Çap etmək   ⁞     ⁞   ISESCO

Xoşməramlar sorağında

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın uğurlu fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunu yüksəklərə qaldırır


Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfirlərinin Parisdə keçirilən növbəti toplantısında iştirakı Azərbaycanın qüdrətlənməsi, beynəlxalq miqyasda nüfuzunun artması üçün ortaya qoyulan vətən təəssübkeşliyinin ifadəsidir. Qeyd edək ki, toplantının gedişində YUNESKO-nun baş katibi Koişiro Matsuuranın və xoşməramlı səfirlərin Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərin qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, vətəndaşların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi işləri təqdir etmələri hər kəsdə fərəh doğurur. Xoşməramlı səfirlərin Paris toplantısında Mehriban xanım Əliyevanın çıxışının maraqla izlənilməsi isə onu göstərdi ki, Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyəti beynəlxalq ictimaiyyətin dərin rəğbətini və etimadını qazanıb.

Mehriban xanım Əliyevanın fəaliyyətindən söz düşərkən onun yüksək vətənpərvərlik keyfiyyətini qeyd etmək lazım gəlir. Xüsusilə, bütün xarici səfərlərində, keçirdiyi görüşlərdə işğalçı Ermənistanın Azərbaycanın qədim mədəniyyət mərkəzi Qarabağda mədəni irsimizə ciddi ziyan vurmasından, tarixi yerlərimizi bərbad hala salmasından dönə-dönə faktlarla danışır və dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin vəhşiliklərinə son qoymaq üçün təsirli tədbirlər görməyə çağırır. Mehriban xanım Əliyeva torpaqlarımızın Ermənistan tərəfindən işğal olunduğunu və bu ərazilərdə tarixi-mədəniyyət abidələrimizin məhv edildiyini dəfələrlə bəyan edib: "...Tarixi və mədəniyyət abidələrinin qorunması ölkəmiz üçün bir də ona görə vacibdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Həmin ərazilərdə minlərlə tarixi, mədəniyyət abidələri məhv edilmişdir. Ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün var və onların müəyyən hissəsi hələ də çadırlarda yaşayır. Biz bu faktları beynəlxalq ictimaiyyətə çatdırmağı davam etdirəcəyik."

Bütün bunlarla yanaşı, mədəniyyətimizin və təhsilimizin inkişafı, mənəvi sərvətlərimizin qorunması, ölkəmizin beynəlxalq aləmdə daha yaxından tanınması kimi şərəfli və məsuliyyətli bir missiyanı öz üzərinə götürən Mehriban xanım Əliyeva hər bir azərbaycanlının dərin etimadını qazanmışdır. Ucqar kəndlərdə yeni məktəb binalarının inşası təhsilə göstərdiyi böyük diqqət və qayğının nəticəsi kimi yüksək qiymətə layiqdir. Bu gün ölkənin elə bir bölgəsi qalmayıb ki, orada Heydər Əliyev Fondunun təşəbbüsü ilə orta məktəb binası tikilməsin və müasir avadanlıqlarla təchiz edilməsin. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1995-ci ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu da beynəlxalq səviyyəli tədbirlər – festivallar, konsertlər, sərgilər təşkil etməklə, əslində, mədəniyyəti-mizin təbliğatçısına çevrilmişdir. Eyni zamanda, Mehriban xanımın xalq musiqisinin, bənzərsiz muğamlarımızın, poeziyamızın inkişafındakı xidmətləri böyükdür. Təsadüfi deyil ki, o, ilk Azərbaycan qadını olaraq YUNESKO kimi mötəbər beynəlxalq təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfir adına layiq görülüb. İndi Mehriban xanımın adı dünyada cəmi 41 nəfər xoşməramlı səfirlə bir sırada çəkilir. YUNESKO-nun Azərbaycan mədəniyyətinə böyük əhəmiyyət verməsi, muğamlarımızın qiymətli irs kimi qorunub saxlanılması və yayılması istiqamətində təşəbbüsləri, Muğam evinin yaradılması kimi tədbirləri bəyənməsi bilavasitə Mehriban xanımın adı ilə bağlıdır. "Qafqaz Xalq Ənənələri Evi"nin məhz Bakıda yaradılması ideyası da Mehriban xanım Əliyevaya məxsusdur. Etiraf edək ki, onun Azərbaycan Bədii Gimnastika Federasiyasının prezidenti kimi də səmərəli fəaliyyəti diqqəti cəlb edir. Ötən müddətdə Azərbaycanda bədii gimnastika üzrə mötəbər yarışlar keçirilmiş, gimnastlarımız hər bir yarışda qələbə qazanmışdılar. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən ölkəmizdə idmanın bu növünün inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilir. Beləliklə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva fədakar Azərbaycan qadınlarının qüruru, fəxridir. Mədəniyyətimizin və təhsilimizin inkişafında daim əzmkarlıq nümayiş etdirən xoşməramlı səfir ictimai-siyasi yönümlü fəaliyyəti ilə də yeni nailiyyətlər qazanır, Azərbaycanımızın adını daha da ucaldır.

