Xalqımızın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi bənzərsiz Mehriban xanım
Azərbaycan qadınının cəmiyyətdəki rolunu, ictimai-siyasi fəaliyyətini səciyyələndirən hadisələr zaman-zaman özünün inkişaf yollarında böyük mənəvi-əxlaqi dəyərlərlə müşahidə olunmuşdur. Qədim dövrlərdən başlayaraq tarixin yaddaşından günümüzə qədər yol gələn milli-mənəvi ənənələr, qadınlarımızın diplomatik xüsusiyyətləri, ədəbi yaradıcılığı, xeyriyyəçilik əməlləri, Azərbaycan qadınının ictimai şüurunda, mənəviyyatında təzahür etmiş keyfiyyətləri, mərdanə vərdişləri ilə hər zaman yaddaşımızda közərir.
Sirr deyil ki, xalqın adamı olaraq onun sevgisini qazanmaq, yalnız xalqına şərəflə, ləyaqətlə xidmət etməyin sayəsində mümkün olur. Bu gün Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESCO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da genişəhatəli fəaliyyəti tarixdə yaşamış nəcib, fədakar qadınlarımızın ibrətamiz həyatının, missiyasının yeni anlamda davam etdirilməsidir.
Bu mənada Mehriban Əliyevanın dövlətçiliyimizin möhkəmlənməsində, gəncliyin yetişməsində, milli-mənəvi irsimizə, mədəniyyətimizə, xalq musiqisinin yaşamasına, təhsilin, səhiyyənin inkişaf etməsinə qayğı göstərməsi, onun şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.
Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun xalqına, vətəninə böyük məhəbbəti, milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, “Birinci xanım” statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi.
Mehriban xanımın şəxsiyyətini ictimai-siyasi, mədəni fəaliyyətinin fonunda qədərincə səciyyələndirmək olar. Ulu öndərin mənəvi-siyasi irsinin gənclərə öyrədilməsi, maarif və mədəniyyətin yeni anlamda inkişaf etdirilməsi, zərif, həssas təbiətli bir qadının düşüncəsində, ruhunda və əməllərində daşınması, gələcəyə ötürülməsi Birinci xanımın şəxsiyyətində, xarakterində görünən yeni və nəcib keyfiyyətlər olmaqla yanaşı, ibrətamizlik nümunəsidir.
1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Mehriban Əliyeva ictimai fəaliyyətə aktiv şəkildə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fonduna rəhbərlik etməyə başlayanda, onun məqsədini daha geniş açmaqdan, Azərbaycan mədəniyyətini beynəlxalq aləmdə tanıtmaqdan, təbliğ etməkdən ötrü həm də “İrs” jurnalını təsis etməklə bu sahədə görüləsi işlərə yeni və maraqlı aspektdən də diqqət yetirdi. Əlbəttə ki, bütün çalışmaların mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı. O, özü bu barədə belə bir açıqlama vermişdir: “Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkülü illəri idi. Siyasi-iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.
