Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanda tikdirdiyi qızlar məktəbi istifadəyə verilmişdir
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, beynəlxalq əlaqələrini genişləndirən Heydər Əliyev Fondunun Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində qızlar üçün inşa etdirdiyi yeni məktəb binası fevralın 9-da istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan-Pakistan parlamentlərarası işçi qrupunun rəhbəri Eldar İbrahimov, Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli, Pakistanın rəsmi dairələrinin, şəhər hakimiyyətinin nümayəndələri, inşaatçılar, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
Mərasimdə çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya bu xeyirxah işinə görə dərin minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun bu layihəsi 2005-ci ildə baş verən güclü zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəbin yenisi ilə əvəzlənməsinə imkan yaratmışdır. Layihə çərçivəsində qısa müddətdə inşa olunan yeni təhsil ocağında müasir tələblərə cavab verən 10 sinif otağı, fənn kabinetləri, kitabxana və idman zalı vardır. Təhsil ocağı yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqla təmin olunmuşdur.
“Yeniləşən Azərbaycana yeni məktəb” Proqramını uğurla həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə indiyədək Azərbaycanda 200-dən artıq məktəb binası tikilib istifadəyə verilmişdir. Təhsil sahəsinin inkişafına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun Pakistanda inşa etdirdiyi yeni məktəb binası “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.
Xalq qəzeti.- 2008.- 10 fevral.- № 31.- S. 2.