Çap etmək   ⁞     ⁞   Azərbaycan Gimnastika Federasiyası

Gimnastlarımız Avropa və dünyada ciddi rəqibdirlər


Gimnastika ölkəmizdə kifayət qədər populyarlığa malikdir. Son illər idmanın bu növü yüksək sürətlə inkişaf edib. Azərbaycan Gimnastika Federasiyasının prezidenti (AGF) Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində gimnastika respublikamızda çox populyarlaşmış, uşaq, yeniyetmə və gənclərin gimnastika növləri üzrə bölmələrə axını artmışdır. Gimnastikanın maddi-texniki bazasının gücləndirilməsi, kadr islahatlarının aparılması sayəsində bu sahədə uğurlar qazanılıb. Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyi gimnastikanın inkişafı, kütləviliyi üçün paytaxtla yanaşı, respublikamızın ayrı-ayrı bölgələrində də fəaliyyətini genişləndirir. İndiyə qədər AGF-nin dəstəyi ilə Sumqayıt, Gəncə və Xırdalanda yeni gimnastika bölmələri istifadəyə verilib.

Ötən il dekabr ayının 20-də Azərbaycan Gimnastika Federasiyasının növbəti bölməsi Göyçayda istifadəyə verildi. Belə ki, Göyçay Olimpiya İdman Kompleksində yeni gimnastika bölməsi açıldı. Federasiya rəhbərliyi tərəfindən bölməyə yeni xalça hədiyyə olundu, eyni zamanda, Göyçaya məşqçi də göndərildi.

Dekabrın 25-də Gənclər və İdman Nazirliyinin konfrans zalında Azərbaycan Gimnastika Federasiyasının III ümumi yığıncağı keçirildi. Konfransın gündəliyində AGF-in yeni Nizamnaməsinin müzakirəsi və təsdiqi, qurumun vitse-prezidenti Altay Həsənovun federasiyanın dördillik fəaliyyətinin yekunları barədə hesabatı, federasiyanın prezidentinin, vitse-prezidentinin, həmçinin İcraiyyə Komitəsinin üzvlərinin seçkiləri daxil idi. Səsvermənin yekunlarına görə, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi.

Ümumiyyətlə, 2010-cu il gimnastlarımız üçün uğurlu olub. Təmsilçilərimiz bir sıra yarışlarda iştirak, edərək mükafata layiq yerlər tutublar.

Ötən ilin fevral ayında Rusiyanın paytaxtı Moskva şəhərində bədii gimnastika üzrə keçirilən Qran-pri yarışlarının birinci mərhələsində milli komandamızın aparıcı üzvü Aliyə Qarayeva qüvvəsini sınayıb. Dörd finalda bacarığını nümayiş etdirən gimnastımız halqa (27.55 xal) və lentlə (27.775 xal) hərəkətlərin icrasına görə bürünc medala sahib çıxıb. Moskvada təşkil olunan "Qazprom" kubokunda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Abdüsəlimova, Cəmilə Hüseynova və Nigar Mirzəyevadan ibarət qrup komandamız halqa ilə təmrinlərin icrasına görə üçüncü yeri tutub. Həmin vaxt Moskvada bədii gimnastika üzrə keçirilən "Alina-2012" turnirində ölkəmizin idman şərəfini böyük yaşlı idmançılar arasında şəxsi yarışlarda Anna Qurbanova, Zeynəb Cavadlı, Samirə Mustafayeva, Dina Qorina, yeniyetmə gimnastlar arasında isə Jalə Qaratova, Lalə Yusifova, Ayşə Mustafayeva və Yekaterina Prokopenko qoruyublar. Turnirdə Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadədən ibarət yeniyetmələrin qrup komandası da çıxış edib. Gimnastlarımız bu yarışda da yüksək nailiyyətlər əldə ediblər. Estoniyanın Tartu şəhərində beynəlxalq "Miss Valentina" turnirində Aliyə Qarayeva topla hərəkətlərin finalında qızıl medala sahib çıxıb. O, lentlə hərəkətlərdə ikinci, iplə isə üçüncü olub. Digər gimnastımız Anna Qurbanova isə halqa ilə hərəkətlərdə bürünc medal qazanıb. Böyüklərin qrup komandası gümüş medala sahib çıxıb. Mədinə Həsənova, Mənsurə Mehdiyeva, Aliyə Paşayeva və İradə Əhədzadədən ibarət yeniyetmələrin qrup komandası isə üçüncü olub. Gimnastların iştirak etdiyi növbəti yarış Budapeşt (Dünya kuboku) və Lyublyanada (beynəlxalq turnir) olub. Yarışda həm böyük-yaşlı, həm də yeniyetmə idmançılarımız nəyə qadir olduqlarını bir daha sübut ediblər.

