Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Peşəsi - birinci xanım

"Novıye izvestiya”: "Mehriban Əliyeva istər imici, istərsə də fəaliyyəti ilə digər birinci xanımlar üçün nümunə ola bilər"


Son illər ölkənin birinci xanımları prezidentlərdən də populyar olub. Ölkənin birinci xanımı olmaq artıq bir peşəyə çevrilib. Özü də bu ənənə MDB ölkələrinə son illər ayaq açıb. Amma Qərbdə bu ictimai post çoxdan populyardır. Həmin postun sahibələri də peşələrinə öyrəşiblər.

Qərbdə prezidentin həyat yoldaşı tam sərbəstliyilə siyasi fiqur ola bilir. MDB-də isə birinci xanımı olmaq hələlik nümunəvi həyat yoldaşı, ana və evin sahibəsi deməkdir. Baxmayaraq ki, ayrı-ayrılıqda bura yaxşı sahibkar qadın, həyat yoldaşına qeyri-rəsmi müşavir və sadəcə tanınmış şəxs titulları da daxil ola bilər. Bununla yanaşı, insanlar getdikcə düşünür ki, indi ölkənin birinci xanımı ictimaiyyətdə daha vacib yer tutur. Ölkənin birinci xanımı sadəcə prezidentin həyat yoldaşı vəzifəsini yerinə yetirmir. O, ölkənin, insanların həyatında daha mühüm rol oynaya bilər. Düzdür, birinci xanım statusu keçmiş postsovet məkanında yeni olduğundan çətinliklə formalaşır.

"Novıye izvestiya" qəzeti hesab edir ki, onların arasında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva xüsusilə seçilir. Qəzetin fikrincə, M. Əliyeva istər imici, istər fəaliyyəti ilə digər birinci xanımlar üçün yaxşı nümunə ola bilər.

Ötən həftə ölkə Prezidenti İlham Əliyevin şimal bölgəsinə səfəri zamanı bu regionun sakinlərinin Mehriban Əliyevaya göstərdiyi etimad da onun yüksək nüfuzundan xəbər verdi. Hətta Qubanın Qırmızı Qəsəbəsinin sakinləri rəsmi şəkildə bəyan etdilər ki, 2005-ci il parlament seçkilərində millət vəkilliyinə M. Əliyevanın namizədliyini irəli sürəcəklər. Qırmızı qəsəbəlilərin fikrincə, M.Əliyevanın parlamentdə təmsil olunması yaşayışlarını, həyat səviyyələrini xeyli yaxşılaşdıracaq. Onların bu barədə düşünmələrinə son vaxtlar ölkənin birinci xanımının gördüyü işlər əsas verir. M.Əliyevanın son bir ildə uşaq evlərində, məktəblərdə keçirdiyi görüşlər, göstərdiyi yardımlar onun nüfuzunu xeyli artırıb. Rəhbərlik etdiyi Heydər Əliyev adına Fondun xəstə uşaqlara göstərdiyi qayğı isə humanist addım kimi dəyərləndirilib. Onun YUNESKO-nun xoşməramlı səfiri adını qazanması beynəlxalq aləmdəki yüksək imicindən xəbər verir. Bütün bunlar isə ictimaiyyətin diqqətindən qaçmır. Xatırladaq ki, "Lider" Qadınlar Birliyinin keçirdiyi sorğunun nəticələrinə görə, M.Əliyeva "İlin qadını" da elan olunmuşdu. M.Əliyevanın ümumxalq tədbirlərində, bayramlarda ictimaiyyət arasında səmimi söhbətləri müsbət qarşılanıb.

Qəzet yazır ki, Azərbaycanın birinci xanımından fərqli olaraq digər MDB ölkələrində bu ictimai postu tutanlar o qədər də müsbət imicə malik deyillər. Belə ki, Ukraynanın birinci xanımı Yekaterina Yuşenko daha çox hakimiyyətdə amerikalı kəşfiyyatçı kimi ad qazanıb. Çikaqoda ukraynalı mühacir ailəsində dünyaya gələn Katyanın taleyi o qədər də uğurlu olmayıb. Corctaun Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra karyerasına Ağ Evdə başlayıb. İctimaiyyətlə əlaqələr ofisində çalışıb. Ardınca ABŞ Maliyyə Nazirliyinin katibliyində, sonra isə Konqresdə iqtisadçı işləyib. Özü inkar etsə də, Yuşşenkonun əleyhdarları Mərkəzi Kəşfiyyat İdarəsinin Ukrayna siyasətinə müdaxiləsində Katyadan istifadə olunduğunu qəti şəkildə iddia edirlər. Hazırda bu xanım uşaq evlərini himayəyə götürüb. Ukraynadakı teatr və muzeylərə yardım göstərir. Mənzilləri icarəyə vermək sahəsində uğurlu bizneslə məşğul olur. Belə deyirlər ki, Ukraynada birinci xanım ərindən çox pul qazanır. Amma hələ də jurnalistlərlə münasibətini qura bilməyib. Məsələn, rəhbərlik etdiyi "Ukrayna 3000" fonduna müsahibə ilə bağlı müraciət etdikdə onun yalnız bir neçə aydan sonra jurnalistin suallarını cavablandıracağını deyirlər.

