Çap etmək   ⁞     ⁞   Fond haqqında

Mehriban xanım Əliyeva: "Həyatda hər kəsin yerini və taleyini tarix özü müəyyən edir"


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın özü cəmiyyətin sabahı olan uşaqlara qayğı, mədəni irsimizin dünyada tanıdılması üçün göstərdiyi fəaliyyətlə hamıya nümunədir.

Bu gün Mehriban xanım Əliyevanın uşaqlara –cəmiyyətin ən çox diqqət və mərhəmətə möhtac olan təbəqəsinə göstərdiyi qayğını görəndə ümummilli liderimizin parlaq və nurani surəti gözümüz önündə canlanır.

Onun fidan balalara münasibətini, onlarla birlikdə qol götürüb oynadığını, sevinclərinə sevinc qatdığını xatırlayanda düşünürsən ki, uşaqları Heydər Əliyev kimi sevən, əzizləyən ikinci bir Şəxs ola bilməzdi. Bu sevginin, bu əzizləmənin nəticəsi idi ki, "Heydər baba!" sözləri uşaqların dillərinin əzbərinə çevrilmişdi.

"Gəlin ocağa çəkər"-deyərlər. Mehriban xanım Əliyevanın uşaqlara, xüsusilə valideyn himayəsindən məhrum olan, eləcə də xəstə, fiziki qüsurları olan uşaqlara qayğı göstərməyi öz üzərinə götürdüyünü görəndə bu alicənablığın, böyükürəkliliyin, mərhəmət hissinin haradan qaynaqlandığı aydın başa düşülür. Buna görə də Mehriban xanımı bir müddət əvvəl Bakının internat məktəblərində, xəstə, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş körpələrin təlim-tərbiyə aldıqları uşaq evlərində görəndə onun simasında uşaqların yeni himayəçisinin meydana çıxdığına heç kəsdə şübhə qalmadı.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycan uşaqlarının sağlam, gümrah böyüməsi, onların xoşbəxt gələcəyinin təmin olunması idi. Bu gün Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri məhz bu məsələyə yönəlib. Mehriban xanımın təşəbbüsü ilə ötən ildən başlayaraq ağır vəziyyətdə yaşayan məcburi köçkün uşaqlarına yardım, Bakı şəhərindəki internat məktəblərin və uşaq evlərinin təmiri, diabetli və talassemiyalı uşaqlara yardım proqramları həyata keçirilməsi cəmiyyətdə nikbinlik, xoş hisslər doğurdu. Bu günlərdə Heydər Əliyev fondunda "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramının gedişinə həsr edilmiş tədbirdə deyilənlər bu sahədə görülmüş və indi görülməkdə olan işlərin geniş mənzərəsini yaratdı. Məlum oldu ki, fondun fəaliyyət göstərdiyi qısa müddətdə uşaq evlərində və internat məktəblərində çoxlu sayda tədbirlər, şənliklər keçirilmiş, “Talassemiyasız həyat naminə" layihəsi yerinə yetirilmiş, bu layihəyə uyğun olaraq ixtisaslaşdırılmış mərkəz açılmışdır. Daha sonra bildirildi ki, "Uşaq evləri və internat məktəblərinin inkişafı" layihəsinə uyğun olaraq təlim-tərbiyə ocaqlarına baxış keçirilmiş, problemlərin həlli yolları müəyyən olunmuşdur. Regionlardakı uşaq evləri və internat məktəblərinin təmiri, yenidən qurulması da nəzərdə tutulur. Fondun prezidenti Mehriban Əliyevanın məqsədi budur ki, uşaq evlərində və internat məktəblərində ev şəraitinə maksimum yaxın olan şərait yaradılsın, valideyn himayəsindən məhrum olan uşaqlar hər cür qayğı ilə əhatə olunsunlar. Bu alicənablığın, ardıcıl fəaliyyətin nəticəsi artıq özünü göstərməkdədir. Hər şeydən əvvəl qeyd edək ki, ailə ocağının istisindən məhrum olmuş uşaqlara qayğını artırmaq üçün Mehriban xanım Əliyevanın fəaliyyəti, dövlət və özəl təşkilatları bu vacib məsələnin həllinə kömək göstərməyə çağırışı cəmiyyətdə böyük əks-səda doğurmuşdur. Aldığımız məlumata görə, bir sıra dövlət orqanlarının, həmçinin sahibkarların, xeyriyyəçilərin bu çağırışdan sonra yönləri uşaq evlərinə çevrilmişdir. Düşünürük ki, bu uğurlu başlanğıc daimi olacaq, cəmiyyətdə uşaq probleminin qabardılması onların gələcək xoşbəxtliyinə güclü təkan verəcəkdir.