İspaniyanın Marbeliye şəhərində keçirilən Qran-pri yarışlarında ölkəmizi yığma komandanın aparıcı üzvləri Aliyə Qarayeva və Anna Qurbanova təmsil ediblər. Aliyə Qarayeva lentlə hərəkətlərin finalında 27,550 xalla bürünc medal qazanıb. Gimnastımız ip (26,375 xal) və halqa (25,925 xal) ilə hərəkətlərdə yeddinci yeri tutub. Anna Qurbanova topla çıxışına görə 26,450 xalla beşinci yerlə kifayətlənib. Yeniyetmələrdən ibarət qrup komandamız Dünya kubokunun mərhələsi çərçivəsində Rusiyada keçirilən "Sankt-Peterburq mirvariləri" beynəlxalq turnirində bürünc medal qazanıb. İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət dördlük iki hərəkətin yekununda yalnız Rusiya və Belarus komandasından geri qalıb. Qrup komandamızın üzvləri "Göy qırov" kompozisiyasının sədaları altında 4 halqa və "Karnaval" sədaları altında 4 lentlə hərəkətin yekununa görə çoxnövçülükdə üçüncü olublar.

Aprel ayında Almaniyanın Bremen şəhərində keçirilən Avropa çempionatında yeniyetmələr arasında fərdi növlər üzrə yarışlarda Lalə Yusifova, Jalə Qaratova və Ayşə Mustafayeva çıxış ediblər. Çempionatda İradə Əhədzadə, Mədinə Həsənova, Mənsurə Mehdiyeva və Aliyə Paşayevadan ibarət yeniyetmələrin qrup komandası da qüvvəsini sınayıb. Aliyə Qarayevanın çıxışı sevindirici olub. O, Azərbaycanın gimnastika tarixində ilk dəfə, Avropa çempionatının çoxnövçülük yarışlarında bürünc medal eldə edib. Aliyə dörd alətlə hərəkətin yekununda 111,375 xalla çoxnövçülük üzrə bürünc medal qazanıb. İndiyə qədər təmsilçimiz ayrı-ayrı növlərdə uğurlu nəticələr göstərmişdi. Lakin o, birinci dəfə idi ki, çoxnövçülük yarışlarında mükafatçılar sırasında yer ala bilib. Gimnastımız yalnız dünyada öz sözlərini demiş Rusiya idmançıları Yevgeniya Kanayeva və Darya Kandakovanı özündən irəli buraxıb.

Rusiya Bədii Gimnastika Federasiyasının prezidenti, bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner gimnastımızın çempionatdakı çıxışını tarixi qələbə kimi qiymətləndirib. O, bu nəticənin Azərbaycan idmanı üçün önəmli hadisə olduğunu vurğulayıb. Yarışda mübarizə aparan yeniyetmə gimnastımız Lalə Yusifova topla hərəkətlərin final yarışında uğurla çıxış edərək, ikinci olub. Bu, Lalə Yusifovanın şəxsi yarışlarda əldə etdiyi ilk medal idi. Qeyd edək ki, gimnastımız təsnifat yarışlarında halqa ilə hərəkətlərin yekununda 25,125 xalla dördüncü yerlə kifayətlənib. Digər gimnastımız Ayşə Mustafayeva isə iplə çıxışına görə 24,55 xalla beşinci yeri tutub. Belə mötəbər yarışda yeniyetmə gimnastlarımızın uğurlu çıxışı Azərbaycanda perspektivli gimnastların yetişdiyini bir daha sübut edib. Mütəxəssislər yeniyetmə gimnastlarımız arasında yüksək potensialı olan idmançıların sayının çox olduğunu deyirlər. Bu gimnastların böyük gələcəyi var. Çempionatda Ceyla Quliyeva, Stefani Trayanova, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Cəmilə Hüseynova və Aelita Xələfovadan ibarət böyüklərin qrup komandası iki lent və üç iplə hərəkətlərin icrasına görə final yarışlarında 25,875 xalla beşinci olub. Qrup komandamız beş halqa ilə çıxışına görə 26 xalla yeddinci yeri tutub. Komandamız çoxnövçülük yarışlarında səkkizinci yerlə kifayətlənib. Yekun nəticəyə görə yığmamız komanda birinciliyində 97,775 xalla beşinci olub.