Həmin illərdən Mehriban xanımın qəlbində Azərbaycan xalqına, onun mədəniyyətinə xidmət etmək istəyi dumduru axan bulaq təki çağlayırdı. Düşünmək, çalışmaq, yeni yollar axtarmaq gərəkdi. O, işlərin və vəzifələrin həcmindən qorxmadan, çəkinmədən, yorulmadan fəaliyyət göstərirdi. Sonra bu fəaliyyət istiqamətləri həyatımızın böyük sahələrinə vüsətli şəkildə sirayət etdi. Xalqın mənafeyi yolunda yeni işlər görüldü, böyük təcrübə qazanıldı, uğurlar, irəliləyişlər, təkanlar, dəstəklər yarandı. Bu qədər irimiqyaslı işləri əhatə edən ictimai fəaliyyət ona bir qadın, ana kimi bağlandığı ailəsi qədər doğmalaşdı, şəxsi taleyinə çevrildi. Doğulduğu, gözəl tərbiyə aldığı ailədən əxz etdiyi azərbaycançılıq ənənələrini sonradan öz ailəsində daha geniş anlamda dərk etdi, təkmilləşdirdi. Azərbaycançılıq ənənələrini ləyaqətlə yaşatmasında Mehriban xanıma Heydər Əliyev məktəbinin böyük təsiri olmuşdur. Bu məktəb onun azərbaycançılıq məfkurəsinin formalaşmasına, alicənab, mərdanə, humanist bir azərbaycanlı xarakterinin dolğunlaşmasına öz təsirini göstərdi. Belə nəcib və mübariz keyfiyyətlərə malik olduğundan yaranmış imkanlarını dövlətçiliyin möhkəmlənməsinə, vətənçilik əxlaqının yeni dəyərlərlə inkişafına səfərbər etdi. Heydər Əliyevin dövlətçilik konsepsiyasını, bununla paralel apardığı vətənçilik əxlaqını həm də müşahidələrdən, ictimai fikirlərdən öyrənmiş, yaxşı mənimsəmiş fiziki və mənəvi varisi Prezident İlham Əliyevlə birgə Ulu Öndərin yaratdığı yeni azərbaycançılıq ideyalarının davam və inkişaf etdirilməsinə başladılar.
Bu gün Heydər Əliyev Fondunun məqsədi hər bir azərbaycanlıya, ölkə daxilində genişəhatəli fəaliyyətdən, onun xəttilə beynəlxalq aləmdə reallaşdırılan layihələr, proqramlar, keçirilən konfranslardan da açıq-aydın görünür. Bunlar fondun yaranmasının böyük bir ideyaya söykəndiyini göstərir. Eləcə də Yeni Azərbaycanın təşəkkülü, ölkənin tarixində müstəqil dövlətin yaradıcısı və qurucusu olan Heydər Əliyevin xatirəsinə böyük ehtiramla onun xalqımız, vətənimiz üçün dərin məna kəsb edən azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin əhəmiyyətini göstərmək, milli dövlətçilik ənənələrini xalqa, xüsusən də yeni nəslə təlqin etmək məqsədindən və zərurətindən yaranmışdır.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva illər öncə “Yeni Azərbaycan Partiyası”nın yarandığı tarixdən, onun sıralarına qəbul olunduğu gündən əqidəsində formalaşdırdığı və böyük inam bəslədiyi, dövlətin və xalqın mənafeyinə hesablanmış Heydər Əliyev siyasi kursunun mahiyyətini bütün şüuru ilə dərk etdiyindən, fəaliyyətini bu istiqamətdə qurmuşdur. Bu ideyalara layiqincə xidmət etməyə bir qədər yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Mədəniyyət Fondunun Prezidenti kimi fəaliyyətə başlayanda artıq ölkə üçün gördüyü işlər xalqı tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılananda o, özünü mənən daha güclü hesab etdi. Bundan sonra onun diqqət göstərdiyi sahələr genişlənməyə başladı. Artıq 2002-ci ildə xanım Mehriban Əliyeva həm də Azərbaycan Gimnastika Federasiyasının Prezidenti kimi fəaliyyətini genişləndirməklə, missiyasını fədakarlıqla davam etdirməyə başladı.
2004-cü ildə Heydər Əliyev Fondunun Prezidenti kimi fəaliyyətə başlayanda O, həyatımızın bütün sahələrində - təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial sahələrdə irimiqyaslı layihələrlə işlər görməyi nəzərdə tutmuşdur. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur. Bu, Ulu Öndərin apardığı yaradıcılıq və quruculuq işlərinin davamı olaraq vətən və xalq naminə fəaliyyət göstərməyin yoludur. Bunları bütün şüuru ilə dərk edən və fikrini, düçüncəsini bu məqsədə yönəldən Mehriban Əliyevanın xalqına xidmətindən böyük məmnunluq, rahatlıq duyduğunu onun ictimaiyyət qaşısındakı çıxışlarından görməmək, duymamaq mümkün deyil. Bütün bunlar Birinci xanımın həyatının mühüm amilidir. Başqa bir tərəfdən də taleyini xalqın taleyi ilə birləşdirməyi, ona xidmət etmək missiyasını, fiziki və mənəvi yükü daşımağı və bundan şərəf duymağı Tanrı məhz ona bəxş etmişdir.
