Çap etmək   ⁞     ⁞   Azərbaycanın birinci xanımı

Birinci xanımlar Türkiyədə görüş keçirirlər

Mehriban Əliyeva: "Dillərin danışmadığı yerlərdə musiqi dil açır"


Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Türkiyədə səfərdədir. "Haberler" portalının məlumatına görə, M. Əliyeva dünən Bilkənt otelində Beynəlxalq Mədəni İrs və Musiqi Konqresinə qatılıb və eyni zamanda Bilkənt Universitetinin qurucusu olan mərhum İhsan Doğramacının qəbrini ziyarət edib. Məlumata görə, M. Əliyeva ilə yanaşı Litva, Makedoniya və Sloveniya prezidentlərinin xanımları da sözügedən tədbirdə iştirak edirlər. Hətta birinci xanımların tədbir çərçivəsində Türkiyənin ev sahibliyi ilə Ankarada bir araya gələcəkləri deyilir. Bilkənt Universitetindən verilən yazılı açıqlamaya görə, Türkiyə prezidentinin xanımı Heyrannisə Gülün sədrliyi ilə keçirilən toplantının əsas mövzusu budur ki, qarşıdurmaların artdığı müasir dünyamızda analar səslərini daha da ucaltmalıdırlar.

Prezident xanımlarını sülh, millətlərarası sevgi, hörmət və uşaqlar üçün bir araya gətirən tədbirdə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay, professorlar Tələt Halman, Nəbi Ovcu, Lorin Maozel, İdil Biret, Gülsin Onay və Gürər Aykalla yanaşı Azərbaycan, Litva və Makedoniyadan bir sıra musiqiçi, eyni zamanda ABŞ və Sloveniyadan bəstəkar və musiqi sahəsində araşdırmaçılar da qatılıb. Tədbirdə çıxış edən Türkiyə prezidentinin xanımı H. Gül bildirib ki, insanlar həmişə öz fikirlərini musiqi ilə ifadə ediblər. Bu səbəbdən də dünyada yeganə ortaq dil elə musiqidir. Xanım Gül insanlar arasında qardaşlıq və bərabərlik duyğusunu gücləndirmək üçün ən təsirli vasitələrdən sayılan musiqinin qorunması məqsədilə ölkələrarası layihələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib: "Regional musiqi təhsili proqramları hazırlanması, ölkələrimizdəki bənzər mahnı və çalğı alətlərinin xalqlarımıza tanıdılması da diqqətdə saxlanılmalıdır". Azərbaycan prezidentinin xanımı M. Əliyeva isə musiqinin beynəlxalq əhəmiyyət daşıdığını, heç bir dairəyə, tərcüməyə ehtiyac duymadığını bildirib: "Musiqi elə bir fenomendir ki, bütün duyğuların, düşüncələrin tərcüməsi ola bilir. Dillərin danışmadığı yerlərdə musiqi dil açır".

Məlumata əsasən, Azərbaycanın xalq artisti Alim Qasımov və Makedoniya xalq rəqsləri ansamblı tədbir ərəfəsində konsert proqramları ilə çıxış edəcəklər.


Həftə içi.- 2010.- 5 noyabr.- № 203.- S. 1, 2.