Rusiya nəşri Mehriban Əliyevanı "İlin adamı" elan edib
"Novoye Russkoye Slovo": "Türkmənistanın xarici işlər nazirinin anası və həyat yoldaşı azərbaycanlıdır"
Rusiyanın "Novoye Russkoye Slovo" ("NRS") qəzeti 2007-ci ildə postsovet ölkələrində "xalqın istəklilərinə çevrilmiş insanların" siyahısını dərc edib. "NRS" Azərbaycanda "İlin adamı"nın prezidentin xanımı Mehriban Əliyeva olduğunu bildirir. O əsas etibarilə xeyriyyə fəaliyyəti ilə məşğul olub. Onun səyləri nəticəsində ölkənin uzaq yerlərində çoxlu sayda məktəblər açılıb, xeyriyyə aksiyaları təşkil edilib. Səhiyyə sahəsində beynəlxalq humanitar seminar və tədbirlərdə iştirak etməsi M.Əliyevaya Ümumdünya Səhiyyə Təşkilatının ailə sağlamlığı fondunun mükafatını gətirib. Ötən illərdə "birinci ledi" UNESCO və İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb. Bu onun rəhbəri olduğu Heydər Əliyev Fonduna beynəlxalq şöhrət gətirib.
"Uşaq evlərinin və internat-məktəblərin inkişafı proqramı" və "Yeniləşən Azərbaycan - yeni məktəb" proqramları çərçivəsində ölkədə 29 uşaq müəssisəsi köklü şəkildə təmir olunub, yardımçı binalar tikilib, 200-ə yaxın yeni məktəb istifadəyə verilib. "Təhsilə dəstək" layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerini tərk etmiş aztəminatlı ailələrdən olan 60 min uşağa məktəb ləvazimatları hədiyyə edilib.
Qeyd edilir ki, səhiyyə sahəsində "birinci ledi"nin ən uğurlu layihəsi diabet xəstəsi olan uşaqlara qayğının göstərilməsi oldu. Bildirilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının müxtəlif qəsəbələrində və Azərbaycanın İsmayıllı rayonunun rus-molokanların yaşadığı İvanovka kəndində poliklinikalar, təcili yardım stansiyaları, apteklər təmir olunub və avadanlıqlarla təchiz edilib.
"Birinci ledi"nin mədəniyyət sahəsində ən məşhur addımı "Qarabağ xanəndələri" (ənənəvi Azərbaycan musiqisi olan muğamın ifaçıları) adlı musiqili albomun nəşri oldu. M.Əliyeva qabaqcıl Azərbaycan şəxsiyyətlərinin - vaxtilə Tbilisidə yaşayıb-yaratmış Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov və Fətəli Xan Xoyskinin qəbirüstü abidələrinin rekonstruksiyası və xiyabanın yaradılmasının təşəbbüskarı olub. "Birinci ledi"nin xidmətləri hesabına Heydər Əliyev Fondunun ardıcıl dəstəyi ilə Moskvada Azərbaycan mədəniyyəti günləri keçirilib.
Qeyd edək ki, "NRS" Ermənistanda baş nazir Serj Sərkisyanı "İlin adamı" elan edib. Bildirilir ki, onun fevralda Ermənistanda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansları yüksəkdir, ona ciddi rəqib olmaq, demək olar, mümkün deyil.
Belarusda birinci vitse-spiker Vladimir Semaşko, Gürcüstanda prezident Mixail Saakaşvili, Qazaxıstanda xarici işlər naziri Marat Tajin, Qırğızıstanda baş nazir İqor Çudinov, Latviyada korrupsiya ilə mübarizə bürosunun rəhbəri Aleksey Loskutov, Litvada maliyyə təhlilçisi Qitanas Nauseda, Moldovada parlament sədri Marian Lupu, Rusiyada birinci vitse-premyer Dmitri Medvedev, Tacikistanda prezident İmaməli Rəhmon, Türkmənistanda xarici işlər naziri Rəşid Meredov, Özbəkistanda prezidentin böyük qızı Gülnarə Kərimova, Ukraynada Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Estoniyada hüquq kansleri Allar Yıks "ilin adamı" tituluna layiq görülüblər.
Qeyd edək ki, məqalədə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla bağlı maraqlı məlumat əksini tapır: "Rəşid tələbə vaxtı qırğız qızı sevir, onunla evlənir və Aşqabaddakı evinə gətirir. Amma onun azərbaycanlı anasının ilk gündən gəlini gözü götürmür. Rəşid sevgisi uğrunda mübarizə aparmır, boşanır və hazırda ikinci həyat yoldaşı olan azərbaycanlı ilə yaşayır. Ailədəki parçalanma nəticəsində Rəşid spirtli içkilərə qurşanır, çox məhdud dairədə tanınan dostlarına qapanır. Amma Meredovun peşəkar bacarığı nəticəsində ölkə beynəlxalq səviyyədə böyük imic əldə edir. Ötən dövrdə (Türkmənistanda yeni prezident 2007-ci ilin 14 fevralından etibarən öz vəzifəsini icra etməyə başlayıb) Türkmənistan iki dəfə MDB-nin sammitində iştirak edib, BMT Baş Assambleyasının 62-ci sessiyasına sədrlik edib, Rusiya və Qazaxıstanla Xəzəryanı qaz kəmərinə dair saziş imzalayıb, Aşqabadda regional preventiv diplomatiya mərkəzi açılıb", - deyə qeyd edilir.
C.Məmmədov
Ayna.- 2008.- 22 yanvar.- № 11.- S. 3.