da hiss olunur ki, M.Əliyevanın reytinqi rayonlarda da yüksəkdir".
Belə görünür ki, Azərbaycanın "birinci ledi"sinin ictimai titullarına bundan sonra siyasi vəzifələr də əlavə olunacaq. Onsuz da parlament seçkiləri ərəfəsində Mehriban Əliyevanın siyasətlə daha ciddi şəkildə məşğul olacağı barədə fikirlər səslənirdi. İndiyə qədər Gəncə, İmişli, Masallı, Şəki, Quba və Qusar rayonlarındakı təşəbbüs qrupları tərəfindən M.Əliyevanın deputatlığa namizədliyi irəli sürülsə də, o, seçki mübarizəsinə Bakıdan qoşuldu. Əsasən, şəhərkənarı kənd və qəsəbələri əhatə edən bu dairədə Mehriban Əliyevadan başqa, 9 nəfər kişi, 1 nəfər qadın, o cümlədən 2 nəfər müxalifətçi namizəd də mübarizəyə qoşulub. Amma bu mübarizəni digərlərindən fərqləndirən başlıca amil əsas namizədlərdən birinin - YAP tərəfindən irəli sürülmüş namizədin şəxsiyyətilə bağlıdır. Təcrübə göstərir ki, seçiciləri parlamentdəki təmsilçilərinin siyasi mənsubiyyətindən çox, onun real imkanları maraqlandırır. Bu da təbiidir. Xüsusilə orta və aşağı təbəqədən olan seçiciləri (onların sayı isə olduqca çoxdur) parlamentdə gedən mübahisələr, deputatların bir-birinə yağdırdığı təhqirlər maraqlandırmır. Seçicilər Milli Məclisdə öz təmsilçisi kimi, sosial problemlərinin həllinə qadir və onun hüquqlarını tapdalayan dövlət məmurlarına qarşı real təsir imkanları olan deputatı görmək istəyirlər. Bu baxımdan, Mehriban Əliyevanın rəqiblərini çətin mübarizə gözləyər.
İlhama Qasımlı
525-ci qəzet.- 2005.- 27 avqust .- № 159.- S. 16-17.