Bakıda beynəlxalq caz festivalı açılmışdır
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Azərbaycan paytaxtında Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Bakı beynəlxalq caz festivalı açılmışdır.
Festival Yaşıl teatrda böyük konsertlə başlanmışdır.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festival iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulamışdır.
Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli festivalın təşkilinə dəstəyinə görə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.
Konserti Natiq Şirinovun rəhbərliyi ilə “Ritm” nağaraçılar qrupu açmışdır.
Təşkilatçılar bildirirlər ki, həmişəki kimi, festivalda dünya şöhrətli caz ulduzları iştirak edəcəklər. Festivalın səviyyəsi ilbəil artır. Bu il ilk dəfə festivalda 11 xarici kollektiv iştirak edəcəkdir. Qonaqlar 6 ustad dərsi keçəcəklər.
Festival iştirakçıları Dövlət Opera və Balet Teatrında, Bakı Caz Mərkəzində, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında və Yaşıl teatrda çıxış edəcəklər. Bakı Caz Mərkəzində hər gün cem-steyşnlər keçiriləcəkdir. Festival çərçivəsində burada ən yeni aparatura quraşdırılmışdır.
Festivalın təşkilatçılarının bakılılara hədiyyəsi də var. Əzizə Mustafazadə opera teatrında solo konserti ilə çıxış edəcəkdir.
AZƏRTAC
2007, 7 iyun