Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik hesabat yığıncağı keçirilmişdir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 3-də Parisdə YUNESKO-nun əsas iqamətgahında qurumun xoşməramlı səfirlərinin ənənəvi illik hesabat yığıncağı keçirilmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı iqamətgahın qarşısında təşkilatın protokol idarəsinin rəhbəri Jan Lük Şan və digər rəsmi şəxslər qarşılamışlar.
YUNESKO-nun baş direktoru Koişiro Matsuura Mehriban xanım Əliyevanı səmimi salamlamışdır.
Yığıncağı təşkilatın baş direktoru Koişiro Matsuura açmışdır. O, xoşməramlı səfirləri 7-ci illik hesabat münasibətilə təbrik etmiş, onların son bir il ərzində gördükləri işlər barədə müfəssəl məlumat vermişdir.
Baş direktor müxtəlif qitələri və ölkələri təmsil edən səfirlərin dünyanı narahat edən bir çox problemlərin həllində fəal iştiraklarını xatırlatmış, təşkilata hərtərəfli yardım göstərdiklərini, YUNESKO-nun davamlı inkişafı xüsusi diqqətdə saxladığını vurğulamışdır.
Təhsil sahəsindən söhbət açan baş direktor hələ də dünyada milyonlarla uşağın təhsildən kənarda qaldığını bildirmiş, YUNESKO tərəfindən keçirilmiş beynəlxalq konfranslardan danışmışdır. O, Azərbaycanın birinci xanımının fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında yaranmış sıx əməkdaşlığı, təhsillə bağlı regional konfransın 2008-ci ildə Bakıda keçirilməsi barədə Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndirmişdir.
Yığıncaqda Mehriban xanım Əliyeva çıxış etmişdir. Mehriban xanım çıxışının əvvəlində baş direktoru və həmkarlarını ənənəvi illik hesabat yığıncağı münasibətilə salamlamışdır. Azərbaycanın birinci xanımı YUNESKO tərəfindən tərəfdaşlıq məsələsi ilə əlaqədar Qətərdə keçirilmiş regional konfransı xatırlatmış, xoşməramlı səfirləri "Hamı üçün təhsil" proqramı çərçivəsində 2008-ci ilin iyul ayında Azərbaycanda keçiriləcək yekun regional konfransa dəvət etmişdir.
Ötən ilin "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Məclisinin 2006-cı il iyun ayının 26-da keçirilməsi ilə yadda qaldığını xatırladan Mehriban xanım Əliyeva Azərbaycanın cari ilin mart ayında bu Konvensiyanı ratifikasiya etdiyini bildirmişdir. Mehriban Əliyeva qeyri-maddi irsin qorunması və təbliğinin ümdə vəzifə olduğunu vurğulamış və bu sahədə ölkəmizdə görülən işlərdən söhbət açmışdır.
Heydər Əliyev Fondunun son bir ildəki fəaliyyətindən danışan xoşməramlı səfir həmin fəaliyyətin səmərəli olduğunu xüsusi vurğulamış, təhsil, elm, mədəniyyət, səhiyyə və ətraf mühitin qorunması kimi sahələrdə fondun öz işini davam etdirdiyini, bir sıra layihələrin artıq başa çatdırıldığını, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının uğurla həyata keçirildiyini bildirmişdir. Mehriban Əliyeva demişdir ki, Heydər Əliyev Fondu, Vaşinqton Elmlər Akademiyası və YUNESKO Bakıda orta əsr əlyazmalarında tibb və əczaçılıq mövzusunda ilk beynəlxalq konfrans təşkil etmişdir. Hazırda ölkəmizdə təbabətə dair 3 qiymətli əlyazma qorunub saxlanılır və onlar ümumdünya yaddaş qeydiyyatına salınmışdır. Bu əlyazmalar bütün bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır.
Memarlıq abidələrinin bərpasında Heydər Əliyev Fondunun fəal iştirakını xatırladan Mehriban Əliyeva son vaxtlar Azərbaycanda bir çox tarixi və dini abidələrin bərpa edildiyini xatırlatmış, eyni zamanda, fondun ölkəmizin hüdudlarından kənardakı ümumbəşəri əhəmiyyət daşıyan mədəni abidələrin bərpasında da iştirakını vurğulamış, Parisin yaxınlığında, Versalda bərpa işlərində Heydər Əliyev Fondunun əməli fəaliyyət göstərdiyini bildirmişdir.
Azərbaycanın qeyri-maddi mədəni irslərindən biri olan muğamın qorunması və təbliği üçün bir çox işlər görüldüyünü deyən Mehriban Əliyeva bu sahədə Azərbaycana hərtərəfli kömək göstərmiş YUNESKO-ya minnətdarlığını bildirmişdir. Cənab K.Matsuuranın iştirakı ilə Bakıda təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzinin tikintisinin davam etdirildiyini, 2008-ci ilin yayında mərkəzin açılışı ilə əlaqədar keçiriləcək təntənəli tədbirdə baş direktorun iştirak edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Mehriban xanım Əliyeva çıxışının sonunda Heydər Əliyev Fondunun Pakistandakı qızlar məktəbi ilə əlaqədar həyata keçirdiyi layihə barədə də məlumat vermişdir. O, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçi anadan olmasının 80 illiyi ilə əlaqədar bütün xoşməramlı səfirlər adından təbrik etmişdir.
Mehriban Əliyevanın çıxışı Heydər Əliyev Fondunun muğam və Pakistandakı qızlar məktəbi ilə əlaqədar hazırladığı layihələri əks etdirən slaydlarla müşayiət olunurdu.
Yığıncaq iştirakçıları Azərbaycanın birinci xanımının çıxışını sürəkli alqışlarla qarşılamışlar.
YUNESKO-nun baş direktoru və xoşməramlı səfirlər yığıncaqdan sonra xatirə şəkli çəkdirmişlər.
AzərTAc
2007, 3 aprel