Bu irimiqyaslı layihələrin, proqramların, keçirilən konfransların sayı-sanbalı o qədər zəngindir ki... Onları zaman-zaman xatırlamaqdan, yada salmaqdan ötrü, həyatımızın bütün sahələrindəki uğurları, yeniləşən, gəncləşən Azərbaycanın bugünkü növrağını görmək, milli-mənəvi dəyərləri ilə dünyanın sivil dövlətləri arasındakı nüfuzuna nəzər yetirmək kifayətdir. Bir xalq olaraq hər birimizin də vətəndaşlıq borcu bu ənənələri, yeni dəyərləri yaşatmaqdır. Sabahın yaradıcıları olan gəncləri bu ruhda tərbiyə etmək də göründüyü kimi, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın fəaliyyət proqramının əsasını təşkil edir.
Vaxtilə Heydər Əliyev ölkəyə rəhbər kimi ikinci qayıdışında Azərbaycanın tarixində yeni bir dövr açdı: Birlik və İnkişaf dövrü. Ölkəmizin həyatı məhz bundan sonra özünün yeni axarına düşdü. Başsızlıq, hərc-mərclik hökm sürən ölkədə xalqı parçalanmaq, tayfalara bölünmək qorxusundan məhz xalqının, vətəninin təəssübkeşi Heydər Əliyev xilas etdi. Onun, “Azərbaycan dünyaya günəş kimi doğacaq”, uzaqgörənliyi layiqli varis Prezident İlham Əliyevin və xanımı, xalqın mənəvi anası sayılan Mehriban Əliyevanın fəaliyyətində özünün gerçəkliyini tapdı. Eyni amala, məqsədə xidmətdə də qoşa qanad olan bu cütlüyün bütün fəaliyyəti dövlətçiliyimizin maraqlarına söykənir. Bu, bəlkə də Mehriban xanımın həssaslıq, humanistlik, milli-bəşəri düşüncələrinə əməli çalışmaları ilə rövnəq verən siyasi portretinin ən xarakterik cizgisidir.
Onun haqqında “Vikipediya, açıq ensiklopediya”da yerləşdirilmiş geniş məlumatda belə bir fikir diqqətimi cəlb etdi: “... Adətən, hər bir ölkənin Birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır: o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir...” Və O, istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi bütün proqram və layihələrə həssaslıq, milli təəssübkeşlik baxımından yanaşaraq böyük uğurların qazanılmasına nail olmuşdur.
Gənclərin mənəvi tərbiyəsi vaxtilə Heydər Əliyevi düşündürən və bu ətrafda böyük işlər görməyə səfərbər edən amillərdən olmuşdur. Bu gün Mehriban Əliyeva vaxtilə Ulu Öndərin diqqət yetirdiyi bütün sahələrin fəaliyyətinə həssaslıq göstərir, xüsusən də ölkənin gələcəyi olan gənclərin problemləri ilə yaxından tanış olur, onların bir vətəndaş kimi yetişməsi qayğısına qalır. Sabahın yaradıcıları olan gənclərimiz də Ulu Öndərin onlara ünvanladığı bu fikirləri özlərinin həyat manifesti kimi qəbul ediblər. “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”. Bu missiyanın davamlı şəkildə həyata keçirilməsində, müstəqil Azərbaycanın tarixində özünün genişhəcmli layihələri ilə fəaliyyət göstərən ölkənin xoş niyyətli, xoşməramlı Birinci xanımı Mehriban Əliyeva da gənclərə vətənpərvərlik, humanizm, milli ruh aşılamaqla onların sağlam ruhda yetişməsi üçün bir-birindən maraqlı və böyük layihələr həyata keçirir. İstedadlı gənclərin qarşısında geniş imkanların açılması, hər birinin bacarıqlarını göstərdikləri sahələrdə yetişməsi qayğısına qalır.