"Baltic Hoop"un ən yüksək zirvəsində

2011-ci ilin ilk aylarında da gimnastlarımız çıxış etdikləri beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Moskvada bədii gimnastika üzrə Qran-pri yarışlarının birinci mərhələsi keçirilib. Fərdi yarışlarda çıxış edən yığma komandamızın lideri Aliyə Qarayeva halqalarla hərəkətləri səhvsiz yerinə yetirərək 27,2 xalla bürünc medal qazanıb. Gimnastımız lentlə hərəkətlərdə beşinci olub. Qeyd edək ki, turnirdə həm böyüklər, həm də yeniyetmələrdən ibarət qrup komandamız da uğurla çıxış edib. Belə ki, Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasileva və Yekaterina Prokopenkodan ibarət yeniyetmələrin qrup komandası 5 iplə hərəkətdə iki gümüş medal qazanıb.

Ceyla Quliyeva, Anastasiya Prasolova, Cəmilə Hüseynova, Aelita Xələfova, Səbinə Abbasova və Stefani Trayanovadan ibarət böyüklərin qrup komandası isə 5 topla hərəkətlərdə və çoxnövçülükdə iki gümüş medal əldə edib.

İsrailin Holon şəhərində keçirilən bədii gimnastika üzrə Qran-pri seriyasından olan növbəti beynəlxalq turnirdə milli komandamızın lideri Aliyə Qarayeva üç dəfə fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, əvvəlcə çoxnövçülük üzrə rusiyalı gimnastlar Yevgeniya Kanayeva və Darya Dmitriyeva ilə rəqib olub, sonra Darya Kondakova ilə halqa və topla hərəkətlərin finalında mübarizə aparıb. Digər gimnastımız Zeynəb Cavadlı isə beynəlxalq turnirdə çoxnövçülük, top və lentlə hərəkətlərin yekununa görə bürünc medal qazanıb.

Estoniyanın paytaxtı Tallin şəhərində bədii gimnastika üzrə beynəlxalq "Baltic Hoop" turniri keçirilib. Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyana Vasilyeva və Səbinə Qaratovadan ibarət qrup yığmamız 5 iplə hərəkətləri səhvsiz yerinə yetirərək, fəxri kürsünün en yüksək pilləsində qərarlaşıb. Qrup komandamızın üzvləri bütün hərəkətlər üzrə, müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Estoniya komandasını geridə qoyub. Yarışda fərdi növlərdə çıxış edən gimnastımız Zeynəb Cavadlı topla və gürzlərlə hərəkətlərin icrasına görə bürünc medal qazanıb. Gimnastımız çoxnövçülük yarışlarında 22 iştirakçı arasında dördüncü olub.

Zəriflərin İtaliya sevinci

İtaliyada (Pesaro) bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələ yarışında komandamız bir gümüş və iki bürünc medal qazanıb. Milli komandanın aparıcı üzvü Aliyə Qarayeva finalda halqa və topla hərəkətlərdə müvafiq olaraq, 27.3 və 27.65 xal toplayıb. Digər gimnastımız Anna Qurbanova 43 iştirakçı arasında çoxnövçülük üzrə 18-ci olub. Turnirdə qüvvəsini sınayan Lalə Yusifova, Mənsurə Bağıyeva, Ayşə Mustafayeva, Siyana Vasileva, Aynur Cabbarlı və Səbinə Qaratovadan ibarət yeniyetmələrin qrup komandası ikinci pillədə qərarlaşıb (25 xal). Böyüklərdən ibarət qrup komandamızın ən yaxşı nəticəsi 5 topla final hərəkətlərində səkkizinci yer olub. 13 yaşlı gimnastımız Gülsüm Şəfızadə və Ləman Dadaşlı 31 iştirakçı arasında müvafiq olaraq, 11-ci və 19-cu olub.

Polşada bədii gimnastika üzrə beynəlxalq turnirdə təmsilçilərimizdən Gülsüm Şəfizadə və Ləman Hacızadə qızıl, Zeynəb Cavadlı isə bürünc medal qazanıb. Qeyd edək ki, Zeynəb turnirdə "Miss-Qrasiya" adını qazanıb.

Bədii gimnastika üzrə Azərbaycan komandasının baş məşqçisi Mariana Vasileva təmsilçilərimizin bu ilin ilk ayları ərzində eldə etdiyi nəticələrdən razıdır. Baş məşqçinin sözlərinə görə, bu yarışlarda həm böyükyaşlı, həm də yeniyetmə gimnastlarımız onlara bəslənilən etimadı doğrultmağa çalışıblar. "İlin əvvəlindən başlayaraq bir neçə yarışda iştirak etmişik. Gimnastlarımız mövsümü uğurla başlayıblar.

Yeniyetmələrdən ibarət qrup komandamızın çıxışını xüsusilə qeyd etmək istəyirəm. Komandamızın üzvləri həm yaxşı çıxış edir, həm də yaxşı nəticə göstərirlər. Onlar icra etdikləri hərəkətləri səhvsiz yerinə yetirməyə cəhd göstərirlər. Gimnastlarımız qatıldıqları yarışlarda güclü Rusiya komandasından sonra ikinci yeri tutur. Mütəxəssislər komanda üzvlərinin icra etdikləri hərəkətləri yüksək qiymətləndirirlər.