Həm də onu etiraf etməliyik ki, Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli qurumdur. Bacarıqlı təşkilatçılığı, üzərinə götürdüyü vəzifəyə sadiqliyi, iradəsi, ardıcıl və qətiyyətli fəaliyyəti nəticəsində Fond həm respublikamızda, həm də xaricdə, nüfuzlu beynəlxalq qurumlarda böyük hörmət qazanmışdır. İqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinin təqdimatına həsr olunmuş "Dəyirmi masa"da çıxışında bu amili xüsusi ilə vurğulamışdır: "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir". Etiraf edək ki, bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir. Heydər Əliyev Fondunun prezidenti Bakıda və əksər rayonlardakı uşaq evləri və internat məktəblərində olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı"nın hazırlanıb həyata keçirilməsini məqsədəuyğun hesab etmişdir. Ölkədəki uşaq evləri və internat məktəblərində mövcud problemlərin həllinə yönələn bu proqram Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir. Proqramın ilkin mərhələsində aparılan monitorinqdən sonra uşaq müəssisələrində təhsil və sosial sahədə problemlərin həllinə yönələn dörd əsas istiqamət – texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir. Fond belə müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğunu nəzərə aldığından, ilk növbədə, texniki dəstək istiqaməti üzrə işlərə başlanmışdır. Artıq bu kateqoriyadan olan 23 uşaq müəssisəsində yenidənqurma və tikinti-təmir işləri aparılmışdır. Bu zaman onların zəruri avadanlıqla təmin edilməsi, yeni ədəbiyyatla zəngin kitabxanaların yaradılması, informasiya texnologiyalarının tətbiqi, sinif otaqlarının interaktiv təhsil üçün uyğunlaşdırılması da diqqət mərkəzində olmuşdur. Layihənin həyata keçirilməsi gedişində Bakı şəhərinin Nəsimi rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb, 1 nömrəli uşaq evi, Nərimanov rayonundakı psixonevroloji uşaq evi, Şamaxı internat məktəbi, Nizami rayonundakı 1 nömrəli uşaq evi, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Əzizbəyov rayonundakı 2 nömrəli yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbi, Şüvəlan qəsəbəsindəki yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün respublika yardımçı internat məktəbi, beyin iflici və poliomielit keçirmiş uşaqlar üçün 16 nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi internat məktəbi və bir sıra digər uşaq müəssisələri yenidən qurulmuşdur. Onlarda sanitar-gigiyenik normalara cavab verən müasir tipli yeməkxanalar, yataq otaqları, həkim və psixoloq otaqları, idman meydançaları və salonları yaradılmışdır. Proqram çərçivəsində asudə vaxtın və istirahətin səmərəli təşkili məqsədi ilə yay istirahəti düşərgələrinin yaradılması istiqamətində də işlər görülür. Nizami rayonundakı 1 nömrəli uşaq evi üçün Şüvəlan qəsəbəsində dünya standartlarına cavab verən yay düşərgəsinin yaradılması layihəsi reallaşmışdır. Tibb sahəsində də Mehriban Əliyevanın fəaliyyəti örnək hesab oluna bilər. Təkcə, Heydər Əliyev Fondu tərəfindən bu yaxınlarda Almaniyanın "Frezerius" şirkətinin istehsalı olan 7 hemodializ aparatı Bakıdakı M. Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasına hədiyyə edilmişdir. Bu aparatlar xroniki böyrək çatışmazlığından əziyyət çəkən 42 xəstənin əzablarını yüngülləşdirəcəkdir. Nəzərə alaq ki, hazırda Azərbaycanda hemodializə ehtiyacı olan təxminən 600 xəstə qeydiyyatdadır. Onu da qeyd edək ki, Heydər Əliyev Fonduna səhiyyə problemləri ilə bağlı 4 minədək məktub daxil olmuş, bütün məktublar diqqətlə öyrənilmiş, müvafiq tibb müəssisələrinə göndərilmişdir. Daxil olan çoxsaylı xahişləri nəzərə alaraq müxtəlif xəstəliklərə düçar olmuş insanlara kömək göstərilməsi üçün Fond tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. 2500-dən çox insana yardım göstərilmişdir ki, onların çoxu ürək xəstəliklərindən əziyyət çəkən azyaşlı uşaqlardır. Fond müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların bir qisminin mütəmadi olaraq zəruri tibbi müayinə üçün müxtəlif ölkələrə göndərilməsinə də yardım edir. Eyni zamanda, tibb sahəsində əməkdaşlığa xüsusi önəm verən Fond Gürcüstanın Hematologiya və Transfuziologiya İnstitutunun müraciəti ilə bağlı ötən il bu instituta 50 flakon "Desferal" preparatı hədiyyə etmişdir. İsmayıllı rayonunun İvanovka kəndində yeni səhiyyə ocağının yaradılması istiqamətində də bir sıra işlər görülmüşdür. Heydər Əliyev Fondu sosial problemlərin həllinə də öz köməyini əsirgəmir. Qaradağ rayonunda yaşayan 20 mindən artıq əhalini su ilə təchiz edən su kəmərinin çəkilişi bu qəbildəndir. Bütün bunlarla yanaşı, qeyri-maddi irsin qorunması sahəsində YUNESKO ilə Azərbaycanın əməkdaşlığı xüsusilə əhəmiyyətlidir. YUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil etmişdir. Həmçinin, İçərişəhər, Qız qalası çox nadir memarlıq incisi kimi dünya mədəni irs siyahısına salınmışdır. Orta əsrlərdə yaşamış alimlərin Azərbaycanda saxlanılan əlyazmalarından xüsusi əhəmiyyət daşıyan 3-ü Mehriban xanımın səyi ilə YUNESKO tərəfindən Dünya Yaddaşı Proqramının beynəlxalq registrinə daxil edilmişdir.

