Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Masallı rayonunun Təzəkənd məktəbində olmuşdur
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sentyabrın 9-da, dövlətimizin başçısının cənub bölgəsinə səfəri çərçivəsində Masallı rayonunda tikintisi yenicə başa çatmış Təzəkənd məktəbində olmuşdur. İnşaatçılar, müəllimlər, məktəblilər, valideynlər Mehriban xanımı səmimiyyətlə qarşıladılar. Hörmətli qonağa gül dəstəsi təqdim olundu. Fondun prezidentinə məlumat verildi ki, 22 sinif otağı olan məktəb binası cəmi 42 günə inşa edilmişdir. Burada 35 müəllim 500-dək şagirdin təlim-tərbiyəsi ilə məşğul olacaqdır.
Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilmiş yeni tədris ocağının tikintisindən olduqca razı qalan kənd sakinləri Mehriban xanıma təşəkkürlərini bildirdilər, ona xalqımızın gələcəyi naminə xeyirxah işlərində uğurlar arzuladılar.
Mehriban Əliyeva rəhbərlik etdiyi fondun vəsaiti hesabına "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində gələn il respublikamızda daha 500 məktəb binasının tikiləcəyini bildirdi.
YUNESKO-nun xoşməramlı səfiri sonra kənd sakinləri ilə səmimi söhbət etdi, onların qayğıları və problemləri ilə maraqlandı, yeni məktəbdə çalışacaq müəllimləri, təhsil alacaq şagirdləri təbrik edərək uğurlar arzuladı, onlarla xatirə şəkli çəkdirdi.
Xalq qəzeti.- 2005.- 10 sentyabr.- № 210.- S. 6.