Fərdi növdə qüvvəsini sınayan yeniyetmə gimnastlarımız da bizi öz gözəl çıxışları ilə sevindirirlər. Perspektivli gimnastlarımız Gülsüm Şəfizadə və Ləman Hacızadənin adını qeyd etmək istəyirəm. Bu idmançıların böyük gələcəyi var.

Böyükyaşlı gimnastlardan ibarət qrup komandasının üzvləri də qatıldıqları yarışlarda özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Onlar müəyyən hərəkətlərin icrasında səhvlərə yol verirlər. Hazırda biz komanda üçün yeni proqram hazırlayırıq. Musiqi seçimində də dəyişiklik etmişik. Yeri gəlmişkən qeyd edim ki, perspektivli gimnastımız Zeynəb Cavadlı bir müddət fasilədən sonra yenidən məşqlərə qatılıb. Onun göstərdiyi nəticələr ürəkaçandır. Zeynəb bir neçə yarışda mükafata layiq yerlər tutub.

Qeyd edim ki, gimnastların iştirak edəcəyi yarışlardan biri Avropa çempionatı olacaq. Yarışda çıxış edəcək yeniyetmələrdən ibarət komandanın heyəti müəyyənləşib. May ayında təşkil olunacaq çempionata qədər, demək olar ki, gimnastlarımız hər həftə beynəlxalq yarışlarda mübarizə aparacaqlar. Bir neçə gündən sonra komanda Yunanıstanda keçiriləcək Dünya kubokunda qüvvəsini sınayacaq. Sonra idmançılarımız Rusiya, Belarus və digər ölkələrdə keçiriləcək yarışların iştirakçısı olacaqlar.

Bu ilin əsas yarışlarından biri Fransada keçiriləcək dünya çempionatıdır. Bilirsiniz ki, bu yarış London Yay Olimpiya Oyunlarına lisenziya verəcək. Bu, bizim məsuliyyətimizi daha da artırır. İndi çempionata hazırlığın ilk mərhələsini keçirik. Gimnastların bu yarışda hərtərəfli çıxış etməsi üçün əlimizdən gələni edəcəyik. Onların həm fiziki, həm də psixoloji hazırlıqları ilə bağlı məşqlər keçirik. Qarşıdakı yarışlarda özünü yaxşı tərəfdən göstərən gimnast dünya çempionatında bacarığını nümayiş etdirəcək", - deyə o bildirdi.

Xatırladaq ki, ötən il Moskva şəhərində keçirilən XXX dünya çempionatında dünyanın 55 ölkəsindən 800-ə qədər gimnast xalça üzərində bacarığını nümayiş etdirib. Mötəbər yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Şəxsi yarışlarda Aliyə Qarayeva, Anna Qurbanova və Samirə Mustafayeva, qrup yarışlarında isə Ceyla Quliyeva, Anastasiya Prasolova, Nigar Əbdüsəlimova, Aelita Xələfova, Stefani Trayanova və Yevgeniya Jidkoya qoruyublar.

Bədii gimnastika üzrə XXX dünya çempionatı Azərbaycan yığması üçün müvəffəqiyyətlə başa çatıb. Komandamız 4 bürünc medalla mükafatların ümumi sayına görə üçüncü olub. Medalların növünə görə isə yığmamız dördüncü yerdə qərarlaşıb.

Çempionatda əldə olunan 4 bürünc medalın üçü yığmamızın lideri Aliyə Qarayevanın payına düşür. Aparıcı gimnastimız halqa, top və lentlərlə çıxışına bürünc medallar qazanıb. Digər medal isə komanda hesabında əldə olunub. Aliyə Qarayevanın halqa ilə çıxışı hakimlər tərəfindən 27,650 xalla qiymətləndirilib və o, çempionatı üçüncü yerdə başa vurub. Top və lentlə hərəkətlərin final mərhələsində qüvvəsini sınayan gimnastımız daha iki medal qazanmağa müvəffəq olub. Belə ki, Aliyə Qarayeva topla çıxışına görə 27,550 xalla dünya çempionatında üçüncü yeri tutub. Gimnastımız lentlə hərəkətlərin icrasına görə də bürünc medal qazanıb - 28,050 xal. Aliyə Qarayeva çoxnövçülük üzrə final yarışlarında 110,3 xalla dördüncü yerlə kifayətlənib.

Çempionatda Azərbaycanın qrup komandası iki hərəkətin yekununa görə qazandığı 50,975 xalla yeddinci yeri tutub.


Esmira Orucova

Olimpiya dünyası.- 2011.- 12-14 aprel.- № 23.- S. 2.