Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

"Bəşəri plastikanın Azərbaycan salnaməsi": gimnastlarımız bu salnaməyə qızıl səhifələr yazdılar


Azərbaycanın bədii gimnastika üzrə yığma komandası Avropa çempionatının bürünc medalını qazandı.

Parlaq çıxışı ilə hamını heyran qoyan Aliyə Qarayeva komandamızın qələbələr "daxıl"ını "qızıl"la zənginləşdirdi.

Bu ilin sentyabrında Yunanıstanın Patras şəhərində bədii gimnastika üzrə keçiriləcək lisenziya xarakterli dünya çempionatında ölkəmizi dörd gimnast təmsil edəcəkdir.

Ümid edirik ki, idmançı qızlarımız Pekin Yay Olimpiya oyunlarına vəsiqə qazanmağı bacaracaq və bir ildən sonra bu zərif idman həvəskarlarını Azərbaycan himninin sədaları altında ayağa durmağa məcbur edəcəklər.

Sırf informasiya ovqatına köklənmiş bu xəbərlər son günlər ölkəmizin idman ictimaiyyətinin qürur və sevinc mənbəyinə çevrilib. Bəli, Azərbaycan artıq bütün sahələrdə olduğu kimi, idmanda da sözünü deməyi bacarır. Əgər iqtisadi gücümüzü dünyaya Bakı-Ceyhan, Bakı-Ərzurum ixrac neft və qaz kəmərləri, qoşulmuş olduğumuz digər nəhəng transmilli layihələr daşıyırsa, mədəniyyətimiz, incəsənətimiz sərhədləri aşaraq dünya mədəni irsi ilə çulğaşır, daha möhkəm ülfət bağlayırsa, artıq bu gün həmin estafeti idman sahəsində də əldə etdiyimiz sabitqədəm uğurlar davam etdirir. Belə bir yəqinliyi şərtləndirən başlıca amil isə heç şübhəsiz, Azərbaycanın davamlı inkişafını təmin edən iqtisadi qüdrətlə, ölkə Prezidenti İlham Əliyevin idmanın kütləviliyinə ayırdığı diqqət və qayğı ilə birbaşa bağlıdır.

Uzun illər hobbi səviyyəsindən kənara çıxmayan idman məhz ulu öndər Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə həqiqi qiymətini aldı, belə demək mümkünsə, səlahiyyətlərində bərpa olundu. İdman siyasəti dövlətin fəaliyyətində prioritet sahələrdən birinə çevrildi.

İdmanın ideoloji-siyasi vasitə kimi güclü təsir imkanlarına malik olduğunu müdrikliklə nəzərə alan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənc nəslin fiziki kamilliyinə, sağlamlığına xidmət edən bütün zəruri tədbirləri diqqət mərkəzində saxlamışdır. "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc mənəvi sağlamlıqla bərabər, Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir" - deyən ümummilli liderimiz çıxışlarında dəfələrlə vurğulamışdır ki, idmana qoyulan sərmayə Azərbaycan xalqının sağlamlığına və inamlı gələcəyinə xidmət edir. Heydər Əliyev ölkə idmanının milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını özünün dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.

1997-ci il iyulun 31-də son dərəcə sönük fəaliyyət göstərən Azərbaycan Milli Olimpiya Komitəsinin Baş Məclisinin yığıncağında ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyevin bu qurumun prezidenti seçilməsi respublikada olimpiya hərəkatına, bütövlükdə idmanın inkişafına böyük təkan verdi. Azərbaycan idmançıları ölkəmizin idman şərəfini ən mötəbər yarışlarda qoruyaraq vətənə medallarla dönməyə başladılar. İdmanın maddi-texniki bazasının yaradılması və bu sahədə ağırlıq mərkəzinin respublikanın regionlarına keçirilməsi son yeddi ildə 11 müasir olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsi və yenilərinin inşası ilə nəticələnmişdir.

