Çap etmək   ⁞     ⁞   Fond haqqında

Leyla Əliyeva: "Millətin sağlamlığı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətidir"


Azərbaycanın Rusiyadakı səfirliyində Rusiyanın səhiyyə və tibb sistemində işləyən azərbaycanlılarla görüş olmuşdur. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) və ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə səhiyyə sahəsinin 50-yə yaxın işçisi iştirak etmişdir.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu giriş sözündə bu müştərək tədbirin keçirilməsinin vacibliyini vurğulayaraq qeyd etmişdir ki, Rusiyanın tibb və səhiyyə sahəsində xeyli azərbaycanlı həkimin çalışması, onların böyük uğurlar qazanması və yüksək peşəkar səviyyədə işləməsi əlamətdar faktdır. Diplomat qeyd etmişdir ki, hazırda Azərbaycanda başqa sahələrlə yanaşı səhiyyə və tibb sahəsi də fəal inkişaf edir - son texniki avadanlıqla təchiz edilmiş yeni xəstəxanalar, poliklinikalar, tibbi mərkəzlər tikilir. P. Bülbüloğlu vurğulamışdır ki, Rusiya və Azərbaycanın tibb və səhiyyə işçiləri arasında təcrübə mübadiləsi və daimi əlaqələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi ilə sıx əməkdaşlıq bu məsələnin həlli ilə əlaqədar münasibətlərin inkişafına təkan verə bilər.

Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri, RAGT-nin sədri Leyla Əliyeva çıxışında peşəsi insan həyatını xilas etmək olan adamlarla görüşlərin xüsusi əhəmiyyətini vurğulamışdır. O, görüş iştirakçılarına müraciətlə demişdir: "Siz insanlara ümid bəxş edir, onlara böyük kömək göstərirsiniz. Həkim peşəsi ən mühüm və məsul peşələrdən biri olmaqla bərabər, həm də ən vacib və ən çox ehtiyac olan peşələrdən biridir. Bu nəcib işinizə görə sizə təşəkkür edirəm ".

Leyla Əliyeva Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin geniş fəaliyyəti haqqında məlumat vermişdir. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin yaradılmasından iki ildən çox keçir. Bu müddətdə mədəniyyət, elm, idman və təhsil sahələrində fəal iş aparılmışdır və indi də aparılır, lakin Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri, heç şübhəsiz, səhiyyə sahəsidir. Leyla Əliyeva xüsusi vurğulamışdır ki, Heydər Əliyev Fondu Azərbaycanda həm müstəqil şəkildə, həm də Səhiyyə Nazirliyi ilə birgə müxtəlif proqramlar və layihələr işləyib hazırlayır və həyata keçirir, xüsusi qayğıya ehtiyacı olan insanlara, ən zəif müdafiə olunan sosial qruplara - uşaqlara, yeniyetmələrə, habelə uşaq evlərinə, qocalar evlərinə, qaçqın və məcburi köçkün ailələrinə, aztəminatlı ailələrə və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək edir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətinin tibbi istiqaməti barədə məlumat vermiş və bu sahədə bir neçə layihənin adını çəkmişdir. Məsələn, o qeyd etmişdir ki, Fond 2004-cü ildən "Şəkərli diabetdən əziyyət çəkən uşaqlara ən yüksək qayğı" proqramını həyata keçirir. Bu proqram çərçivəsində yaşlılara da ciddi kömək göstərilir; 2005-ci ilin fevralından "Talassemiyasız həyat naminə" proqramı həyata keçirilir, Bakıda müasir Talassemiya Mərkəzi tikilib istifadəyə verilmişdir; yeni səhiyyə obyektləri tikilir, mövcud müəssisələr yenidən qurulur, bu il Uşaq Psixonevroloji Mərkəzi açılmışdır; Əzizbəyov rayonunun Türkan qəsəbəsindəki poliklinika, Şüvəlan qəsəbəsindəki xəstəxana, Zirə qəsəbəsindəki müalicə-diaqnostika mərkəzi təmir edilmiş və lazımi avadanlıqla təchiz olunmuşdur, 2008-ci ilin aprelində Qala qəsəbəsində müasir tibb mərkəzi tikilmişdir, 2007-2009-cu illərdə "Təbəssüm" uşaq sanatoriyası əsaslı təmir edilmiş, avadanlıqla təchiz olunmuş, bir sıra digər işlər görülmüşdür. Heydər Əliyev Fondu dünyanın bir sıra məşhur şirkətləri ilə əməkdaşlığı inkişaf etdirir və genişləndirir.

