Nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan fəaliyyət
Zamandan, məkandan və siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin mütərəqqi ruhda inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olmuşdur. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirmiş, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanmışlar.
Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi olan ən mühüm keyfiyyətlərdən biri də milli-mənəvi və bəşəri dəyərlərin inkişafına layiqli töhfələr verməklə yanaşı, qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. İndi biz xalq olaraq böyük qürur duyğusu ilə deyə bilirik ki, narahat dünyamızda nəcib və ali məqsədlər, bəşəri ideyalar naminə çalışan, insan amilini daim uca tutan xoşməramlı səfirlər sırasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milil Məclisin deputatı Mehriban Əliyevanın adı xüsusi çəkilir.
Onun çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir: O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Bəli, yaradılarkən çoxlarının yalnız xeyriyyəçilik yönümündə fəaliyyət göstərəcəyini zənn etdiyi fond zaman baxımından qısa müddətdə reallaşdırdığı çoxşaxəli layihələrin miqyası ilə gözlənildiyindən xeyli böyük amalları uğurla gerçəkləşdirmişdir. Ümummilli liderin ideyalarını yaşadaraq, qısamüddətli fəaliyyəti dövründə bu nüfuzlu qurum elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafına xidmət edən layihələrin reallaşdırılması; milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılması; gender bərabərliyinin təmini; sivilizasiyalararası dialoqun təşviqi; nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması - xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə imza atmış, dərin ictimai rəğbət qazanmışdır.
Ulu öndərin adı ilə bağlı fondun cəmiyyətdə layiqli yer tutmasını, Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik fəlsəfəsini davam etdirməsini ən ali məqsədlərdən biri kimi müəyyənləşdirmiş Mehriban xanım Əliyevanın mövqeyi bundan ibarətdir ki, hər bir insanı, hər bir təşkilatı təmtəraqlı sözlər, tərif və parlaq epitetlər yox, gördüyü işlər, əldə edilən nəticələr xarakterizə etməlidir. Hər bir insanın həyatda öz yaşam fəlsəfəsinin olduğunu deyən Mehriban xanım Əliyevanın fikrincə, heç də vacib deyil ki, şəxs bu fəlsəfəni sözlərlə izah etsin. Bu həyat fəlsəfəsi istər-istəməz onun hərəkətlərində, əməllərində özünü büruzə verəcəkdir. Mehriban xanım hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.
Heydər Əliyev Fondunun nəcibliyə, insanpərvərliyə və humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti ilk gündən ictimai həyatın bütün sahələrində milli-mənəvi və intellektual tərəqqini təmin etməyə yönəlmişdir. Qurumun uğurlarını təmin edən başlıca amillərdən biri də ictimai dəstəyə ehtiyac duyan sahələri dəqiqliklə müəyyənləşdirərək dövlət səviyyəsində gerçəkləşdirilən layihələrə əlavə təkan verməsi olmuşdur. Fond bu mənada, həm də cəmiyyətin ən müxtəlif təbəqələrini milli məqsəd və ideallar uğrunda səfərbər edən, ümumi səyləri bir nöqtədə birləşdirən əlahiddə statuslu mərkəzə çevrilmişdir.
Heydər Əliyev Fondunun bu və digər sahələrdəki fəaliyyəti son 12 ildə daim böyük marağa səbəb olmaqla layiqincə qiymətləndirilmişdir. Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi nəcib, xeyirxah, humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Bundan savayı, Azərbaycanın birinci xanımı 2007-ci ildə “Qızıl ürək” beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2010-cu ildə Fransanın Şərəf Legionu ordeninə və UNESCO-nun “Qızıl Mosart” medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyevaya 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı verilmişdir. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə “Birlik ulduzları” mükafatına təqdim olunmuşdur. Azərbaycanın birinci xanımının 2009-cu ildə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə isə “Heydər Əliyev ordeni”nə layiq görülməsi onun çoxşaxəli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Heydər Əliyev Fondunun prezidentinin ölkə hüdudlarını çoxdan adlamış fəaliyyəti bu gün həm də qlobal miqyasda savadsızlığın aradan qaldırılmasına, multikulturalizm ideyalarının təbliğinə, fərqli sivilizasiyaların dialoquna xidmət edir. Son illər Bakıda kimisə qlobal beynəlxalq tədbirlərin keçirilməsi xəbərləri ilə təəccübləndirmək olmur. Şübhəsiz, bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bunun nəticəsi olaraq respublikamızın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, III Qlobal Bakı Forumu... Bu ilin aprelində isə respublikamızda 3 minədək qonağın iştirakı ilə daha bir nüfuzlu tədbir - BMT-nin Silizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçiriləcəkdir.
Şübhəsiz, bu və digər beynəlxalq tədbirlərin Bakıda keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan xarici diplomatik fəaliyyəti ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də müstəsnadır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın birinci xanımı “Bakı-2015” I Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə, habelə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə bir müddət əvvəl ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatına layiq görülmüşdür. Martın 1-də isə mükafatın təntənəli şəkildə təqdimolunma mərasimi keçirilmiş, burada Mehriban xanım Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Ötən il I Avropa Oyunlarının Təşkilat Komitəsinə uğurla rəhbərlik etmiş Heydər Əliyev Fondunun prezidenti bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanmasını və başa çatdırılmasını təmin etmişdir. Yüksək komanda işinə, Vətən, torpaq, yurd sevgisinə görə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın I Avropa Oyunlarından dərhal sonra - 2015-ci il iyunun 29-da ölkə başçısı tərəfindən “Heydər Əliyev ordeni” ilə təltif olunması da bu əzmkar fəaliyyətə verilən adekvat qiymət olmuşdur.
