Bədii gimnastika üzrə qrup komandamız ilk dəfə olimpiadada
"Neftçi" İSM-in təmsilçiləri Pekin-2008-də həm fərqli, həm də qrup yarışlarında qüvvələrini sınayacaqlar
Ölkənin idman həyatında özünəməxsus yer tutan "Neftçi" İdman-Sağlamlıq Mərkəzində bir sıra Olimpiya idman növləri ilə yanaşı, bədii gimnastika da inkişaf etdirilir. Mərkəzdə bədii gimnastika ilə məşğul olan yeniyetmə və gənclər istər ölkədaxili, istərsə də beynəlxalq turnirlərdə "Neftçi" İSM-i layiqincə təmsil edərək, mükafata layiq yerlər tuturlar. Təsadüfi deyil ki, Pekin Yay Olimpiya Oyunlarının həm şəxsi, həm də qrup hərəkətləri yarışlarına lisenziya qazanmış gimnastlarımızın hamısı bu mərkəzin təmsilçisidir.
Ölkəmizdə bədii gimnastikanın inkişafı Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Onun səmərəli fəaliyyəti nəticəsində təmsilçilərimiz beynəlxalq turnirlərdə, Dünya kubokunun mərhələ yarışlarında, Avropa və dünya çempionatlarında uğurla çıxış edərək, vətənə medallarla qayıdırlar.
Bundan əlavə, Bakının son illərdə bu idman növü üzrə Dünya kubokunun mərhələ yarışına, dünya və qitə çempionatları kimi mötəbər yarışlara ev sahibliyi etməsi ölkəmizdə bədii gimnastikanın yüksək inkişafından xəbər verir. Hazırda Azərbaycanda yeni istedadlı gimnastlar nəsli yetişməkdədir. Bir sıra mötəbər yarışlarda mükafata layiq yerlər tutan Dinarə Gimatova, Aliyə Qarayeva, Anna Qurbanova kimi gimnastlarımız gənc qızların kumirinə çevriliblər. Onlardan Dinarə Gimatova artıq üç ildir ki, Beynəlxalq Gimnastika Federasiyasının rəsmi sponsoru, dünya şöhrətli "Longines" şirkətinin "zəriflik elçisi"dir. Ötən il paytaxtımızda təşkil olunan qitə çempionatında "Neftçi" İSM-in idmançısı Aliyə Qarayevanın Avropa çempionu titulunu qazanması bədii gimnastika tariximizdə yeni səhifə açdı. Məhz onların beynəlxalq arenalardakı uğurlarından sonra "Neftçi" İSM-də bədii gimnastika ilə məşğul olmaq istəyən gənclərin sayı artıb. Həyata keçirilən bu cür tədbirlər ölkəmizdə gimnastikanın inkişafına xidmət edir. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi paytaxtla yanaşı, bölgələrdə də gimnastikanın populyarlaşması istiqamətində mühüm addımlar atır. Məhz bunun nəticəsidir ki, Gəncə, Dəvəçi, Sumqayıt və Balakən gimnastları da ölkə birinciliyi və çempionatlarında böyük həvəslə qüvvələrini sınayırlar.
Bu sahədəki nailiyyətimiz təkcə fərdi növlərdəki uğurlarla bitmir. Belə ki, qısa müddət ərzində yaradılmış bədii gimnastika üzrə qrup komandamız hazırda dünyanın ən tanınmış yığmaları ilə mübarizə aparır. Təsadüfi deyil ki, komanda çıxış etdiyi ilk dünya çempionatında lentlərlə hərəkətlərdə 10 ən yaxşı komanda sırasında yer aldı. Çempionatın çoxnövçülük yarışlarında isə yığmamız 11-ci pillədə qərarlaşmışdı.
Bu uğurların nəticəsidir ki, həm fərdi, həm də qrup hərəkətlərində çıxış edən gimnastlarımız artıq Pekin Olimpiya Oyunlarına vəsiqə əldə ediblər. Dinarə Gimatova, Aliyə Qarayeva və Anna Qurbanova ötən ilin sentyabrında Yunanıstanın Patras şəhərində keçirilən bədii gimnastika üzrə 28-ci dünya çempionatında bu uğura imza atıblar. Həmin yarışda ən yaxşı nəticəni Avropa çempionu Aliyə Qarayeva göstərib. O, çoxnövçülük yarışlarının finalında 68,45 xalla 5-ci pillədə yer alıb. Digər təmsilçimiz Dinarə Gimatova (64,4 xal) isə turnirin 13-cüsü olub. Xatırladaq ki, Afinada keçirilən sonuncu Olimpiya oyunlarında ölkəmiz yalnız bir gimnastla təmsil olunmuşdu. Sevindirici haldır ki, bu il ilk dəfə qrup hərəkətləri üzrə yığmamız da olimpiadada iştirak edəcək. Vəfa Hüseynova, Anna Bitiyeva, Anastasiya Prosolova, Valeriya Yeqay, Alina Tryopina ve Anastasiya Makarovadan ibarət qrup hərəkətləri üzrə millimiz dünya çempionatında 30 xalla 10-cu pilləni tutaraq növbəti olimpiadada iştirakını təmin edib.
Hazırda həm fərdi, həm də qrup hərəkətləri üzrə ölkəmizi Pekin-2008-də təmsil edəcək gimnastlarımız Olimpiya oyunlarına ciddi hazırlaşırlar. İdmançılarımızın fiziki səviyyələrini artırmaqdan ötrü onlar üçün həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təlim-məşq toplanışları təşkil olunur. Rusiya, Türkiyə və Yaponiya gimnastları yığmamızın üzvləri ilə birgə təlim-məşq keçirmək üçün tez-tez paytaxtımıza qonaq gəlirlər. İndi bütün diqqət avqustun 8-də Pekində start götürəcək XXIX Yay Olimpiya Oyunlarına yönəlib. Ümid edək ki, gimnastlarımız beynəlxalq turnirlərdəki uğurlarını Pekin-2008-də də davam etdirərək, vətənə medallarla qayıdacaqlar.
Nigar Quliyeva,
Esmira Orucova
Olimpiya dünyası.- 2008.- 4-7 iyul.- № 42.- S. 5.