Burada yazıya nöqtə qoymaq olardı. Lakin Mehriban xanımda uşaqların bu gününə və gələcəyinə qayğı ilə yanaşmaq kimi ən nəcib hisslərin özünü açıq göstərməsi, bu sahədə fəaliyyətin daimi olacağına bəslənən inam əlavə bir neçə söz demək zərurəti yaradır. Hər şeydən əvvəl qeyd edək ki, Mehriban xanımın cəmiyyətdə rəğbətlə qarşılanan alicənablığı valideynlərinin, bir də gəlin gəldiyi ocağın ənənəsinin davamıdır.

1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunu təsis etməsi də valideynlərinin və qayınatası Heydər Əliyevin mədəniyyətə, incəsənətə, xalqın tarixinə göstərdikləri ehtiram və diqqətlə bağlıdır. Azərbaycan muğamlarının xarici ölkələrdə tanıdılması və təbliği, YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri siyahısına daxil edilməsi məhz Mehriban xanım Əliyevanın təsisçisi olduğu fondun xidmətidir. Məlumdur ki, bu istiqamətdə göstərdiyi fəaliyyət onu YUNESKO-nun xoşməramlı səfirləri sırasına gətirib çıxarmışdır. Dünyada belə yüksək titula layiq görülənlər isə 42 nəfərdir. Mədəniyyətin, incəsənətin təbliği xalqın, ölkənin, dövlətin təbliği, eyni zamanda, xalqın problemlərinin dünyaya çatdırılması deməkdir. Mehriban Əliyevanın bu istiqamətdə daha böyük uğurlar qazanacağı heç kəsdə şübhə yeri qoymur.

Mövzu ilə əlaqədar bir fikri də əlavə edək.

ABŞ və bəzi digər dövlətlərə rəhbərlik etmiş şəxslərin xanımlarının xeyirxah işləri barədə çoxlu sayda fakt məlumdur. Məsələn, ABŞ-ın keçmiş prezidentinin xanımı Hillari Klinton bu sahədə daha qabağa gedərək ölkənin tanınmış və nüfuzlu siyasətçiləri sırasına çıxmışdır. Üç ildən sonra keçiriləcək prezident seçkilərinə hazırlaşan Demokratlar partiyası onun namizədliyini müdafiə etmək əzmindədir.

Azərbaycanda isə birinci xanımın xeyirxahlıq fəaliyyəti təzə məsələdir. Bu mənada, onun həyata keçirdiyi, planlaşdırdığı işlər özünü Azərbaycanda ən ağır vəzifə yükünün altına verən Prezident İlham Əliyevin siyasi fəaliyyətinə bir bütövlük və əzəmət gətirməsi göz qabağındadır.

Son olaraq qeyd edək ki, Mehriban xanım Əliyeva bu günlərdə YUNESKO-nun Paris şəhərində keçirilən illik iclasında iştirak edir. Bu beynəlxalq təşkilat onun Azərbaycanda və Cənubi Qafqaz regionunda mədəni irsin qorunması, təhsilin və idmanın inkişafında xidmətlərini yüksək qiymətləndirir. YUNESKO-nun saytında Mehriban xanım Əliyeva haqqında xüsusi səhifə açılması, fəaliyyəti barədə geniş məlumat verilməsi bu fikri təsdiq edir.

Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, ölkəmizdə təhsil, idman, uşaq problemlərinin həlli istiqamətində göstərdiyi fəaliyyətdə Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar, parlaq nəticələr arzu edirik.


Telman Qafar

İki sahil.- 2005.- 3 mart.- № 49.- S. 3