Mehriban xanım Əliyeva Moskvadakı uşaq xəstəxanasında olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri proqramı çərçivəsində onun xanımı Mehriban Əliyeva Moskvadakı uşaq klinik xəstəxanasında olmuşdur.
Rusiyanın bu məşhur səhiyyə ocağında Mehriban xanım Əliyevanı böyük hörmət və ehtiramla qarşıladılar. Azərbaycan Prezidentinin xanımı xəstəxananın korpuslarında müalicə üsulları, laboratoriyaların funksiyaları ilə tanış oldu. Bildirildi ki, burada əsasən qan və ürək-damar, böyrək xəstəliklərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Xəstəxanada təkcə ötən il 26 böyrəkköçürmə əməliyyatı aparılmışdır.
Mehriban xanım Əliyeva müxtəlif xəstəliklərdən, xüsusilə talassemiyadan əziyyət çəkən azərbaycanlı uşaqların burada müalicəsi üçün son vaxtlar görülən tədbirlərdən danışdı və bu xeyirxah işi daha da genişləndirmək niyyətində olduğunu bildirdi. O, uşaqların sağlam böyüməsinin dövlətimizin siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğuladı.
Xəstəxana ilə tanışlıq zamanı Mehriban Əliyevaya burada çalışan azərbaycanlı həkimləri də təqdim etdilər. Onlar vaxtilə görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Moskvada təhsil aldıqlarını söylədilər və bunun üçün öz minnətdarlıqlarını bildirdilər.
Mehriban xanım Əliyevanın özü ilə gətirdiyi azərbaycanlı uşaqların əl işləri böyük maraq doğurdu.
Hörmətli qonaq xəstəxanada müalicə olunan uşaqlar və onların valideynləri ilə də görüşdü. Azərbaycan Prezidentinin xanımı uşaqlarla xatirə şəkli çəkdirdi.
Xəstəxana ilə tanışlıqdan sonra Mehriban Əliyeva həkimlərlə söhbət etdi. O, birinci Moskva Tibb İnstitutunda təhsil aldığı illəri xatırlayaraq dedi ki, həkimlik çox şərəfli peşədir. Uşaqların müalicəsi isə daha çətin olduğuna görə, onlara şəfa verən həkimlər daha xeyirxah və məsuliyyətli missiyanı yerinə yetirirlər. Azərbaycan Prezidentinin xanımı xəstəxana rəhbərliyi ilə daha çox azərbaycanlı uşağın burada müalicə olunması barədə işgüzar söhbət apardı.
Xəstəxananın rəhbərliyi Mehriban xanım Əliyevanı böyük ehtiramla yola saldı.
AzərTAc
2004, 11 fevral