Bu günlərdə - martın 6-da Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu ölkənin ən ali mükafatı - “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni ilə təltif olunmuşdur. Baş nazir çıxışında xüsusi vurğulamışdır ki, bu orden macar xalqını özündə təcəssüm etdirir və Macarıstan Prezidentinin qərarı ilə təqdim olunur. “Bu münasibətlə biz bütün macar xalqının Sizə olan hörmət və ehtiramını ifadə edirik. Bu ordeni cənab Prezidentin həyat yoldaşına yox, məhz dünyada ən tanınan Azərbaycan xanımına təqdim edirik”. Mehriban xanımın həyata keçirdiyi xeyriyyəçilik fəaliyyəti ölkələr arasında təşəkkül tapmış münasibətlərin inkişafına da böyük töhfələr verir.
8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycanın birinci xanımının ölkədə qadın hərəkatına inamla liderlik etməsi faktı üzərində də xüsusi dayanmaq lazımdır. Mehriban xanım Əliyeva çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Azərbaycanda qadın fəallığı ənənələrinin tarixi kifayət qədər rəngarəngdir: massagetlərin məğrur çariçası Tomris, qəhrəman qadın hökmdar Nüşabə, Şirvana hücum edən Krım xanını və osmanlı qoşunlarını məğlub etmiş Heyran Nisə Bəyim, orta əsrlər tariximizdən Qızıl Arslanın xanımı Qətibə xanım, orta əsrlər dövründə qadının həyat yoldaşı seçimində azadlıq hüququnu tərənnüm etmiş Məhsəti Gəncəvi, qoca Şərqin ilk diplomat qadını Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu, mərkəzləşdirilmiş Azərbaycan dövlətinin yaradıcısı Fətəli xanın həyat yoldaşı Tuti Bikə, Şuşada ilk ədəbiyyat məclisi yaratmış Xurşudbanu Natəvan və fəaliyyətləri əfsanəyə çevrilərək təfəkkürümüzə hopan neçə-neçə Azərbaycan qadını haqqında düşüncələr bu rəngarəng palitranı daha da əlvanlaşdırır.
1918-ci ildə seçki hüququ qazanan Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər yüksəliş yolu keçərək müasir inkişaf səviyyəsinə çatmışdır. Bu gün qadınlarımız təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalararası mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, elmi-humanitar və mədəni əməkdaşlığının dərinləşməsində genişmiqyaslı işlər görürlər.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti də buna ən bariz sübutdur. Son illər məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib bəşəri ideyalar üstünlük təşkil etmişdir.
Hələ 2008-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. Azərbaycanın birinci xanımı həmin tədbirdə bütün qadınları mədəniyyətlərin dialoqu və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağıraraq demişdir: “...Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər. Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu həm Şərqə, həm də Qərbə kömək edə bilər”.
Qadın hüquqlarının qorunması, qadınlara qarşı zorakılıq və qeyri-insani rəftar formalarının qarşısının alınmasına yönəlmiş kompleks tədbirlər də Heydər Əliyev Fondunun fəaliyyətində xüsusi yer tutur. Fondun təşəbbüsü ilə hələ 2010-cu il may ayında Bakıda təşkil olunmuş “Gender bərabərliyi: de-yure və de-fakto gender bərabərliyinin təmin olunması” mövzusunda beynəlxalq konfransda bütün bu məsələlərə də diqqət çəkən Mehriban xanım Əliyeva respublikamızda qadınlara tarixən hörmətlə yanaşıldığını da xüsusi vurğulamışdır. Bildirmişdir ki, ümumiyyətlə, hər cür zorakılıq və işgəncə humanizm, insanpərvərlik, mərhəmət kimi ali dəyərlərə zidd olan qeyri-əxlaqi davranış norması kimi azərbaycanlı milli düşüncə sistemində birmənalı qəbul edilmir. Ahıllara, böyüklərə, qadınlara, uşaqlara yüksək ehtiram və hörmət xalqımızın tarixən tapındığı milli-mənəvi, dini görüşlərin əsas qayəsində dayanır: “Bizi narahat edən digər problem məişət zorakılığıdır. Hətta ən inkişaf etmiş cəmiyyətlərdə qadınlar müxtəlif növ zorakılığa məruz qalırlar. Azərbaycan da istisna deyildir. Digər ölkələrdə olduğu kimi, bizim ölkədə də məişət zorakılığını müəyyən etmək çox çətin olur. Bununla belə, qadınlar və uşaqlara qarşı hər hansı zorakılıq, hətta bir hadisə olsa belə, qəbuledilməzdir. Qeyd etmək istəyirəm ki, ənənələrimiz və mentalitetimizdən istifadə edərək, bu cür davranışa rəvac vermək mənəviyyatsızlıqdır”.
Bir sözlə, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafına, insan hüquqlarının qorunmasına, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Və bu missiya cəmiyyətin hər bir üzvünün böyük rəğbəti, xoş münasibəti ilə qarşılanır.
İradə Əliyeva
Azərbaycan.- 2016.- 8 mart.- № 53.- S. 6.