Bakı artıq Avropa gimnastikasının mərkəzlərindən biridir
Mehriban Əliyevanın Federasiyaya prezident seçilməsindən sonra Azərbaycan gimnastikasına ölkədə və xaricdə münasibət dəyişdi.
Gimnastika Federasiyasının 4 illik fəaliyyətinə yekun vurulub. Bu müddət ərzində federasiya dünya çempionatının və 3 dəfə dünya kubokunun mərhələ yarışının Bakıda keçirilməsinə nail olub. Bu yarışların yüksək səviyyədə təşkilinə görə gələn il ölkəmizdə bədii gimnastika üzrə Avropa Çempionatının keçirilməsi qərara alınıb. Bütün bunlar Azərbaycan Gimnastika Federasiyasının həyata keçirdiyi işlərin nəticəsində mümkün olub.
2002-ci ildə Mehriban xanım Əliyevanın Federasiyaya prezident seçilməsindən sonra ilk növbədə ölkədə bu idman növünün inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə başlandı. Bu istiqamətdə həyata keçirilən işlər iki yerə bölünüb. Gimnastika idman növlərini respublika ərazisində inkişaf etdirmək, onu populyar idman növünə çevirmək qarşıya məqsəd qoyulub. Digər tərəfdən isə beynəlxalq qurumlarla daha sıx əməkdaşlıq işləri həyata keçirilib. Son 4 ildə həyata keçirilən işlərin təhlili göstərir ki, istənilən məqsədə nail olunub. Belə ki, Azərbaycan gimnastikası istər ölkə daxilində, istərsə də ölkə xaricində simasını dəyişdi. Əgər 4 il əvvəl Gimnastika Federasiyasının fəaliyyəti sadəcə kağız üzərində mövcud idisə, Mehriban Əliyevanın federasiyaya rəhbər seçilməsindən sonra vəziyyət dəyişdi. Hazırda Gimnastika Federasiyası effektiv fəaliyyət göstərən bir quruma çevrilib. Bədii, akrobatik və idman gimnastikası, eləcə də tamblinqin inkişafı istiqamətində həyata keçirilən çoxplanlı iş nəticəsində Federasiya bu idman növlərinin gələcək inkişaf xəttini müəyyən edə bilib. Respublikada gimnastikaya münasibətin kökündən dəyişməsi, bu idman növünün populyar olması nəticəsində Azərbaycan artıq beynəlxalq yarışların təqviminə iddiaçı olan dövlətlərdən birinə çevrilib. Belə ki, gimnastika idman növləri üzrə keçirilən yüksək səviyyəli beynəlxalq yarışları qəbul etmək üçün Bakı artıq real iddiaçı şəhərlərdən biri sayılır. Bunun ilk addımı 2003-cü ildə atılıb. Həmin ildə Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışı keçirilib. Bu, Azərbaycan gimnastikası üçün bir imtahan idi. Sevindirici haldır ki, Azərbaycan həmin imtahandan alnıaçıq çıxdı və turnirdə iştirak edən idmançılar, eləcə də qonaqlar və nümayəndə heyətləri turnirin yüksək səviyyədə keçirildiyini açıqladılar. Həmin yarışla da Dinarə Gimatova Azərbaycan gimnastikasında yeni bir səhifə açdı. Xatırladaq ki, gimnastımız artıq iki ildir ki, Beynəlxalq Gimnastika Federasiyasının rəsmi sponsoru olan "Lonqines" şirkətinin "incəlik elçisi" seçilir. Azərbaycanda Gimnastika Federasiyası tərəfindən təşkil edilən çempionatın səviyyəsi beynəlxalq federasiyanı o qədər razı salmışdı ki, onlar növbəti iki ildə də Dünya Kubokunun Bakıda keçirilməsinə qərar vermişdilər. Digər tərəfdən, bu turnirlərin ölkəmizdə keçirilməsi bədii gimnastikaya olan marağı xeyli artırmış oldu.
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Bruno Qandi Bakıya ilk səfəri zamanı bildirmişdi: "Mən Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti ilə yaxından tanış oldum. Belə qısa zaman ərzində bu sahədə həyata keçirilən işlər məni çox sevindirdi. Sevinirəm ki, Federasiyaya, qarşıya qoyulan məqsədlərə nail olan tələbkar və ciddi prezident başçılıq edir".
Gimnastika Federasiyasının uğurlu fəaliyyəti idman nəticələrinin əldə edilməsində də öz sözünü dedi. Gimnastlarımız dünya və Avropa birinciliklərində, nüfuzlu Qran-Prilərdə iştirak edərək qələbələr qazanmağa başladılar. İlk dəfə olaraq Azərbaycan gimnastı Olimpiya Oyunlarında iştirak etdi. Rusiya yığmasının baş məşqçisi İrina Viner tərəfindən hazırlaşdırılan Dinarə Gimatova, Anna Qurbanova, Aliyə Qarayeva və Zeynəb Cavadlı sayəsində Azərbaycan Avropada və dünyada beşinci nəticə göstərdi. Qısa zaman ərzində Azərbaycanın qrup hərəkətləri komandası formalaşdırıldı və bu komanda hazırda dünyada ən güclülərdən biri sayılır.
Gimnastika Federasiyasının geniş planlı işlərindən biri də regionlarda bu idman növlərinin inkişaf etdirilməsidir. Bu işlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq ölkə birinciliklərində Sumqayıt, Dəvəçi, Gəncə gimnastları da iştirak edirlər. Artıq Azərbaycanda gimnastların yeni gənc nəsli yetişir. "Mən əminəm ki, Bakıda tikintisi planlaşdırılan gimnastika kompleksi həqiqi mənada gimnastların yüksək səviyyədə hazırlıq mərkəzi olacaq. Həmin mərkəz ən müasir avadanlıqlarla təchiz ediləcək. Mənim qarşımda duran əsas vəzifələrdən biri də ən müasir məşq metodikasının tətbiqidir" - deyə Mehriban Əliyeva bildirib.
Avropa Gimnastika Federasiyası gələn il keçiriləcək qitə birinciliyi üçün Bakını seçib. Beynəlxalq təşkilatdan bu hüququ almaq üçün İspaniya, Türkiyə, Ukrayna kimi dövlətlər mübarizə aparırdı. Amma Avropa Gimnastika Federasiyası Azərbaycanı seçdi. Səbəb çox sadədir - Bakı artıq Avropa gimnastikasının mərkəzlərindən biridir.
Anar Miriyev
Yeni Azərbaycan.- 2006.- 23 dekabr.- № 238.- S. 5.