Gürcüstan prezidentinin həyat yoldaşı, hollandiyalı Sandra Rulovsu da başqa millətdən olmasına baxmayaraq gürcülər sevirlər. Hərçənd ki, bu sevgini qazanmaq üçün Sandra çox çalışmalı olub. Bunun üçün o, provaslavlığı qəbul edib, gürcü dilini öyrənib. İndi gürcülər arasında onun nüfuzu əri Mixail Saakaşvilidən yüksəkdir. Sandra əsasən xeyriyyə işləri ilə məşğul olur. Səkkiz ildir məktəblərə, qocalar evlərinə, internatlara, eləcə də çoxuşaqlı ailələrə yardımlar göstərən "Soko" fonduna rəhbərlik edir. Ölkənin siyasi məsələlərinə qarışmır, Bu barədə söz düşəndə "bunun üçün yaxşı hazırlaşmaq lazımdır” deyir. Amma müsahibələrinin birində o, ziddiyyətli şəkildə özünü gürcü xalqının gözü və qulağı adlandırıb. Bu xanım gürcülərin sadəcə cazibədarlığı, sakit təbiətilə deyil, həm də ağıl və dərrakəsi ilə xoşuna gəlir. Son vaxtlar KİV-də belə bir məlumat yayılmışdı ki, Sandra prezident xanımı olmaqdan yorulub. Hətta onların boşanacaqları bildirilirdi. Bunu birinci xanımın artıq uzun bir müddət Tiflisdə deyil, vətəni Hollandiyada yaşaması da təsdiqləyirdi. Amma az öncə prezidentin mətbuat katibi Qel Çarkviani bildirdi ki, xanımının Hollandiyada yaşamasının səbəbi onların arasından "qara pişiyin ötməsi" demək deyil. Sadəcə, xanım Rulovs ikinci dəfə ana olmağa hazırlaşır və düşünür ki, vətənində dünyaya övlad gətirmək daha yaxşı olar.

Qazaxıstan prezidentinin xanımı, ixtisasca mühəndis olan Sara Nazarbayeva da əsasən xeyriyyə işləriylə məşğuldur. Rəhbərlik etdiyi "Bobek" fondu artıq on ildir ki, xəstə uşaqlara yardım göstərir. S.Nazarbayeva üzgüçülük və xizək sürməklə məşğul olur, xalq mahnıları oxuyur. Amma yerli mətbuatın yazdığından belə aydın olur ki, xanım Nazarbayevanın hakimiyyətdə qeyri-rəsmi rolu daha böyükdür. Hətta baş prokuror, daxili işlər naziri, qubernator onun yaxın qohumları və dostlarıdır.

Ən acınacaqlı tale isə Belarusiya prezidentinin xanımı Qalina Lukaşenkodadır. Belarusda yaşayanların əksəriyyəti bu xanımın heç sifətini də görməyiblər. Aleksandr Lukaşenkonun on bir illik prezidentliyi dövründə Qalina bir dəfə də olsun ki, ərini xarici səfərlərdə müşayiət etməyib. Rəsmi tədbirlərdə də onu görməyiblər. Hətta Aleksandr Minskdə, Qalina isə Mogilyov vilayətində, kənddə yaşayır. Qalina dəfələrlə jurnalistlərə kənd həyatı barədə müsahibələr verib, donuz balası ilə birgə ekrana düşməkdən çəkinməyib. Bu isə sonda prezidenti özündən çıxarıb və qəti şəkildə arvadına müsahibə verməyi qadağan edib. Həm də onun kənddə yaşadığı evi hündür hasara alıb və qapıya da mühafizəçi qoyub.

Moldova prezidenti Vladimir Voroninin xanımı Taisa Mixaylovna isə ictimaiyyət arasına demək olar ki, çıxmır. İxtisasca pedaqoq olan Taisa heç vaxt uşaqlarla işləməyib. O da əksər xanımlar kimi xeyriyyə işləriylə məşğul olur.


Şəfəq

Paritet.- 2005.- 2-3 avqust.- № 85.- S. 5