Cənab İlham Əliyevin bir sıra beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi səmərəli görüşlər və bu görüşlər zamanı Azərbaycanı tanıtmaq istiqamətində apardığı vacib təbliğat ölkəmizin həm də müsbət idman imicinin yaranmasında əvəzsiz rol oynamışdır ki, bu da müxtəlif seçimlər zamanı Avropa və Beynəlxalq Olimpiya Komitələrinin Azərbaycana idman ölkəsi olaraq üstünlük verməsi ilə nəticələnmişdir. İlham Əliyevin Prezident seçilməsi ilə bu proses daha intensiv xarakter almışdır. Son illərdə Azərbaycan təkcə idmançılarının beynəlxalq yarışlarda hamını heyrətə gətirən uğurlu çıxışları ilə deyil, həm də dünya miqyaslı mötəbər yarışların təşkilatçısı kimi tanınır. 2000-ci ildən başlayaraq respublikamızda mötəbər idman yarışları keçirilir və ölkəmizin bu sahədəki təşkilatçılıq bacarığı beynəlxalq mütəxəssislər tərəfindən təqdir olunur.

Öyünəsi haldır ki, Azərbaycan apardığı açıq siyasət, əldə etdiyi iqtisadi qüdrət, qazandığı inam və etimad sayəsində ən müxtəlif səpkili tədbirlərin ev sahibinə çevrilməyi bacarıb. Artıq ölkəmiz bütün dünyada sülh, tərəqqi və əməkdaşlıq paytaxtı kimi tanınmaqdadır. Hər bir uğurla təşkil olunmuş belə tədbirə qatılan yüzlərlə insan vətəninə döndükdən sonra Azərbaycanda gördüyü inkişaf, qonaqpərvərlik, xoş məram, əmin-amanlıq və yüksək rifah haqqında ağızdolusu danışır, ölkəmizin könüllü təbliğatçısına çevrilir.

Bu sahədə ölkə Prezidentinin ən fəal müttəfiqi kimi çıxış edən insanlardan biri də birinci ledi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.

Vətən və xalq qarşısındakı misilsiz xidmətləri ilə ulu öndərimizin ali ideallarına layiq fəaliyyət göstərən Heydər Əliyev Fondunun son üç illik fəaliyyəti təkcə insanlara yüksək diqqət və qayğı nümunələri ilə, habelə humanist aksiyalarla məhdudlaşmır. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin, bir sözlə, milli irsinin dünyada təbliğ olunması, problemlərinin beynəlxalq ictimaiyyətə çatdırılması Fondun apardığı çoxşaxəli fəaliyyətin mühüm istiqamətlərini təşkil edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti heç də son üç ildə görülən işlərlə məhdudlaşmır.

Fondun fəaliyyəti, eyni zamanda, bəşəriyyətin xilasına yönələn mütərəqqi idealların cəmiyyətdə möhkəm əsaslarla intişar tapmasına, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına yönəlmişdir. Latın Mədəniyyəti Akademiyasının 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş XIII konfransının gedişi bunu bir daha təsdiqləmiş, respublikamızın sivilizasiyalararası dialoqun mərkəzinə çevrildiyini nümayiş etdirmişdir.

2006-cı il iyunun 13-də Bakıda keçirilmiş "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda I beynəlxalq konfrans da Azərbaycan həqiqətlərini dünya arenasına çıxarmaq baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Belə mötəbər tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlıq mərkəzinə çevrilməsində Heydər Əliyev Fondunun da mühüm rol oynadığını təsdiqləyir.

Xanım Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi də bu elitar idman növünün ölkəmizdə populyarlaşmasına və çempion hazırlayan "məhsuldar sahəyə" çevrilməsinə töhfəsini vermişdir. Artıq dörd ildir ki, gimnast qızlarımız Azərbaycanı ən mötəbər yarışlarda təmsil edirlər, adları reytinq siyahılarından düşmür. Məhz Mehriban xanım Əliyevanın böyük nüfuz və fövqəladə təşkilatçılıq bacarığı iki il əvvəl gimnastika üzrə Dünya çempionatına Bakının ev sahibliyi etməsini mümkünləşdirdi.