Onun sözlərinə görə, son beş ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 10 mindən çox sakininə tibbi yardım göstərilmiş, 763 cərrahiyyə əməliyyatı aparılmış, 100-ə yaxın xəstə müayinə və müalicə üçün xaricə göndərilmişdir. L. Əliyeva demişdir: "İstərdik ki, ümumiyyətlə xəstələr olmasın, lakin təəssüf ki, bu mümkün deyil. Heydər Əliyev Fondu əldə edilən nailiyyətlərlə kifayətlənmək fikrində deyil, o, bütün dünyada, o cümlədən Rusiyada yaşayan azərbaycanlılara kömək göstərməkdə davam edəcəkdir".

Leyla Əliyeva RAGT-nin fəaliyyətinə toxunaraq qeyd etmişdir ki, artıq iki ildir ki, RAGT "Qanın milləti yoxdur!" xeyriyyə aksiyası keçirir, yaxın günlərdə isə Azərbaycanın gənc həkimləri "Sağlam olmağını yəqin et, xəstəliyə "Yox" de!" aksiyası keçirmişlər. Bu aksiya çərçivəsində pasiyentlərin pulsuz müayinə edilməsi təmin olunmuşdur. Leyla Əliyeva təcrübə mübadiləsinin, birgə aksiyalar, konfranslar, seminarlar, ustad dərsləri təşkil edilməsinin gənc həkimlər üçün əhəmiyyətini də vurğulayaraq, səhiyyə sahəsində hər hansı təşəbbüs və təklifləri dəstəkləməyə hazır olduğunu bildirmişdir.

Sonra Heydər Əliyev Fondunun fəaliyyəti haqqında film nümayiş etdirilmişdir. Daha sonra Azərbaycanın RF-dəki səfiri çıxış etmişdir. O, Azərbaycandakı tibb müəssisələrinin texniki təchizatının yüksək səviyyədə olmasını bildirərək demişdir ki, bu müasir texnika ilə canlı insanlar işləməlidir, ona görə də bu gün təhsil alan gənclərin yaxşı mütəxəssislər kimi yetişərək Vətənə qayıtması çox vacibdir.

Görüşdə çıxış edən həkimlər bu cür tədbirlərin keçirilməsinin vacibliyini, Rusiya və Azərbaycanın tibbi ictimaiyyətinin və səhiyyə sahəsinin nümayəndələri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etmişlər. Onlar bu görüşün təşkil edilməsinə görə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğluna dərin təşəkkür edərək bildirmişlər ki, bu görüş gələcək qarşılıqlı fəaliyyətin əsasını qoymuşdur. Qeyd edilmişdir ki, səyləri birləşdirmək və konkret əməkdaşlıq üçün imkanlar çoxdur.

Sonra təntənəli təltifetmə və xatirə hədiyyələrinin təqdim edilməsi mərasimi olmuşdur. Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva Rusiya tibbi ictimaiyyətinin nümayəndələrinə fəxri fərmanlar təqdim etmişdir. Səhiyyə və təhsil sisteminin görkəmli işçilərinə - professorlara, akademiklərə, praktiki həkimlərə, habelə tibb sahəsində perspektivli gənc mütəxəssislərə "Kadrların hazırlanmasına və RAGT-nin humanitar aksiyalarının təşkilinə fəal kömək etdiklərinə görə" təşəkkür edilmişdir. Təşəkkürnaməyə layiq görülənlər arasında akademik Valeri Sandrikov, Dövlət Dumasının Sağlamlığın Qorunması Komitəsinin sədrinin köməkçisi, tibb elmləri doktoru Yevgeni Gelfqard, professorlar - Əliheydər Rəhimov, Aleksandr Yeremenko, Yuri Barsukov, Adil Məmmədov, Səfər Həmidov, İsmixan Qəhrəmanov, Kima Abdullayeva, gənc mütəxəssislər - Samir Əliyev, Pərviz Səfərov və Əşrəf Həsənov vardır.


Asya Hacızadə

Azərbaycan.- 2009.- 4 dekabr.- № 269.- S. 2.