Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin baş katibinin xüsusi məsləhətçisi Nafis Sadiq ilə görüşmüşdür
AzərTAc xəbər verir ki, dekabrın 14-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva BMT baş katibinin xüsusi məsləhətçisi, təşkilatın Asiya və Sakit okean regionunda HİV/AİDS üzrə baş katibi Nafis Sadiq ilə görüşmüşdür.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında məlumat verən Mehriban xanım Əliyeva demişdir ki, 2004-cü ilin mayında yaranmış Fond təhsil, səhiyyə, idman və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirir, bir sıra iri təşkilatlarla sıx əməkdaşlıq edir. Fond səhiyyə sahəsində keçirilən layihələrə xüsus önəm verir.
Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı çərçivəsində zəif görən insanların informasiya texnologiyalarına çıxışı layihəsini həyata keçirir. Bu layihə çərçivəsində xüsusi mərkəzin inşa olunduğunu bildirən Mehriban Əliyeva Heydər Əliyev Fondunun HİV/AİDS-ə qarşı mübarizədə də geniş fəaliyyət göstərməyə hazır olduğunu vurğulamışdır.
AİDS-in bütün dünyanı narahat edən başlıca problemlərdən biri olduğunu deyən Nafis Sadiq bu bəlaya qarşı mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyətinin vacibliyini bildirmişdir. O, dünyanı bürüməkdə olan xəstəliyə qarşı mübarizədə əhalinin geniş təbəqələri arasında maarifləndirmənin əhəmiyyətini vurğulamışdır.
Xatırladaq ki, Nafis Sadiq dekabrın 15-də Bakıda keçiriləcək “Gənclər AİDS-ə qarşı” mövzusunda konfransda iştirak edəcəkdir.
Xalq qəzeti.- 2007.- 15 dekabr.- № 283.- S. 4.