Bu gün mənəvi sərvətlərimizin, xüsusən də kökü çox dərinlərə işləmiş muğam sənətimizin dünyada tanınması, təbliğ olunması və sevilməsi məhz Mehriban xanımın bu sahəyə göstərdiyi diqqəti sayəsində olmuşdur. Uşaqların, yeniyetmə gənclərin, gənc istedadların vətən və xalq üçün yetişməsi və tərbiyə olunması onun humanist və xeyirxah missiyasının aparıcı xəttidir. Bu, vətənə, xalqa şərəflə xidmət etməyin ən bariz nümunəsidir. Hələ illər öncə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi də uğurla həyata keçirildi. Ölkənin çox bölgələrində Avropa standartlarına cavab verən məktəblər, uşaq bağçaları tikilib istifadəyə verildi və işlər bu gün də davam etdirilir. Bütün bunlar məhz Heydər Əliyev Fondunun göstərdiyi birbaşa köməyin, qayğının sayəsində başa gəlmişdir. Yaradılmış yeni mühitdə xalq ruhunun, milli təfəkkürün formalaşması və inkişafı mütəmadi olaraq davam etdirilir. Bu xəttin uğurla inkişaf etdirilməsi qüdrətli dövlət başçısı İlham Əliyevin ölkədə yaratdığı sabitliyin, öz axarına saldığı rahat, mədəni həyat tərzinin, apardığı böyük quruculuq işlərinin, işıqlı sabahlara doğru inamla addımlaması sayəsində mümkün olmuşdur. Bu yolda daim Heydər Əliyev irsindən öyrənmək, ondan bəhrələnmək və bütün bunların ideyasını gənclərə aşılamaq da irimiqyaslı layihələrin həyata keçirilməsini asanlaşdırır.
Onun genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, O, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyaya ürək verməsi, Onun zərif çiyinlərinə həm də ağır yük qoymuşdur. “Xalqım üçün bacardığımı etməliyəm”, fikri ömrünün mənasına çevrildi. Bütün bunlar tariximizin bir parlaq səhifəsidir.
Burda mən diqqəti son zamanların əlamətdar hadisələrindən birinə – I Avropa Oyunlarına yönəltmək istəyirəm. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva belə bir tədbirin möhtəşəm olmasından ötrü əsl azərbaycançılıq sevgisi, vətənpərvərlik duyğusuyla çalışdı. I Avropa Oyunlarının uğurla başa çatmasından boyük sevinc hissi yaşayan Birinci xanımın bağlanış mərasimindəki çıxışını xalqımız yəqin ki, hələ də unutmayıb. Vətənə və xalqa bəslədiyi məhəbbətin səsində və sözündə kövrək notlarla ifadə olunması o gün həmin tədbiri izləyən bütün insanları təsirləndirdi, könülləri duyğulandırdı: “... Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm. Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq. Atletlər, sağ olun! Dostlar, sağ olun! Azərbaycan, sağ ol!” Bütün ölkə və Avropa dövlətləri Birinci xanımın sevincini, böyük qələbədən doğan həyəcanını duydu, onu sanki bir daha kəşf etdi, sevdi və bu şəxsiyyətə ehtiramı artdı.
Mehriban Əliyeva bu illərdə çox titullara, təltiflərə, mükafatlara layiq görülüb. Birinci xanımın, Azərbaycanın füsunkar və güclü Ledisinin beynəlxalq aləmdəki nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin, xalqımızın adına başucalığı gətirir. İndiki məqamda bunları sadalamağa, elə bilirəm, ehtiyac da yoxdur. Amma onların içərisində bir mükafatın adını çəkməyi, xatırlatmağı vacib sayıram. Bu, Azərbaycanda keçirilmiş I Avropa Oyunlarının uğurla, böyük qələbə ilə başa çatmasında əsl fədakarlıq nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il tarixində “Heydər Əliyev” ordeni ilə təltif olunması idi. Zənnimizcə, bu mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki çıxışı iki il yarımda çəkdiyi əziyyətləri, keçirdiyi narahatlığı, duyduğu məsuliyyətdən doğan fərəh hissini bütünlükdə ifadə edirdi. Bu mükafat da Onun halal haqqı idi.
