Qobustan Dövlət Tarixi Bədii Qoruğu ilə tanışlıq
Avqustun 25-də YUNESKO-nun baş direktoru Koişiro Matsuura, xanımı və YUNESKO-nun nümayəndə heyətinin üzvləri Qobustan Dövlət Tarixi Bədii Qoruğunda olmuşlar.
Burada qonaqları Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva səmimiyyətlə qarşıladı.
YUNESKO-nun baş direktoru, xoşməramlı səfirlər əvvəlcə sərgi ilə tanış oldular. Qobustandakı qədim qayaüstü təsvirlərin fotoşəkilləri, arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümu-nələri qonaqlarda böyük maraq doğurdu. Onlar Qobustanda tikiləcək muzey binasının layihəsi ilə də tanış oldular. AMEA-nın müxbir üzvü, professor Cəfər Qiyasi müəllifi olduğu layihə haqqında ətraflı məlumat verdi.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu cənab Koişiro Matsuuraya xatırlatdı ki, 3 il əvvəl biz Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil olunması məsələsi ilə bağlı müraciət etmişik. Qobustan dünyada kifayət qədər məşhur olmasına baxmayaraq, müraciətimizə müsbət cavab verilməyibdir. Cənab Koişiro Matsuura dedi ki, bunun səbəbi müraciətdə lazımi sənədlərin olmamasıdır. O, Qobustanın YUNESKO-nun dünya mədəni irsi siyahısına daxil edilməsində bütün lazımi köməyin göstəriləcəyini bildirdi. Mehriban xanım Əliyeva vurğuladı ki, bütün məsələlər yaxın vaxtlarda həll olunacaq, lazımi sənədlər toplanacaq və YUNESKO-ya göndəriləcəkdir. Biz çox səbirsizliklə gözləyirdik ki, YUNESKO-nun baş direktoru buraya gəlsin və Qobustan abidələri ilə tanış olsun. Çünki Qobustan, həqiqətən də, dünya miqyaslı bir abidədir.
Söhbət əsnasında bildirildi ki, qonaqların burada tanış olduqları sərgi Avropa Şurasında da göstərilmişdir. Orada sərginin bir həftə nümayiş etdirilməsi nəzərdə tutulmuşdu. Amma maraq çox olduğuna görə, bu müddət iki həftəyədək uzadılmışdı. Bu sərginin YUNESKO-nun iqamətgahında da təşkil edilməsi məqsədə uyğun olardı. Cənab Koişiro Matsuura bu fikri müsbət qarşıladı və Qobustanın dünya mədəni irs siyahısına daxil olunması ilə bağlı dedi ki, hesab edirəm, budəfəki müraciətiniz uğurlu olacaqdır.
Sonra qonaqlar Qobustan qoruğunu gəzdilər, yaşı on minilliklərlə ölçülən və xalqımızın qədim mədəniyyətindən xəbər verən qayaüstü təsvirləri bilavasitə seyr etdilər.
Azərbaycanın xalq artisti Sadıq Zərbəliyevin "Qavaldaş"da ifa etdiyi musiqi isə qonaqlarda çox böyük heyrət doğurdu və onlar bunu alqışlarla qarşıladılar.
Daha sonra söhbət çay süfrəsi arxasında davam etdirildi. Qoruqla tanışlıqdan xatirə olaraq qonaqlara "Qobustan: Qayaüstü rəsmlər" kitabı hədiyyə edildi.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura qoruğun rəy kitabına ürək sözlərini yazdı.
AzərTAc
2005, 25 avqust