Bu dəfə isə ulu öndərimiz Heydər Əliyevin adını daşıyan və dünya standartlarına uyğun şəkildə təzəcə təmirdən çıxmış İdman-Konsert Kompleksi Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatının iştirakçılarını salamladı. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi çox möhtəşəm bir açılış mərasimi oldu. Əminliklə söyləmək olar ki, yüksək zövqlə quruluş verilmiş açılış mərasimini izləyən hər bir Azərbaycan vətəndaşı ölkəsindən yana bir daha qürur və iftixar hissləri yaşadı.

"Avropanın böyük bədii gimnastika ailəsini qədim Azərbaycan torpağında" salamlayaraq hamıya "Xoş gəlmisiniz!" söyləyən Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva çıxışında Bakıda keçiriləcək Avropa çempionatının 2007-ci ildə bədii gimnastika üzrə ən mühüm hadisələrdən birinə çevriləcəyini dedi: "Bu gün Avropanın ən güclü gimnastları paytaxtımızdadır. Milyonlarla azarkeşin diqqəti paytaxtımıza yönəlibdir. Mən əminəm ki, yarışlar maraqlı və kəskin mübarizə şəraitində keçəcək və bu çempionat yaddaqalan idman xatirəsinə çevriləcəkdir".

Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios Dimitropoulos çempionatın təşkilatçılıq işlərinin ən yüksək standartlara uyğun həyata keçirildiyindən məmnun qaldığını qeyd etmiş, AGF-in prezidenti və Avropa çempionatının planlaşdırılması və keçirilməsi üzrə Təşkilat Komitəsini sədri Mehriban xanım Əliyevanın böyük zəhmətini qiymətləndirərək minnətdarlığını bildirdi.

Ölkə Prezidenti İlham Əliyevin çempionatın açılış törəninə qatılması idmana dövlət səviyyəsində qayğı və himayənin daha bir bariz ifadəsi idi. Belə bir yaxın ilgidən riqqətə gələn cənab Dimitropoulos mətbuata açıqlamasında Azərbaycan Prezidentinə yarışa göstərdiyi böyük dəstəyə görə minnətdarlığını bildirərək demişdir: "Mən heyranam! Avropa çempionatları tarixində ilk dəfə olaraq ölkə prezidenti yarışlara təşrif buyurur. Bu cür tədbirlərin dövlət səviyyəsində dəstəklənməsi isə çox vacibdir. Əgər növbəti Avropa çempionatını harada keçirmək istədiyimizi soruşsalar, mən səmimi qəlbdən bunun yenidən Azərbaycanda təşkil olunmasını istərdim". Ali qonağın bu cür səmimi etirafına rəğmən AGF-in vitse-prezidenti Altay Həsənov belə bir arzunun hər iki tərəfdə olduğunu söyləmişdir. Belə ki, yarışların Bakıda keçirilməsi onun yüksək səviyyədə təşkil ediləcəyinin təminatı kimi çıxış edə bilər.

Təxminən dörd il ərzində ən elitar və zərif idman növü sayılan gimnastika üzrə bu cür uğurların qazanılması müstəsna hadisədir. Rusiya, Bolqarıstan, Almaniya kimi nəhəng "inhisarçıların" əlindən qızıl medal "qoparmaq" həqiqətən şücaətdir. Bu, asan iş deyil. Ancaq bu qələbələrin qazanılmasında idmançı qətiyyəti, zəhməti, iradəsi nə qədər böyük rol oynayırsa, sahəyə diqqət, onun maddi bazasının möhkəmləndirilməsi, ən çeşidli problemlərin anındaca həlli də az önəm kəsb etmir. Bütün bu uğurların bir canlı rəhni, mənəvi anası, ilham mənbəyi var - Federasiyanın prezidenti Mehriban Əliyeva! Öz nəcibliyi, humanizmi, insanpərvərliyi, qızıl ürəyi ilə dəstək verdiyi və günü bu gün də təhsil, səhiyyə, mədəni irsin qorunması sahəsində uğurla gerçəkləşdirilən onlarla layihə kimi idmanın bu sahəsinin inkişafını da O öhdəsinə götürüb. Bu yol nəcib yoldur, Azərbaycan Prezidentinə kömək, Azərbaycan xalqına təmənnasız xidmət yoludur.


Xalid Niyazov

Azərbaycan.- 2007.- 5 iyul.- № 145.- S. 5.