Onun məqalələrində, çıxışlarında səsləndirdiyi fikirlərdən də aydın olur ki, qazandığı uğurlar xalq işinə məhəbbətlə yanaşması, dövlətçiliyimizin möhkəmlənməsində ciddi və davamlı çalışmaları, fədakarlığı sayəsində mümkün olmuşdur. Xalqa və dövlətçiliyimizə bunca ürəkdən xidməti milli ruha bağlılığın azərbaycançılıq ənənəsinin bəhrəsidir. Çıxışlarına diqqət kəsildikcə onu da sezmişəm ki, Mehriban xanım milli-mənəvi dəyərləri yaşatmaqdan sanki bir rahatlıq tapır, çəkdiyi əziyyətlərin uğuruna nail olanda O, çox bəxtiyar görünür.
Mehriban xanımın fəaliyyəti – naturadan gələn vətənpərvərliyi, xəlqiliyi, milli ruha bağlılığı bir bədii əsərin, tarixi romanın mövzusudur. Vaxtilə Ulu Öndərin haqqında yazdığım məqalələrin birində belə bir fikri xatırlayıram: “Heydər Əliyev xalq və tarix qarşısında məsuliyyətini dərk edir, düzəlişə, yanlışlığa yol verməyən bir tarix yaradır” (“Xalq” qəzeti, 8 may 1998). Həqiqətən də onun yaratdığı və yaşatdığı tarixi dövr, apardığı siyasət bizə imkan verib ki, tarixi səhvlərimizi araşdıraq, kökümüzün faciəsini dərk edək və aşkara çıxaraq. Bu, onun ideallarına sadiq olan, mənəvi-siyasi varisi Prezident İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın da siyasi-ictimai fəaliyyətində açıq-aydın görünən bir həqiqətdir.
Mən artıq Mehriban Əliyevaya tarixdə qalacaq bir bədii obraz kimi yanaşıram. Və görürəm ki, Mehriban xanımın obrazı olduqca yetkin və güclü xarakterə malikdir. Burda maraqlı cəhətlərdən ən ümdəsi odur ki, O, düşüncə-xəyallardan deyil, həyatın özündən gəlmiş, zamanın özünün yetişdirdiyi obrazdır. Onun siyasi, eləcə də xeyirxahlıq mücəssəməsi olan portretindəki cizgilər yetərincədir. Fikrimizcə, XXI əsrin ən nüfuzlu şəxsiyyəti və xalq adamı, səsini millətin səsinə qatan Birinci xanımın obrazını böyük bir ədəbi əsərdə, elə roman janrında yaratmağın zamanıdır. Tarixdə iz qoyan ağıllı, müdrik, tədbirli, xeyirxah, cəngavər və diplomat qadınlarımızın obrazı istər xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda yarananda çox zaman müəlliflər təxəyyüldən gələn uydurma təsvirləri canlandırmaq, obrazı sevdirməkdən ötrü çox boyalardan istifadə edirlər.
Zənnimizcə, Mehriban Əliyevanın obrazını bədii ədəbiyyata gətirmək istəyən müəllifin, sənətkarın Onun portretini yaratmaqda bir çətinliyi olmaz. Çünki Onu ilahiləşdirməyə, obraza təxəyyüldən gələn rənglər, təsvirlər əlavə etməyə heç bir ehtiyac yoxdur. Mehriban xanım həyatdan gələn dolğun bir obrazdır. Vətənpərvər, maarifpərvər ziyalı, milli düşüncəyə, azərbaycançılıq məfkurəsinə sahib olan, qəlbində vətən, xalq sevgisi çağlayan və bu yolda ömür əridən tarixi şəxsiyyətdir. Taleyin ona bəxş etdiyi alın yazısından səmərəli istifadə etməklə bütün səylərini ortaya qoyan, gördüyü işləri zərgər incəliyi, dəqiqliyi ilə aparan və bunların müqabilində xalqın gözündə ləyaqətli vətəndaş, xeyirxah hami, dost, həssas, qayğıkeş ana kimi sevilən bir Azərbaycan vətəndaşıdır.