Onu da qeyd edək ki, YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın ölkəmizə rəsmi səfərləri də Azərbaycanın bu təşkilatla əməkdaşlığının yüksək səviyyəsinin göstəricisi hesab oluna bilər. Belə ki, son dəfə cənab Matsuura ilə Azərbaycana YUNESKO-nun xoşməramlı səfirlərinin bir qrupu da gəlmiş, onlar İçərişəhərdə, Qobustanda, Atəşgahda olmuşdular. Beynəlxalq praktikada ilk dəfə olaraq, YUNESKO ilə Azərbaycan Respublikası arasında təhsil sahəsində əməkdaşlığa dair konfrans keçirilmiş, Memorandum imzalanmışdır. Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın imzaladıqları rəsmi məlumat isə bu nüfuzlu qurumla hərtərəfli əməkdaşlıq üçün geniş zəmin yaratdı.

Sözsüz ki, bu gün hər bir azərbaycanlının qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən, ümummilli mənafelərdən çıxış edərək Azərbaycanın yüksəlişi üçün çalışan Prezidentin siyasi kursuna dəstək vermək, bu işdə əlindən gələni əsirgəməməkdir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əsl vətəndaş mövqeyindən çıxış edərək ölkəmizdə gedən inkişaf proseslərinə verdiyi töhfələr, milli mədəni irsimizin qorunması və təbliği, təhsilin səviyyəsinin yüksəlişi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində misilsiz fəaliyyəti hər bir vətəndaş üçün nümunə sayıla bilər. Mehriban xanım Əliyeva özünün həyat məramını, ömrünün mənasını insanlara, xüsusilə yoxsulluq içində yaşayan, qayğı və diqqətə daha çox ehtiyacı olanlara yardım etməkdə, onları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın ictimai fəaliyyəti çox genişdir, Azərbaycan diyarının hər yerini əhatə edir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan – İrs" jurnalının Baş redaktoru kimi çoxşaxəli fəaliyyət dairəsi olan Mehriban xanım Əliyeva təsadüfi deyil ki, bu yaxınlarda İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri adına da layiq görülmüşdür.

Beləliklə, 2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır. Bu prinsipləri sonadək müdafiə edəcəyini Mehriban xanım Əliyeva da dəfələrlə bəyan etmişdir: "Biz öz fəaliyyətimizdə milli mədəni irsimizin qorunmasına çox diqqətlə yanaşırıq. Eyni zamanda, Heydər Əliyev Fondu dünyanın bir sıra elmi mərkəzləri ilə çox sıx əməkdaşlıq edir".

Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu dünyanın ən mötəbər mədəniyyət qurumları ilə əməkdaşlıq çərçivəsində ölkəmizdəki tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də fəal iştirak edir. Gəncə şəhərində Cavadxan türbəsinin, Comərd Qəssab məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsində yerləşən Pirhəsən ziyarətgahının bərpası, Abdulla Şaiqin ev-muzeyinin təmiri buna parlaq nümunədir. YUNESKO-nun xoşməramlı səfiri görülən işləri belə qiymətləndirir: "Biz ölkənin maraq dairəsində baş verən hadisələri diqqətlə izləyir və yaranan problemlərin həlli üçün bütün səyləri göstəririk. Mən Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını yalnız keçmişə hörmət və tarixi həqiqətin bərpası kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, Heydər Əliyevin azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirirəm". Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Mehriban Əliyevanın Bakıda "Qafqaz Xalq Ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də olduqca təqdirəlayiqdir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması, təbliği baxımından böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz Xalq Ənənələri Evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin mənfur hərəkətlərinin qarşısını alacaqdır. Nəzərə alaq ki, geostrateji mövqeyinə görə Azərbaycan iki dünyagörüşünün, iki həyat tərzinin, iki mədəniyyətin qovuşduğu məkanda yerləşmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu gündəlik həyatımızda hiss etməkdədirlər. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamındasa unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Görünür, bunun özü də maraqlı bir qanunauyğunluqdur.

Milli Məclisin deputatı seçildikdən sonra sırf millət vəkili kimi Mehriban xanım Əliyevanın fəaliyyətində də maraqlı bir məqam diqqəti çəkir. Adətən, seçkiqabağı təşviqat dövründə maraqlı ideyalar gündəmə gətirilir. Deputatlığa namizədlər seçki zamanı vətəndaşların dəstəyini qazanmaq üçün xalqa doğru gedərək, ardıcıl görüşlər keçirir, bir-birindən fərqli platformalar açıqlayırlar. Belə bir təsəvvür yaranır ki, bu platformalarda irəli sürülən müddəalar real işə çevrilərsə, qısa müddətdən sonra konkret ərazilərin bütün problemləri öz həllini tapacaqdır. Mehriban Əliyevanın deputatlıq fəaliyyətini fərqli edən ən əsas məqam isə bundan ibarətdir ki, o, seçicilər qarşısına pafoslu platformalarla çıxmamış, sadəcə, mövcud çətinlikləri dəqiqliklə öyrənmiş, seçkiqabağı kampaniya zamanı seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verilmiş vədlərin yerinə yetirilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə Bakıətrafı qəsəbələrə səfərlərini parlament seçkilərindən sonra daha da intensivləşdirmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti, xalqı naminə gördüyü işlər bütün bunlarla məhdudlaşmır. 0, ölkənin birinci xanımı statusu ilə Azərbaycan cəmiyyətində novatordur.

Bəşər sivilizasiyasının ən qədim xalqlarından olan azərbaycanlıların yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, genetik yaddaşını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə milli intibaha, cəmiyyətin pozitiv ruhda inkişafına əsaslı təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək Mehriban xanımın fəaliyyətinin əsas qayəsini təşkil edir.

Həmçinin, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, ilk növbədə, dünyanın xilasına yönələn mütərəqqi ümumbəşəri və milli idealların cəmiyyətdə daha da möhkəmlənməsinə, ictimai şüura hakim kəsilməsinə, fərqli bəşəri sivilizasiyaların uğurlu dialoquna, keçmişlə gələcək arasında möhkəm körpü salınmasına, insanlara xeyirxahlıq və nəciblik kimi ali dəyərlərin aşılanmasına yönəlmişdir. Mehriban Əliyevanın özünün də söylədiyi kimi, bu gün bəzi strukturların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi sadə olduğu qədər də bəşəri və müqəddəs bir ideya, amal dayanır. Məhz bu kimi saf amalla Mehriban Əliyeva rəhbərlik etdiyi Fonda üz tutmuş vətəndaşların mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların üzləşdiyi problemlərin həllinə çalışır.

"İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Bu, mənim seçimimdir" – deyən Mehriban Əliyeva ulularımızın bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq, şəfqət və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla, şüurlu həyatını millət yolunda şam kimi əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir yoldadır.

Beləliklə, Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyətinin ən ümdə qayəsi xalqının, millətinin rifahı üçün çalışmaq, bu işdə Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. İşgüzarlığı, insanlara doğma və mehriban münasibəti göstərir ki, Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri və deputat kimi üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir. Bunu Mehriban xanım Əliyevanın ümummilli liderimiz Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə verdiyi dəstək, ulu öndərin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı layihələrin reallaşmasına etdiyi kömək də təsdiq edir.


Ceyhun Abbas

İki sahil.- 2007.- 20 aprel.- № 69.- S. 3.