Milli-mədəni dəyərlərimizlə bağlı unudulan bir çox ənənələrin dirçəlməsi bu gün məhz Mehriban Əliyevanın adı ilə bağlıdır. Onun vətən və xalq üçün gördüyü işlərin mahiyyəti olsun ki, hələ qədərincə dərk edilmir. Lakin zaman ötdükcə bu işlərin həcmi və əhəmiyyəti, milli-mənəvi dəyərlərimizin dünyada təbliğ olunmasında çəkdiyi böyük zəhməti, irimiqyaslı layihələrin gerçəkləşməsi özünün yeni mənaları ilə tarixin yaddaşında şərəfli yer tutacaqdır...
Mehriban Əliyeva haqqında səsləndirdiyim fikirlər təbii ki, bir gündə, bir ildə formalaşmamışdır. İllər uzunu apardığım müşahidələrdən, böyük uğurlara gətirib çıxaran fədakar çalışmalarından, millətin mənəvi anası, Azərbaycanın ləyaqətli xanımı olduğuna əminlik ifadə edən qənaətlərimdən yarandı. Bu gün Birinci xanımın işgüzar həyatı, xalqına xidməti tarixin bir parlaq səhifəsidir.
Bu da sirr deyil ki, hər bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının da olması bu birliyə dərin məna, bütövlük gətirir. Böyük bir missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyevin və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü və qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. İki tərəfin birliyi Azərbaycanın gələcəyinin ən böyük qarantıdır.
Yazı üzərində işləyərkən onun fəaliyyəti boyu gördüyü işləri müşayiət edən fotolardan qarşıma çıxan bir çoxunu diqqətlə nəzərdən keçirdim. Onlara təkrar-təkrar baxdım. Bu fotolar məni düşüncələrə qərq etdi. İrimiqyaslı layihələrin həyata keçirilməsi zamanında Onun xarakterində çox vacib detallar görümlü şəkildə yaddaşıma həkk olundu. Bu ömür mənim üçün çox dərin bir məna kəsb etdiyindən sanki bir epopeyanı vərəqlədim, oxudum, bitib-tükənməyən çalışmaların icrasında əldə olunan yüksək nəticələrin xalqın həyatına gətirdiyi yenilikləri, faydaları görən, duyan şahidlərdən biri olmağımdan çox məmnun oldum.
Mehriban Əliyevanın işgüzar həyatı sanki bir yaz çağı, səhərin ala-toranından sıyrılıb çıxan, yağışda yuyunaraq doğan günəşin şəfəqləri altında cilvələnən əsrarəngiz, həm də özünün fəlsəfi rəmzləri ilə nəzərləri çəkən bir mənzərəni xatırladır. Bu mənzərəyə – müdrikanə ömür yoluna nəzər salmaq, xeyirxah əməllərin saldığı naxışları dərk etmək və bu ömürdən ibrət almaq da bir hünərdir. O, bütün hallarda – xoş məqamlarda, çətin və mürəkkəb situasiyalarda belə dəyişilməzdir: dəyanətli, güclü, qətiyyətli və bütövdür. Hər zaman və hər yerdə Özüdür. Ən ümdəsi də xalqın sevimlisi, ehtiram bəslədiyi, güvəndiyi bənzərsiz Birinci xanımıdır...
Tanrının Azərbaycan xalqına bəxş etdiyi mehriban, fədakar qadın, doğum gününüz mübarək olsun! Tanrı Sizi və ailənizi qorusun.
Şəfəq Nasir,
filologiya üzrə fəlsəfə doktoru
Respublika.- 2015.- 26 avqust.- № 184.- S. 2.